Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:27

Murad Köhnəqala "Bulud pinəçisi"


"-Biiir, ikiii, üççç… Başladı! Gəlin, hamınız bura gəlin. Atam yenə yazmağa başladı". - Bu sözləri qızım Zeynəb deyir.

Onun beş yaşı var. Elə əsərin qəhrəmanı da hələlik, deyəsən, odur.

Yəqin mən öz əsərimi yazanda qızım üçün teatrabənzər bir şey yaranır.

Evdə var-gəl edirəm, saçlarımı qarışdırıram, sancılanmış adamlar kimi əyilib-qalxıram, nə bilim, əlimlə düşüncələrimi alnıma yığıram, qələmi qulağımın dibinə qoyub stolu taqqıldadıram və sairə.

Mən ilhama gəlib coşanda özümdə olmuram, yəqin qızım uşaqları bu tamaşaya çağırır.

Nə vaxtdır bir əsər yazmağa qurşanmışam. Əsər qızımın dili ilə belə başlayır:

Yenə atam axşam evə qayıtdı. İşdən gəlirdi.

Çiynindəki nəhəng iynəni otağın küncünə - süpürgənin yerinə qoydu. İynənin gözündə həmişə müxtəlif rəngli saplar olur, bu dəfə qırmızı sap vardı. Anam deyir ki, atam buludları yamayır.

Harada yağış məqsədəuyğun deyil, gedib orada buludları ağız-ağıza tikir. Atam anama söyləyib ki, onun işi elə də yüngül deyil.

Bəzən buludları tikdiyi yerdə şimşək elə çaxır ki, iynə adamın əlində qızır, yaxud adamın gözü qamaşır, iynə barmağına batır.

Son vaxtlar mavi sap az istehsal olun-duğundan buludları yaşıl, yaxud elə qırmızı sapla tikirlər. Ona görə də bəzən göydə tikiş yerləri əməllicə bilinir. Zərər yoxdu, təki iş getsin.

Qardaşım Mustafa artıq üç yaşına çatıb. Atam deyir ki, böyüyəndə onu da bulud tikənlər məktəbinə qoyacaq.

Atam evə gələn kimi televizora baxır, hava haqqında məlumatlara qulaq asır, özü üçün qeydlər aparır.

Həmişə onun gəlişindən Musctafa ürəklənərək qənd qabından konfet oğurlayır. Anam isə onun şirniyyatı çox yeməyinə mane olur.

Atam işdən evə gələndə ilk növbədə isti və ətirli çay içməyi sevir.

Bir dəfə anam ona qalmış çay süzdüyünə görə atamdan yazılı şəkildə töhmət aldı. Atam komissiya üzvü kimi protokola mənim də adımı saldı.

Və biz töhməti babamın portretilə üzbəüz divardan asdıq. Anam bir də belə səhv hərəkətlərə yol verməyəcəyi haqda qısa bir nitq söylədi.

Başımız anamın nitqinə qarışarkən televizordakı aparıcı kişi ekrandan əlini uzadıb vazadakı şəkərburalardan üçünü necə cəld oğurladığını təkcə mən gördüm. Eynilə Mustafa kimi oğurladı.

Kişinin bu işindən hətta Mustafanın da xəbəri olmadı.

Çünki o, özünün yeni kəşfləriylə məşğul idi. Musta-fanın oyuncaqları çoxdur. Buna baxmayaraq, o, həmişə öz düşüncəsinin məhsullarına daha çox üstünlük verir.

İndi o, hamımızın ayaqqabımızı bir-birinə calayıb da qatar düzəldib. Paravoz isə sözsüz ki, atamın ayaqqabısıdır.

Əlbəttə, anamın ayaqqabıları dikdaban olduğundan ondan paravoz çıxmaz.

Bir də gördün Mustafa öz uzun boyunlu zürafəsinin bəzəkli boynuna uzaqdan kauçuk halqalar atır.

Ola bilər ki, bu, qədim insanların ovçuluq məharətinin inkişafı yollarından bizə bir xəbərdir. Mustafa hələlik yaxşı danışa bilməsə də, həmişə orijinal kəşflərə meyl göstərir.

O, hər şeylə maraqlanan, hər şeyin məğzinə və mahiyyətinə varan bir insandır.

Bu yaxınlarda atamın ona aldığı sapsarı "dənləyən cücənin" sirrini öyrənmək üçün qardaşım oyuncağın içini açdı, oradakı dəmir telləri cözələdi və onun daxili sirrlərinə vaqif oldu.

Yaxud digər bir parlaq misal: üstündə pişik olan mənim elektron qol saatımı ağlayaraq (yəni xahiş edərək) əlimdən aldı və saatın arxasını dartıb açdı.

Saatın mikrosxemasına diqqətlə tamaşa elədi, habelə əsrin möcüzəsinə öz vacib təəccübünü biruzə verdi.

Yox, mən ondan narazılıq eləmirəm, əksinə, biz onunla fəxr edirik.

Bir gün çöldə iri dənəli yağış yağırdı.

Mən yatağımda uzanıb fikirləşirdim ki, yəqin quşlar balaları islanmasın deyə yuvalarının üstündə əlvan çətir tuturlar.

Özü də növbəylə… Əvvəlcə ata quş, o yorulanda isə ana quş.

Çətiri tutmayan tayı isə balalarını bəzəkli qanadlarının altına alıb mürgü döyür, öz növbəsini gözləyir.

Quş balaları isə öz valideynlərinin qanadları altında bir-birilə dimdikləşir, dümsükləşirlər.

Civildəşə-civildəşə isti yuvalarında səhəri açırlar. Sabah açıldımı, valideynlər bir ağız dua oxuyub da yem dalınca qoşurlar. Bu fikirlərdən sonra mən, atamın nə qədər yaxşı bir işlə məşğul olduğunu duydum.

Çünki atam quş yuvalarının da üstündəki buludları tikib yağışı dayandıra bilir.

Mən bu duyğularda olanda Mustafa çoxdan yatmışdı.

Yəqin o, yuxusunda görür ki, böyük bir yük maşını harasa şirniyyat aparır. Maşın gedə-gedə çanağından konfetlər, şokoladlar, marmeladlar ətrafı yaşıl meşəli yola tökülür.

Mustafa da rəngarəng, naxışlı kağızlara bükülmüş konfetləri ciblərinə və qoynuna yığır.

Sürücü isə güzgüdə onu görür, ancaq heç nə demir, əksinə, gülümsəyir, nə bilmək olar, bəlkə arada bir siqnal da verir…

Nə isə Mustafanın yuxusuna çox da qarışmaq istəmirəm.

Bilirəm ki, məni də konfet yığmağa çağırır, ancaq mən onun yuxusuna girmək arzusunda deyiləm. Yuxusunda mənə verdiyi konfet - marmeladları sabah geri istəyə bilər.

Yağışın belə gur yağdığı vaxt birdən həyət qapısı döyüldü.

Atam çölə çıxdı. Anam da saçlarını dəstələyib əynini geyindi.

Mən stulu ayağımın altına qoyaraq, aynabəndin xırda sarı və qırmızı çiçəkli pərdəsini aralayıb, bayıra boylandım və gələnlərin kim olduğunu bilmək istədim.

Gördüm ki, həyətdə, önündə gözəl bir at, arxada isə iki at qoşulmuş gözəl kareta dayanıb. Şıdırğı yağan yağış karetanın üstünə tökülür, oradan da xırda zərrəciklərlə ətrafa yayılır.

Üçü də qara olan bu atlar arabir çaxan şimşəyin işığında parıldayırdılar.

Səbirsizliklə ayaqlarının birini qaldırıb birini qoyur, dırnaqlarında görünən gümüşü nallar parıldayırdı. Atlar fınxırdıqca burun dəliklərindən ağ tüstü çıxırdı. Karetanın içində tavandan asılmış çıraq közərirdi.

Tavanı və divarlarının yarıya qədəri qırmızı məxmərli, aşağısı isə yaşıl məxmərli idi.

Karetanın mənə baxan yan tərəfi xırda qapılı və yuxarısı açıq idi. Qalan tərəflər örtülüydü, arxada və o biri yanında isə balaca pəncərələri görünürdü.

Qabaqda atları sürən adam üçün, yuxarısı yağış-qardan qorunmağa artırma və bir adamlıq oturacaq yerləşdi-rilmişdi. İçində isə iki cərgə, məncə, hər biri üç adamlıq otu-racaq vardı.

Karetanın gümüşü rəngə çalan təkərləri də çox gözəl görünürdü.

Heyf ki, Mustafa bunları görmədi. Mənə baxma, Mustafa o saat həyətə, karetanın yanına çıxardı.

Hə, ora bax, atam eyni libas geymiş üç kişi ilə söhbət eləyir.

Onlar atamı nəyəsə tələsdirirlər. Anam pəncərədən boylanıb: "xeyirdimi görəsən, yoxsa yenədəmi repressiyalar başladı?", - dedi. Səsini eşidib arxamda duran anama tərəf çöndüm.

O, əllərini çənəsinin altında, qollarını sinəsində çarpazlayıb durmuşdu.

Atamın nəslini varlı olduğuna görə, anamın babasını isə folklor topladığına görə, nə vaxtsa sürgün eləmişdilər. Bunu mənə anam danışmışdı.
Birdən bayırda bir gurultu qopdu…

Yüz faiz atamı güllələdilər!.. Mən bilirəm, repressiya olanda adamı güllələyirlər. Anamın rəngi bəmbəyaz, saçları qapqara idi.

Yox, mənim atam ölməməlidi!.. Birincisi, atam ölsə bizi şəhərdə kim gəzdirəcək, gecələr evimizdə xoruldayan kim olacaq?.. İkincisi, əsər axı, hələ tamamlanmayıb. Atam isə əsərin qəhrəmanıdır… Yüz faiz atam sağdı…

Ancaq ürəyimin duyğusunun dibində güllələnmiş atam yerə uzanmışdı, onun üstünə yeyin-yeyin yağış yağırdı.

Pencəyinin altından axan qan yağışa qarışırdı. Şimşək hər dəfə çaxmaq bəhanəsiylə əyilib atamın ağ üzünə baxırdı.

Ona görə də qayıdıb çölə boylanmaqdan, ağlıma gələn bu mənzərənin əslini pəncərənin o üzündə görməkdən qorxurdum…

Nəhayət, yaxınlaşıb pəncərədən bayıra baxdım - atam yoxuydu.

O üç kişi isə yağışın altında cərgəylə, üzü pəncərəmizə sarı durmuşdular.

Birdən qapı açıldı və… atam içəri girdi. Əşi, anama nə deyim… Deməli, onun qorxusunda-kı güllə səsini mən də eşitmişdim.

Atam əynini dəyişməyə keçdi.

Onun qara, göy və şabalıdı rənglərdə məxməri-vilvet qolifeyi şalvarları var. Enli şlyapaları, çəkmələri, çarıqları, çoxdüyməli rəngarəng köynəkləri və sevimli uzunçubuqlu qəlyanı var.

Bu dəfə atam, əynində şabalıdı rəngdə olan şalvarı və üstündə qırmızı, sarı, yaşıl və mavi tüstülərin qarışığına bənzər mənzərəli köynək o biri otaqdan çıxdı.

Onun şalvarı, sinəsində paralel və kürəyində çarpaz duran bir cüt zolaqlı kəmərlə gülməli şəkildə çiyinlərindən asılmışdı.

Bəzəkli köynəyinin qollarında balaca gəmiyə bənzər gümüş düymələr irişirdi.

Taxta maral buynuzuna bənzəyən asılqandan şabalıdı şlyapasını götürdü və uzun güzgüyə baxa-baxa anama və mənə dedi:

"Mən gec gələcəm, siz rahat yatın. Sabah sevimli prezidentimiz "Kəpənək və çiçək" bayramı münasibətilə çıxış etməlidi. Bir neçə yerdə buludları tikmək lazımdır ki, prezidentimizə, kəpənəklərə və güllərə yağış yağmasın".

Sonra atam uzun qara vilvet pencəyini, üstündən plaşını əyninə geydi və nisbətən uzunboğaz ayaqqabılarını - yarımçəkmələrini ayağına taxdı.

Pencəyinin iç cibindən uzunçubuqlu sevimli qara qəlyanını və naxışlı tütün kisəsini çıxartdı.

Anamın gözlərindən oxudu ki, bəs onu bayırda gözləyirlər. Məğrur şəkildə: "Bayırdakılar məni gözləməli-dirlər", - dedi.

Uzunçubuqlu qəlyanını kibritlə alışdırdı. Bir qüllab vurub tüstüsünü göyə buraxdı.

Göy-mavi tüstü atamın şlyapasının səmalarına qalxdı. Atamın üzü, bığı və qaşları gözəlləşdi. Onun belə bir dövlət əhəmiyyətli işə getməsinə görə anamın sifətində bir fəxarət işarəsi vardı.

Sonra atam şlyapasını çıxardı və əyilib məni öpdü.

Onun bığları üzümü daladı, doğma tütün iyi saçlarıma doldu. - "Di, sağ olun, gedin yatın", - dedi və şlyapasını başına qoydu. Sonra ehtiyat üçün saxladığı mavi sap yumağını qoltuğuna vurdu.

Küncdəki parıldayan iynəsini çiyninə alıb qapıdan çölə çıxdı.

DAVAMINI OXU!
XS
SM
MD
LG