Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:09

Bosniyalı fəhlələrin Bakı sərgüzəştləri


Əlövsət Əliyev bosniyalı fəhlələrlə söhbət aparır
Əlövsət Əliyev bosniyalı fəhlələrlə söhbət aparır
QURU ÇÖRƏK VƏ BİR-İKİ DİLİM KOLBASA

Bosniya-Herseqovinadan fəhlə kimi Azərbaycana gətirilən 700-dək fəhlədən 90 nəfərinin qaldığı evi çətinliklə də olsa tapa bildik. Bakının Badamdar qəsəbəsində ikimərtəbəli villada yaşayan bu insanlar 6 ay, 1 il əvvəl Azərbaycana gəldiklərini və müxtəlif tikinti işlərində çalışdıqlarını dedilər. Onların sözlərinə görə, 6 aydır bir qəpik də almırlar. Təxminən 13 gündür isə villada ac-susuz qalıblar.

90 nəfərin qaldığı evin mətbəxində yeməyə quru çörək və soyuducudakı bir-neçə yüz qram kolbasadan başqa heç bir şey yox idi. Onların qaldığı villa isə əsgər kazarmasını xatırladır. Hər fəhlənin çarpayısına və siyirmələrinə onların adı, familiyası yazılıb. Onların dediyinə görə, təxminən iki aydır evə qaz verilmir. Ona görə də mətbəxdə nə isə yemək hazırlamaq, çay qaynatmaq mümkün deyil.
90 nəfərlik fəhlənin soyuducusu
Fəhlələr bizə mətbəxdə alüminium qabda qəribə iy gələn yeməyi göstərib, neçə gündür ki, bununla qidalandıqlarını bildirdilər. Çətinliklə də olsa onlardan biri bizi başa sala bildi ki, sən demə, həmin yemək içərisində bir neçə kartof olan mərci şorbası imiş.

ÖLƏN FƏHLƏNİN HARADA BASDIRILDIĞI MƏLUM DEYİL

Bundan başqa, çimməyə isti su da yoxdur, fəhlələr elə soyuq su ilə çimmək məcburiyyətində qalırlar.

Biz həmin evdə olanda Nasub Ziyad adlı bir bosniyalı qızdırmadan yatırdı. Özü danışmaq istəməsə də, yoldaşları onun neçə gündür şəkərli diabetdən əziyyət çəkdiyini bildirdilər. Onların dediyinə görə, Ziyada indiyə qədər hər hansı tibbi yardım belə göstərilməyib.

«SerbAz» adlanan şirkətdə çalışan əcnəbilər deyirlər ki, yalnız bir dəfə onların yanına polislə birgə həkim gəlib, onda da fəhlələrdən biri ölüm ayağında imiş. Həmin vaxt polis onları vəziyyəti ağır olan xəstəyə yaxın buraxmayıb.
Şəkərli diabetdən əziyyət çəkən Nasub Ziyad
Amma fəhlələrdən biri həyətin ortasında uzadılmış iş yoldaşlarının şəkilini çəkə bilib. Həmin şəxs ölsə də, fəhlələr onun harda basdırıldığından və ya öz ölkələrinə göndərilməsindən xəbərsizdirlər. Onlardan bir neçəsi ölüm ayağında olan yoldaşlarının dalınca getmək istəsə də, polis buna imkan verməyib. Onlar sonra maraqlananda meyitin öz ölkəsinə göndərildiyini deyiblər. Qul kimi işlədilən fəhlələr arasında daha bir ölüm hadisəsi hələ bir müddət əvvəl Mingəçevirdə baş verib.

HAQQINI TƏLƏB EDƏNLƏR CİDDİ CƏZALANDIRILIR

Burda ən gənc fəhlənin 25, ən yaşlının isə 60 yaşı var. Fəhlələrin dediyinə görə, burda öz haqqını tələb edənlər ciddi cəzalandırılır, dəfələrlə onların gözü qarşısında iş yoldaşları döyülüb. Amma iş döyülməklə bitmir, daha sonra həmin fəhlə hansısa qaranlıq otağa salınaraq ac-susuz saxlanılır. Bu müddətdə həmin fəhlə yenə də zorakılıqlara məruz qalır. Həmin fəhlələrin sonrakı taleyi necə olur, bu, onlara məlum deyil.

Miqrantlar Badamdardakı bu villada yaşayırlar
İl ərzində evə pul göndərməmək üzündən artıq fəhlələrin ailələrində də ciddi problemlər yaranmaqdadır. Hətta fəhlələrdən biri ailəsinin onu tərk etdiyini bildirdi.

Fəhlələrə ətrafa çıxmamaq barədə yazılı xəbərdarlıq edilib. Amma buna baxmayaraq, onlar hərdənbir siqaret və çörək almaq üçün yaxınlıqdakı mağazalara çıxırlar.

Biz xarici fəhlələrin olduğu evə çatanda Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev onları ölkələrinə necə yola salmaq barədə müzakirələr aparırdı.

PASPORTLARINI ƏLLƏRİNDƏN ALIBLAR

Bosniya-Herseqovinadan gələn fəhlələrin əksəriyyəti serblərdir, qalanlar isə xorvatlardır.

Bu fəhlə deyir ki, evə pul göndərə bilmədiyi üçün həyat yoldaşı onu tərk edib
Bosniya-Herseqovinanın Ankaradakı konsulunun hazırda Bakıda olduğu bildirilsə də, hələ ki, serblərlə görüşə gələn olmamışdı.

Fəhlələrdən onların pasportlarını soruşduq, məlum oldu ki, elə gələn gündən əllərindən alıblar, haradadır heç kim bilmir. Oktyabrın 23-də təxminən 10 bosniyalı əməkhaqqının bir qismiylə təmin olunub, polis nəzarəti altında aeroporta aparılıb. Onların ölkədən deportasiya olunduğu bildirilir.

Biz hələlik 90 bosniyalının yaşadığı ünvanda ola bildik. Badamdar qəsəbəsində daha bir neçə yerdə 100-120 nəfərin bir evdə qaldığı məkanlar var, bunu bosniyalıların özləri deyir. Həmin bosniyalıların taleyini diqqətdə saxlayacağıq, «SerbAz» şirkətinin mövqeyini də öyrənməyə çalışacağıq.
XS
SM
MD
LG