Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:42

Xomeyni əvvəl tərəddüd edib ki, səfirliyi tutmaq düzgündürmü?


 İran tələbələri ABŞ-ın Tehrandakı səfirliyinin divarlarını aşırlar, 4 noyabr 1979
İran tələbələri ABŞ-ın Tehrandakı səfirliyinin divarlarını aşırlar, 4 noyabr 1979
İslam İnqilabının lideri Ayətulla Xomeyni Amerika səfirliyinin tutulması xəbərini eşidəndə əvvəlcə tərəddüd edib ki, bu, düzgünmü addımdır. Xəbəri gətirən Xarici İşlər naziri İbrahim Yəzdiyə deyib ki, «gedin, tələbələri ordan qovun».

Ancaq sonradan səfirlik qarşısında böyük kütləni görəndə Xomeyni fikrini dəyişib və «ikinci, daha böyük inqilaba» xeyir-dua verib.

1978-ci ildən başlanan küçə nümayişləri artıq ölümcül xəstə olan İran şahı Məhəmməd Rza Pəhləvini 1979-cu ilin yanvarında ölkəni tərk etməyə məcbur etdi.

Şah Mərakeşdə, Meksikada və sonda ABŞ-da sığınacaq tapdı.

Şah sürgünə getdi. Xaricdə 15 il sürgündə olan Ayətulla Ruhulla Xomeyni İrana qayıtdı.

ƏSAS TƏLƏB ABŞ-IN ŞAHI VERMƏSİ İDİ

Əsas şüarı «Amerikaya ölüm!» olan İran İslam İnqilabı qalib gəldi.

Ancaq radikal ruhanilərin dəstəyi ilə tələbə fəalları bununla kifayətlənmədilər. Onlar Amerikadan şahın verilməsini tələb edirdilər.

ABŞ-ın Tehrandakı səfirliyi qarşısında nümayiş, 18 noyabr 1979
1979-cu il noyabrın 4-də tələbə fəalları Amerikanın Tehrandakı səfirliyini tutdular və 90 işçini girov götürdülər. Əsas tələb ABŞ-ın şahı verməsi idi.

Sonradan onların öz dediklərinə görə, tələbələrin ilk planı səfirliyi simvolik tutmaq və yalnız bəyanat vermək olub.

Plana görə, İranın təhlükəsizlik qüvvələri gələndə tələbələr səfirliyi tərk eləməli idilər.

Ancaq radikal ruhanilərin təhriki və səfirlik tutulanda kütlənin səfirlik binasına axışması hadisələri tələbələrin nəzarətindən çıxartdı.

Səfirliyin tutulmasına cavab olaraq ABŞ prezidenti Cimmi Karter İranın Amerika banklarındakı milyardlarla pulunu dondurdu və Tehranla bütün diplomatik əlaqələri kəsdi.

KARTERİN NÜFUZUNA NƏ ZƏRBƏ VURDU?


1980-ci ili aprelin 25-də ABŞ kommandosu səfirliyi azad etmə əməliyyatına başladı, ancaq təsadüfi vertolyot qəzasında 8 kommandosun ölməyi əməliyyatı dayandırmağa vadar etdi.

Amerikanın öz səfirliyini azad edə bilməməsi Karterin nüfuzuna zərbə vurdu. Bir çox təhlilçilərin fikrincə, o, prezident seçkilərini ən çox buna görə uduzdu.

Karterin prezident seçkilərindəki rəqibi Ronald Reyqanın 1981-ci il yanvarın 20-də andiçmə mərasimi keçiriləndə İran girovları azad etdi.

Səfirliyi tutanların tələbinin isə artıq mənası yox idi - verilməsi tələb olunan İran şahı Misirdə xəstəxanada 1980-ci ilin iyulunda ölmüşdü.

ABŞ səfirliyində girov götürülən 90 nəfərdən 52-si isə 444 gün girov qalmışdı.
XS
SM
MD
LG