Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:47

«Cənab Qorbaçov, bu divarı yıxın!!!»


Ronald Reyqanın Berlin çıxışı, 12 iyun 1987
Ronald Reyqanın Berlin çıxışı, 12 iyun 1987
Hər şey 1987-ci ilin 12 iyununda başladı. ABŞ prezidenti Ronald Reyqan Berlində, Brandenburq darvazasının önündə Sovet İttifaqı Kommunist Partiyasının sədri Mixail Qorbaçova müraciətində Sovet Şərqi və Demokratik Qərb arasındakı divarları yıxmağa çağırmaqla.

CƏNAB QORBAÇOV, BU DİVARI YIXIN!!!

- Baş katib Qorbaçov, əgər sülh axtarırsınızsa, əgər Sovet İttifaqı və Şərqi Avropanın çiçəklənməsini istəyirsinizsə, bu qapıya gəlin. Cənab Qorbaçov, bu qapını açın. Cənab Qorbaçov, bu divarı yıxın!!!

Qorbaçovsa elə həmin ay özünün məşhur yenidənqurma planını elan eləmişdi. Siyasi və iqtisadi islahatlar kimi tanıdılan bu plandan sonra Şərqi Avropa liderləri anlamışdılar ki, artıq hakimiyyətlərini saxlamaq üçün sovet tankları onların köməyinə gəlməyəcək.

1988-ci ildə öncə Macarıstan islahatlar keçirdi və faktiki olaraq «dəmir pərdə»ni yırtdı. Kommunistlər hələ bir il də burda hakimiyyətdə qalsa da, artıq əvvəlki sərt rejim yox idi və kapitalizm ölkələrinə gedib-gəlməyə icazə verən qanunlar var idi.

1989-cu ilin may ayında Şərqi Almaniyada yaşayanlar kütləvi şəkildə Budapeşt, Praqa və Varşavadakı Qərbi Almaniya səfirliklərinə axın eləyib, siyasi sığınacaq almağa başladılar.

İlk öncə «Solidarnost» bloku uzun sürən mübarizədən sonra seçkilərdə 100 yerlik parlamentdə 99 yerə sahib olmaqla, kommunistləri yıxdı
İyun ayında ilk öncə Polşada «Solidarnost» bloku uzun sürən mübarizədən sonra seçkilərdə 100 yerlik parlamentdə 99 yerə sahib olmaqla, kommunistləri yıxdı.

Sentyabr ayında mühacirət Şərqi Almaniyadan lap kütləvi şəkil aldı, çünki Macarıstan hökuməti Şərqi Almaniyadan gələnlərə Qərbə keçmək üçün rəsmi icazə verdi. 1989-cu ilin oktyabrında Polşa və Çexoslovakiya da bu cür qanunları qəbul elədi.

HONEKERİN İSTEFASI

Amma Şərqi Almaniyadakı sivil inqilabın ən önəmli anı oktyabrın 9-da oldu. Qorbaçovun Şərqi Almaniya kommunistlərinin lideri Erik Honekerə baş çəkməsindən sonra, alman polisi Leypsiq şəhərində toplanan kütləni dağıtmaqdan imtina elədi. Berlin və başqa şəhərlərdə milyonlarla insan küçələrə çıxdı. Və cəmi 9 gün sonra Honeker sağlamlığını bəhanə göstərib, istefa verdi:

- Mənim səhhətim artıq partiya və xalqımıza indi və gələcəkdə xidmət göstərməyə imkan vermir.

Honekerin yerinə Qon Krenz gətirildi, amma o da Şərqi Almaniyadan kütləvi mühacirətin qarşısını ala bilmədi. Noyabrın 9-da Şərqi Almaniya hökuməti Almaniya Federativ Respublikasıyla sərhədləri açmağa qərar verdi. Qərarı Almaniya Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Gunter Şvabovski elan elədi:

- Bu gün biz qərara aldıq ki, Şərqi Almaniya vətəndaşlarına ölkə sərhədlərindən istənilən dövlətin ərazisinə keçməsinə icazə verək.
Mixail Qorbaçov və Erik Honeker Şərqi Almaniya Kommunist Partiyasının qurultayında, 17 aprel 1986
Bu qərar artıq qüvvəyə minir. Elə indidən. Dərhal. Təxirə salınmadan.

POLİS KÜTLƏNİN QARŞISINDA ÇAŞBAŞ QALMIŞDI

Şvabovskinin açıqlamalarını eşidən camaat Berlini iki yerə ayıran divarın önünə toplaşdı. Ancaq qanunla vətəndaşlar sərhədi keçmək üçün vizanı bir gün gözləməliydilər. Ancaq divarların önündəki polis kütlənin qarşısında çaşbaş qalmışdı. Və polis Qərbi Berlinə gedən qapıları açmağa məcbur oldu.

Berlin divarı yıxıldı və cəmi bir il sonra Qərbi və Şərqi Almaniya birləşdi.

Berlin divarının yıxılması Şərqi Avropanın kommunist rejimlərində domino effekti verdi. Cəmi bir gün sonra Bolqarıstanı 35 il idarə eləyən Todor Jivkov istefa verdi və partiya parçalandı.

Çexoslovakiyada isə noyabrın 17-də hakimiyyət Praqada toplaşan tələbələrin aksiyasını zor gücünə dağıtdı. Noyabrın 17-də Çexoslovakiya müxalifəti birləşib Vaslav Havelin rəhbərliyi altında Vətəndaş Forumunu qurdu.

Noyabrın 27-də forum kütləvi tətil və mitinq elan elədi. Küçələrə 100 minlərlə insan kommunist lider Milos Yakes üçün «Yakes zibilliyə!» şüarları səsləndirirdi.
Nikolae Çauşesku Rumıniya Kommunist Partiyası qərargahının balkonundan sonuncu çıxışını edir, 21 dekabr 1989
Və bir gün sonra tarixdə ilk məxməri inqilab baş verdi - kommunist hökuməti buraxıldı.

ÇAUŞESKUNUN QAÇIŞI

Başqa ölkələrdən fərqli olaraq, Rumıniyada Çauşesku hökuməti polis və ordunun köməyi ilə etirazları silah gücünə dağıtdı, minlərlə insan öldürüldü. Timişoara şəhəri 5 gün mühasirədə qaldı və polis insanlara divan tutdu.

Dekabrın 21-də Çauşesku üsyanın yatırıldığını elan eləmək üçün mitinq çağırdı. Ancaq camaatın əhval-ruhiyyəsini düzgün hesablamamaq ona baha başa gəldi. Kütlə azğınlaşdı və iğtişaşlar başladı. Çauşesku çıxışını yarımçıq kəsib Mərkəzi Komitənin binasına qaçmalı oldu.

Səhər-səhər xaos bütün şəhərlərə yayıldı. Minlərlə fəhlənin Mərkəzi Komitənin binasına yürüşündən qorxan Çauşesku və həyat yoldaşı vertolyotla qaçdı. Ancaq ordunun qəfildən tərəf dəyişdirməsi inqilabı sürətləndirdi. Tarqovişte şəhəri yaxınlığında rumın ordusu Çauşeskunun vertolyotunu yerə enməyə məcbur elədi. 90 dəqiqə sürən hərbi tribunaldan sonra Çauşesku və həyat yoldaşı minlərlə insanın ölümünə səbəb olmaqda və camaata zülm verməkdə ittiham olunaraq edam cəzası aldı. Və 1989-cu ilin milad bayramı günü - dekabrın 25-də hər ikisi güllələndi.
XS
SM
MD
LG