Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

«Azərbaycan nəhəng layihələrdən kənarlaşdırıla bilər»


Baş nazir Ərdoğan və prezident Əhmədinejat. Tehran, 27 oktyabr 2009
Baş nazir Ərdoğan və prezident Əhmədinejat. Tehran, 27 oktyabr 2009
«Bizim yol»: Politoloq Qabil Hüseynlinin fikrincə, Türkiyənin baş naziri Ərdoğanın İranla apardığı danışıqlar, İran prezidenti Əhmədinejatın Ankaraya gözlənilən səfəri əslində Azərbaycana təzyiq xarakteri daşıyır:

«Digər tərəfdən, İrandan Türkiyəyə çəkiləcək qaz kəməri təxminən 2500 kilometrlik məsafəni əhatə edir. Deməli bu layihə daha çox vaxt aparacaq. Ümumilikdə isə bu layihə də, «Nabucco» da işləyə bilər. Amma nəzərə almaq lazımdır ki, əsas məsələ Orta Asiyanın qaz ehtiyatları, onun Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və Şahdəniz layihəsinin bu prosesə qoşulmasıdır. Bu zaman «Nabucco» əsl alternativ kəmərə çevrilə bilər».

«Yeni Müsavat»: «Sarkisyan gedəcəksə, daha pisi gələcək...»
Müsahibəsində Müsavat partiyasının bahqanı İsa Qəmbər belə deyib. «Türkiyənin Ermənistanla münasibətləri yaxşılaşdırmaq siyasəti Cənubi Qafqaz bölgəsində bir növ daşlaşmış, çıxmaza gedən bir çox proseslərin tərpənməsinə gətirib çıxarıb. Bir növ daşlar yerindən oynamağa başlayıb. Təbii ki, bu, müəyyən risklər və yeni imkanlarla bağlıdır». Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirləri Türkiyə-Ermənistan protokollarının imzalanması ətrafında gedən müzakirələri şərh edərkən bildirdi.

«Sadəcə olaraq, düşünmək ki, Ermənistanda hakimiyyət dəyişəcəksə, bu, Azərbaycanın xeyrinə olacaq, bu da kifayət qədər mübahisəli məsələdir. Çünki Sarkisyanı Türkiyə ilə razılaşmaya getdiyinə görə hakimiyyətdən bu və ya başqa şəkildə uzaqlaşdıracaqlarsa, o zaman erməni cəmiyyətinin daha aqressiv, Ankara və Azərbaycana qarşı daha barışmaz qüvvələrinin hakimiyyətə gəlməsi ehtimalı ola bilər».

«Azadlıq»: Azana qadağa qoymaq kimin marağındadır?
Dini Etiqadlar və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu sözügedən versiyaların əsası olmadığını bildirir. Müsahibimizin qənaətincə, bu məsələ qeyri-peşəkarlıq və islamafobik mahiyyətdən irəli gəlir: «Bunu bir tərəfdən dinin həssaslığını və insanların duyğularını anlamayaraq işlərini, din siyasətini necə aparmağı bacarmadıqlarının təzahürü kimi görürəm».

Hacı İlqar srağagün Bakıda vəziyyətin yaxşılaşdığını qeyd edərək Gəncədə durumun çox ağır olduğunu söylədi: «Məmurlardan yalnız bircə məntiqli söz eşidilib ki, bu məsələ tövsiyə olunub. Bu tövsiyə isə Gəncədə qəribə formada həyata keçirilib. Polis bu gün (red – dünən) məscidi mühasirəyə alıb və insanların azanı minarədən verməsinə mane olub. Orda dindarlar üçün çox böyük problemlər yaranıb». İ.İbrahimoğlu tövsiyənin belə həyata keçirilmədiyini və onun hansısa qanuni əsasa söykənməli olduğunu bildirdi.

«Yeni Azərbaycan»: Azərbaycanda ilk dəfə olaraq məişət tullantıları zavodunun tikintisi başlayır
Dünən paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsinin yaxınlığında Bakı bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, zavodun tikintisini ətraf mühit, enerji istehsalı və maşınqayırma sahəsində dünyanın aparıcı şirkətlərindən biri sayılan Fransanın “CNİM” şirkəti həyata keçirir. 20 hektar ərazidə inşa olunacaq zavodda Bakı şəhəri üzrə ildə toplanan 1 milyon 200 min ton məişət tullantısının 42 faizi, yəni 500 min tonu emal olunacaq. Məişət tullantılarının 28 faizi müasir poliqonlara, 30 faizi isə təkrar emal prosesinə veriləcək.
XS
SM
MD
LG