Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:08

Protokol ustası


İsveçrədə protokolların imzalanması, 10 oktyabr 2009
İsveçrədə protokolların imzalanması, 10 oktyabr 2009
Fikrət Bila («Milliyet»)

ERMƏNİSTANLA MÜNASİBƏTLƏR SURİYA KİMİ OLARMI?

Suriya ilə münasibətləri inkişaf etdirən Ankara Ermənistanla da yeni bir səhifə açdı. İki ölkənin imzaladığı protokollar diplomatik münasibətlər yaradılmasını, sərhəd məntəqəsinin açılmasını nəzərdə tutur. Türkiyə ilə Ermənistanın yaxınlaşması dünya tərəfindən yaxından izlənir. ABŞ, Rusiya və Avropa Birliyi nümayəndələrinin iştirak etdiyi mərasimdə protokollara qol çəkilməsi dünya mətbuatı tərəfindən «tarixi addım» kimi qiymətləndirildi.

Şübhəsiz, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qafqazın sabitliyi üçün çox önəmli bir zəmin yaradır. Ancaq bu prosesin Ankara-Dəməşq prosesi qədər asan və sürətlə irəliləməsi mümkün deyil.

Türkiyə ilə Ermənistan arasındakı ixtilafların tarixçəsi və Azərbaycan faktoru bu çətinliyin başlıca səbəbləridir. Həm Türkiyə, həm də Ermənistan baxımından idarə edilməsi asan olmayan faktorlar vardır. Protokollar imzalandığı gün yaşanan böhran da bu faktorların önəmini göstərdi.

Ermənistanın nöqteyi-nəzərindən Azərbaycan torpaqlarından çıxmaq, Türkiyənin sərhədlərini rəsmən tanımaq, «soyqırımı» iddiasından vaz keçmək asan olmayacaq. Protokolların təsdiqi prosesində Ermənistan bu məsələ ilə bağlı öhdəlik götürməməyə çalışır.

Türkiyə üçün isə Ermənistan Türkiyə sərhədlərini tanımadıqca, «soyqırımı» iddiası və Azərbaycandakı işğal davam etdikcə sərhədləri açmaq və diplomatik münasibətlər yaratmaq heç də asan deyil. Bundan sonrakı proseslər Ermənistanın izləyəcəyi siyasətə bağlıdır.

Melih Aşık («Milliyet»)

PROTOKOL USTASI

Protokol hazırlamaq məsələsində Gül-Ərdoğan cütünün böyük təcrübəsi və uğurları var. Avropa Birliyi ilə Kipr protokolunu imzaladılar. Kipr yunanlarını tanımaq üçün söz verdilər. Sonra ağılları başlarına gəldi - protokolu Məclisə göndərməyərək prosesin qabağını aldılar. Bu ilin axırına qədər limanları açıb Kipr yunanlarını tanımaq üçün addım atmasaq, başqa tədbirlər görəcəklər. Protokol bicliyimiz tərsinə işlədi.

Ermənistan protokolunda da eyni yolla gedilir. Baş nazir Ermənistan qarşısına şifahi şərt qoyur:

«Qarabağda işğala son qoyulmadan protokolları Məclisdən keçirmərik».

Yaxşı, bunu başa düşdük. Ancaq Qarabağdakı işğala son qoymaq üçün Ermənistan bizə bir söz veribmi? Yox.

Görünən nəticə: 24 aprel yaxınlaşdıqca ABŞ getdikcə artan dozada təzyiq göstərəcək, protokollar Məclisdə təsdiq ediləcək. Bu dəfə də Azərbaycanı itirəcəyik. Qonşularla mehribanlıq prinsipi yaxşıdır. Suriya ilə yaxınlaşmağımız təqdirəlayiqdir. Sərhədi açaq, hətta onu tamamilə ləğv edək. Ancaq bütün bunları öz iradəmiz və qürurumuzla edək. Onun-bunun təlimatı ilə, ona-buna yaltaqlanaraq yox. Bir ölkə ilə barışarkən başqa bir ölkəni küsdürərək yox. Türk millətini üçüncü sinif müstəmləkə ölkəsinə çevirərək yox.
XS
SM
MD
LG