Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:07

Pensiya yaşı artırılır


Azərbaycanda orta ömür həddi təxminən 72 yaşdır
Azərbaycanda orta ömür həddi təxminən 72 yaşdır
- Camaatın çoxu heç 63 yaşına çatmır. 50 yaşına çatırsan, heç yerdə iş tapmırsan. Neyləməlidir, acından ölməlidir? Düzgün deyil, əksinə, bir az azaltmalıdırlar ki, camaat da yaşaya, dolana bilsin.

Uzun illər sürücü işləyən Ramiz Axundovun bir neçə aydan sonra 60 yaşı tamam olacaq. Səbirsizliklə son iki ili də gözləyirdi ki, pensiya yaşı çatsın, o da hökumətdən pul alıb gününü keçirsin. Amma Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təklifləri Milli Məclisdən keçsə, onda Ramiz dayı iki yox, üç il gözləməli olacaq:

- Sonra da deyirlər ki, adamlar uzun müddət yaşamır. Mən bununla razı deyiləm. Gedib uşaqların kölgəsində yaşamalısan. Mən istəmirəm bunu.

Milli Məclisdə pensiya yaşının artırılmasıyla bağlı müzakirəsi gözlənən təklif təkcə Ramiz Axundovun yox, bir çoxlarının narazılığına səbəb olub. Amma narazıların arqumentləri barədə bir azdan sonra.

«ORTA ÖMÜR HƏDDİ ARTDIĞI ÜÇÜN PENSİYADA QALMA DÖVRÜ DƏ ARTIR»

DSMF-nın aparat rəhbəri Əjdər Cəbiyev deyir ki, Azərbaycanda orta ömür yaşı artıb. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində də pensiya yaşı artırılır:

- Azərbaycanda pensiyada qalma dövrü orta hesabla 16 il götürülür. Amma orta ömür həddi artdığı üçün pensiyada qalma dövrü də artır.
Dövlət Sosial Müdafiə Fondu
Ona görə də təklif vermişik ki, qadınlarda 57 yaş 60-a, kişilərdə isə 62 yaş 63-ə çatdırılsın. Dünya ölkələrində pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada həm qadınlar, həm də kişilər üçün 67 yaşdır.

Fondun açıqlamasına görə, son dörd ildə pensiyada olma dövrü qadınlar üçün 18, kişilər üçünsə 12 il olub. Pensiyanın məbləği hesablanan zaman isə fərdi uçotda yığılan vəsaitlər qanuna müvafiq 12 ilə, yəni 144 aya bölünür. Ona görə də DSMF hesab eləyir ki, ölkədə insanların ömrü uzandıqca, onların pensiya alma dövrü 12 il civarından çıxır. 12 il həddini saxlamaq üçün də pensiya yaşı artırılmalıdır.

«BU, HÖKUMƏTİN SOSİAL ÖHDƏLİKLƏRİNDƏN İMTİNA CƏHDİDİR»

Bəzi iqtisadçılar isə Fondun adamların orta yaş həddinin uzanmasıyla bağlı arqumentlərini əsassız sayırlar. Məsələn, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, ölkədə orta ömür həddiylə bağlı götürülən rəqəmlər reallığı əks etdirmir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda orta ömür həddi təxminən 72 yaşdır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi isə öz saytında Azərbaycanda orta yaş həddini 66 göstərib.

Azər Mehtiyev deyir ki, hökumət pensiya islahatları aparmaq və Avropa standartlarına yaxınlaşmaq istəyirsə, kifayət qədər həll olunası problem var. Onun fikrincə, pensiya yaşının qaldırılması hökumətin sosial öhdəlikləri yerinə yetirmək imkanlarının azalmasıyla bağlıdır:

- Bunu hökumətin özünün sosial öhdəliklərindən imtina etmək cəhdi kimi qiymətləndirmək olar.
Nazim Məmmədov
Qarşıdakı illərdə pensiya yaşına çatan insanların hamısını pensiya ilə təmin edə bilməmə təhlükəsinə hesablanmış addım da saymaq olar.

NAZİM MƏMMƏDOV: «PENSİYADA QALMA VAXTI ARTIRILMALIDIR»

Millət vəkili Nazim Məmmədov da hesab eləyir ki, pensiya yaşının artımı vaxtından qabaq verilmiş təklifdir. Onun fikrincə, müharibə yaşayan və hələ də onun nəticələrindən xilas olmayan bir ölkənin əhalisinin çox yaşamaqla bağlı problemi var:

- İnsanın vaxtı olmalıdır ki, qocalığını da yaşasın, nəvələriylə ömrünü keçirsin. Ona görə də mən təklif edərdim ki, pensiyada qalma vaxtı əksinə artırılsın - 12 yox, 15 il olsun.

Ancaq bu, verilən təklifə bir millət vəkilinin münasibətidir. Çoxluğun mövqeyi isə müzakirələr zamanı üzə çıxacaq…
XS
SM
MD
LG