Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Bu qanun qəbul olunsa…


«Son dövrlər Azərbaycan qanunvericiliyinə əlavə edilən dəyişikliklər az-çox mümkün olan imkanları da heçə endirməyə xidmət edir»
«Son dövrlər Azərbaycan qanunvericiliyinə əlavə edilən dəyişikliklər az-çox mümkün olan imkanları da heçə endirməyə xidmət edir»
BU, O DEMƏKDİR Kİ, JURNALİSTLƏR ÜMUMİYYƏTLƏ MƏHKƏMƏDƏN YAZMASINLAR»

«Tutaq ki, hansısa bir nazir tutulur. Onun məhkəməsində təqsirləndirilən şəxslərdən biri durub jurnalistlərə deyəcək ki, sizin reportajlarınız mənim haqqımda ictimaiyyətdə pis təsəvvür yaradacaq. Buna görə məhkəmədən xahiş edəcək ki, proses qapalı keçirilsin. Ona görə də bu qanunun qəbulu diktafonları, fotoaparatları əlindən alınmış biz jurnalistlərin əl-qolunu bağlayır ki, ümumiyyətlə məhkəmədən yazmasınlar».

Bu, «Yeni Müsavat» qəzetinin müxbiri Elşən Balaxanlının fikirləridir. O hesab edir ki, «Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə» qanun layihəsi parlamentdə qəbul olunsa, məhkəmələr və məmurlar onun bəzi müddəalarından sui-istifadə edəcəklər. Nəticədə korrupsiya, rüşvət, eləcə də vəzifəli şəxslər tərəfindən yol verilmiş qanunsuzluqların ictimailəşməsi mümkün olmayacaq. Müxbirin sözlərinə görə, indiyədək onsuz da bir sıra adi məsələləri «dövlət sirri» adlandırıb jurnalistlərin prosesdə iştirakını əngəlləyirdilər. İndi isə bunu qanuni şəkildə edəcəklər.

«BU SƏNƏD MƏHKƏMƏLƏRİN FƏALİYYƏTİNDƏN İNFORMASİYA ALMAĞA ÇOX GÖZƏL ŞƏRAİT YARADACAQ»

Bu günlərdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sözügedən qanun layihəsini müzakirə edib.
Azay Quliyev
Layihə artıq Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Komitənin üzvü, deputat Azay Quliyev isə deyir ki, bu sənəd parlamentdə qəbul olunsa, məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək üçün çox gözəl şərait yaranacaq:

«Ümumiyyətlə, mən deyərdim ki, bu qanun indiyə qədər atılmış addımların məcmusudur. Yəni deyək ki, məhkəmələrin çıxartdığı qərarların nəşri ilə bağlı məsələ burada bir daha öz əksini tapıb. Bu, bütövlükdə məhkəmələrin fəaliyyətində şəffaflığın təmin olunmasında, qərarların qəbulunda ədalətlilik prinsipinin daha da inkişaf etdirilməsində müstəsna rol oynaya biləcək bir təşəbbüsdür».
MADDƏLƏR

«Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə» qanun layihəsinin 3.0.4-cü maddəsində deyilir ki:

«Məhkəmələrin fəaliyyəti haqqında informasiya təqdim edərkən vətəndaşların şəxsi və ailə toxunulmazlığı hüquqlarına, məhkəmə prosesi iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərə riayət edilməlidir».

Yaxud 3.0.5-ci maddə:

«Məhkəmələrin fəaliyyəti haqqında informasiya təqdim edilərkən ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxiləyə yol verilməməlidir».

Maddə 4.1-də isə qeyd olunur ki:

«Məhkəmələrin fəaliyyəti haqqında informasiya dövlət sirrinə və ya qanunla qorunan digər sirlərə aiddirsə həmin informasiyanın əldə edilməsi məhdudlaşdırılır».

«MƏHKƏMƏLƏR BU QANUNDAN ÖZ BİLDİKLƏRİ KİMİ YARARLANACAQLAR»

Hüquq Maarifçiliyi İctimai Birliyinin rəhbəri İntiqam Əliyevin fikrincə, son dövrlər Azərbaycan qanunvericiliyinə əlavə edilən dəyişikliklər, qəbul olunan qanunlar jurnalistlərin
İntiqam Əliyev
fəaliyyətinin məhdudlaşdırılmasına, az-çox mümkün olan imkanları da heçə endirməyə xidmət edir. Bu baxımdan onsuz da jurnalistlərin informasiya əldə etməsinə imkan verməyən məhkəmələr bu qanundan öz bildikləri kimi yararlanacaqlar:

«Qapalı keçirilən prosesdən məlumatların, o cümlədən məhkəmə qərarlarının yayılması ilə bağlı xüsusi qaydaların ola bilməsi mümkündür. Amma həddən artıq ümumi normalar ona gətirib çıxarır ki, bu, insanların məlumat almaq hüququnu məhdudlaşdırır. Məndə belə bir narahatlıq var ki, bu normalar da jurnalistlərin, cəmiyyətin, insanların məhkəmələrin fəaliyyəti ilə bağlı məlumatları almasını rahatlaşdırmaqdan daha çox bu məlumatların alınmasını əngəlləməyə yönəlib».

İ.Əliyev deyir ki, Azərbaycanda informasiya əldə etmək haqqında qanun var. Həmin qanun ümumi prinsipləri müəyyənləşdirir. O cümlədən məhkəmələrdən informasiya alınması ilə bağlı qaydaları, proseduraları tənzimləyir. Təəssüf ki, bu sənədi qəbul etməklə həmin qanunun normaları da pozulur

«Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə» qanun layihəsinin oktyabrın 16-da parlamentdə müzakirəsi nəzərdə tutulur.
XS
SM
MD
LG