Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:24

Türk qəzetləri Türkiyə-Ermənistan münasibətləri barədə


Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi
Ertuğrul Özkök («Hürriyet» qəzetinin baş redaktoru)

Sürixdəki o an mənim üçün maraqlıdır

Fərqindəsinizmi 10 oktyabr - şənbə günü tarixi bir anı yaşamağa hazırlaşırıq. Türkiyə ilə Ermənistan XX əsrin ilk rübündə başlayan bir «qan davası»nın həlli yolunda çox önəmli addım atacaqlar. Mən illərdən bəri bu prosesi dəstəkləyirəm. Ona görə də şənbə günü Sürixdəki mərasimi maraqla, bir az da narahatlıqla gözləyirəm. Dünən bu məsələni yaxşı bilən bir səlahiyyətli şəxslə danışıb məni maraqlandıran sualların cavabını aldım.

Birinci sual belə idi:

- Srağagün İsveçrə imza mərasiminin təfərrüatı ilə bağlı açıqlama verəcəkdi. Bu açıqlama niyə verilmədi? Buna erməni diasporası mane olurmu?

- Ermənistan iqtidarının təzyiq altında olduğu şübhə doğurmur. Ancaq şənbə günü protokol qəti şəkildə imzalanacaq. Buna şübhə yoxdur.

- Elə isə niyə açıqlama verilmədi?

- Bu, İsveçrənin qərarıdır.100% texniki bir məsələdir. Protokolun imza mərasiminə bəzi şəxsiyyətlər dəvət ediləcək. Məsələni onlar müəyyənləşdirə bilərlər. Bundan başqa, mərasimlə bağlı bəzi təfərrüatlar dəqiqləşsin deyə, açıqlamanı təxirə sala bilərlər.

- İmza mərasiminə kimlər dəvət ediləcək?

- ABŞ və Rusiyanın iştirakı mümkündür.Daha çox siyasi şəxslər gələ bilərlər.

- Güclü bir erməni diasporası olan Fransa necə?

- Onlar da iştirak edə bilər.Niyə olmasın ki?

Mərasim mənim üçün maraqlı olduğuna görə, onu gözümün önündə canlandırmağa çalışıram. İsveçrə deyən kimi, hər türkün ağlına «Lozanna sazişi» gəlir. Ortada böyük bir masa. Masanın yanında türk və erməni nümayəndələri. İmzalar atılır:

- Həqiqətən belə bir mərasim olacaqmı?


- Yox, ağlınıza belə bir mərasim gəlməsin. Biz sülh sazişi yox, bir protokol imzalayırıq. Ona görə də Lozannadakı kimi bir masa olacağını zənn etmirəm. İmzanı Türkiyə və Ermənistan Xarici İşlər nazirləri atacaqlar. Məncə, hər iki tərəfdən 5 dəqiqəlik çıxışlar da ola bilər. Təbii ki, İsveçrə adına da bir nitq olacaq.

- Mərasim harda keçiriləcək?

- Bu açıqlamaları İsveçrə hökuməti verəcək. Hazırda biz də bilmirik. Deyəsən, iki-üç yer müəyyənləşdiriblər. Ancaq təhlükəsizliyə görə açıqlamaya bilərlər.

- Protokolda bu günə qədər bizim bilmədiyimiz şeylər olacaqmı? Bir sürprizlə qarşılaşa bilərikmi?

- Qəti şəkildə elə bir şey ola bilməz. Protokol deyilən şey-sazişlər ierarxiyasında yüksək səviyyələrdə deyildir. Hətta bunların Məclisdə ratifikasiya edilmə məcburiyyəti də yoxdur. Ancaq bu, atdığımız addımın önəmli olmadığı mənasını daşımır. Əksinə çox önəmli bir addımdır.

- Bu nöqtəyə gəlmək üçün İsveçrədə neçə iclas keçirildi? Başqa görüşlər oldumu?

- Səhv etmirəmsə, İsveçrədə 3 və ya 4 iclas oldu. Ancaq bundan əlavə başqa ölkələrdə də görüşlər oldu. Məsələn, bu yaxınlarda BMT Assambleyasının açılışında da görüşlər keçirildi. Bundan başqa, yüzlərlə telefon danışıqları var.

- Ermənistanla bizim bilmədiyimiz görüşlər oldumu?

- Yox, olmadı.

Bu prosesləri yaxından izləyən səlahiyyətli şəxslə görüşümdə ağlıma gələn suallar bunlar idi. Şənbə günü Sürixdə keçiriləcək imza mərasiminə çox əhəmiyyət verirəm. Türkiyə bu vaxta qədər prosesi yaxşı idarə etdi. Başda prezident Abdullah Gül və Baş nazir Tayyib Ərdoğan olmaqla, bir çox adam əlini daşın altına qoydu. Bundan əlavə, Azərbaycanla həmrəylik duyğusundan da geri addım atılmadı. Ona görə də bu uğurlu diplomatiyanın ilk tac mərasimini maraqla gözləyirəm.
XS
SM
MD
LG