Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:01

Donuz qripi «siyasi futbola» çevriləndə


Qrip araq üçün problem deyil, Lvov - 30 oktyabr 2009
Qrip araq üçün problem deyil, Lvov - 30 oktyabr 2009
Donuz qripi Ukraynada siyasi futbola çevrilib - bunu «Wall Street Journal» qəzeti yazır.

Qəzetin fikrincə, həm müxalifət, həm də hakimiyyət Ukraynada donuz qripi xəstəliyinin siyasi istismarı ilə məşğuldur.

Ukrayna prezidenti Viktor Yuşenko cümə günü jurnalistlərə elan elədi ki, Kiyevdə kütləvi yığıncaqlar ləğv olunur: «Çünki donuz qripindən ölümlərin sayı artıq 11-dir».

Ancaq prezidentin dediyi Səhiyyə nazirinin elə həmin gün söylədiyi ilə düz gəlmirdi. Səhiyyə Nazirliyi cəmi bir nəfərin H1N1 virusundan öldüyünü deyirdi.

O da görünməmiş haldır ki, nazirlik prezidentin səhv etdiyini bəyan etdi.

AzadlıqRadiosunun Ukrayna xidmətindən olan Vasil Zilhalov deyir ki, «burda siyasət qripdən çoxdur. Əvvəllər qripdən minlərlə adam ölürdü, buna fikir verən yox idi. Əksinə belə halları gizlədirdilər. İndi isə Ukraynanın maliyyə vəziyyəti ağırdır, Rusiya qazının pulunu verə bilmirlər, ona görə hakimiyyətin qriplə diqqəti əsas çətinliklərdən yayındırması faktoru var».

RƏQƏMLƏRƏ İNANMAQ OLARMI?


Donuz qripindən Ukraynada nə qədər adam ölüb? Qəribədir ki, bu, dəqiq məlum deyil.

Səhiyyə Nazirliyi indi 60-a yaxın adamın öldüyünü bildirir. Ancaq nazirliyin özü etiraf edir ki, onlar yuxarı nəfəs yolu xəstəliklərindən ölüblər. Onlardan neçəsinin məhz donuz qripindən ölməsi aydın deyil. «Frans Press» Agentliyi cəmi 4 nəfərin H1N1 virusundan öldüyünü bildirir. «Financial Times» bütün xəstələrin 14 olduğunu yazır.

PANİKA HARDANDIR?

O biri ölkələrlə müqayisədə donuz qripindən ölənlər belə azdırsa, Ukraynada niyə belə ajiotaj və panika yaranıb?

Ukrayna-Rusiya sərhədində sanitar nəzarət
«Wall Street Journal» yazır ki, ola bilər donuz qripi ilə bağlı vəziyyət sonralar ciddiləşsin, ancaq hələlik xəstəlik ətrafında baş verənlər yanvardakı prezident seçkiləri kontekstində gedir.

İllərdir ki, iflic vəziyyətində olan hakimiyyət göstərmək istəyir ki, lazım gələndə necə operativ işləyə bilir. Ancaq burda da prezident Yuşenko ilə baş nazir Timoşenko arasında rəqabət var. Onlar nəinki fərmanları, sərəncamları ayrı-ayrılıqda verirlər, qərar verəndə də siyasi rəqib yenə yaddan çıxmır.

Prezidentin bir fərmanında deyilir ki, «hökumətdən daha çox iş gözləyir», yəni işarə eləyir ki, baş nazir yaxşı işləmir. Bunları «Wall Street Journal» yazır.

«Financial Times» isə yazır ki, donuz qripi ilə mübarizənin kökləri yanvardakı seçkilərdə və prezidentlə baş nazir arasındakı mübarizədədir. Sonuncuların hər biri nəinki öz işini qabardır, rəqibini də gözdən salmağa çalışır.

Müxalifət lideri, prezidentliyə namizəd Viktor Yanukoviç də donuz qripindən yararlanmaqda hakimiyyətdən geri qalmır. O, hakimiyyətin pis işlədiyini və konkret olaraq Səhiyyə nazirinin istefasını tələb edir.

Rəy sorğularında birinci yerdə gedən Yanukoviç prezident seçkiləri ərəfəsi bütün ölkə boyu kütləvi aksiyalar keçirib, ölkənin indiki ağır iqtisadi vəziyyətini, hakimiyyətin fəaliyyətsizliyini tənqid etmək istəyirdi.

Ancaq rəy sorğularına görə, prezidentliyə ikinci ən real namizəd, baş nazir Yuliya Timoşenko ölkə daxilində hərəkətə məhdudiyyət qoydu, kütləvi tədbirlər ləğv olundu. Həmin donuz qripinə görə.

QRİPİN SİYASİLƏŞMƏSİ KİMƏ XEYİRDİR?

Kütləvi tədbirlərin ləğv olunması ən çox kimə ziyandır?

Vasil Zilhalov deyir ki, «kimin reytinqi yuxarıdırsa, ən çox ona ziyandır. Bu baxımdan birinci növbədə müxalifətçi Yanukoviçə ziyandır. Kütlə ilə işləməyi bacaran Timoşenkoya da ziyan dəyə bilər. Ancaq ola bilər, prezident Yuşenkoya xeyri olsun. Populyarlığı çox aşağı olan prezident vəziyyətdən istifadə edib fövqəladə vəziyyət elan edə, hətta seçkilər ləğv oluna bilər».
XS
SM
MD
LG