Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

«Bizə konkret bildirdilər ki, namizədliyimizi verməyək»


«Dairə seçki komissiyasına bildirişlə müraciət edən gündən rayon üzrə müxalifət nümayəndələrinin, müstəqil namizədlərə qarşı təqiblər başladı. Bizə konkret bildirdilər ki, namizədliyimizi verməyək. Bu işlə şəxsən icra hakimiyyətinin başçısı məşğul olur...»

Yardımlı rayonunun Şiləvəngə bələdiyyəsindən namizədliyini vermək istəyən, AXCP-nin rayon şöbəsinin rəhbəri Gülbala Əhmədli deyir ki, müxalifətçiləri işdən çıxarmaqla hədələyirlər. İcra hakimiyyətinə çağırılanlara namizədliklərini geri götürmələri üçün zorla ərizə yazdırırlar.

«İcra başçısının göstərişi ilə bütün namizədlər, mən özüm də daxil olmaqla, İH-nə çağırılırıq, namizədlərin işlədikləri idarələrinin, təşkilatların rəhbərləri, yaşadıqları ərazinin icra nümayəndələrinin iştirakı ilə icra başçılarının müavinlərinin otaqlarında namizədlərə zorla ərizələr yazdırılır ki, namizədliyini geri götürsünlər. Əks təqdirdə işləyənlərə deyiblər ki, işdən azad olunacaqlar».

Gülbala Əhmədli deyir ki, tək Şiləvəngə bələdiyyəsinə namizədliyini irəli sürən 11 nəfər ərizə yazaraq namizədliyini geri götürməyə məcbur edilib. İlk mərhələdə Şiləvəngə bələdiyyəsinə 26 nəfər namizəd olub. AXCP fəalının sözlərinə görə hazırda namizədliyi qeydə alınanların əksəriyyəti YAP-dandır.

AXCP rayon şöbəsinin sözlərinə görə 72 saylı Yardımlı-Masallı Dairə seçki komissiyası indiyəcən onun namizədliyini qeydə almaqdan imtina edir. Səbəb isə siyasi mənsubiyyətidir.

Ancaq 72 saylı Yardımlı-Masallı Dairə seçki komissiyasının sədri Tərxan Əsgərov AzadlıqRadiosuna deyilənlərin həqiqət olmadığını deyir. Komissiya sədri 36 bələdiyyə üzrə Yardımlı rayonundan 503 namizədin qeydə alındığını, onların arasında Vətəndaş Həmrəyliyi Partiyasından, Ümid partiyasından namizədlərin olduğunu bildirir.

T. Əsgərov bəzi namizədlərin şikayət etməsinə gəlincə bunları dedi:

«Bizə Ümid partiyasından şifahi müraciət olunmuşdu, onunla bağlı araşdırmalar aparıldı, amma heç bir əsaslı fakt olmadı. AXCP, Müsavat partiyasından bizə müraciət olmayıb bəziləri ərizə verib namizədliklərini geri götürüb, amma məcburi şəkildə kiminsə ərizəsini geri götürməsi ilə bağlı bizə müraciət edilməyib».

Yardımlı Rayon İcra Hakimiyyətinin iqtisadiyyat məsələləri üzrə müavini, YAP rayon təşkilatının sədri Mahir Mirzəyev də deyilənləri «əsassız» adlandırıb.

«Yalan fikirdir. Bir nəfər olmuşdu Ümid partiyasından, mənə MSK-dan zəng edildi, deyildi ki, bu adamı incidirlər, məktəbdə işləyir, müəllimdir. İşdən çıxarılması ilə hədələyirlər. Çağırdım həmin adamı, o adam dedi mənə heç bir təzyiq olmayıb. Çox olub belə hallar».

Ancaq AXCP-nin rayon şöbəsinin rəhbəri Gülbala Əhmədli deyir ki, vətəndaş kimi hüquqlarından istifadə edib məhkəməyə kimi getmək niyyətindədir.

Müxalifətçi onu da iddia edir ki, İH-nin göstərişi ilə Yardımlı rayonundan Mərkəzi Poçta heç bir şikayət məktubu və teleqram qəbul olunmur. Yardımlı rayonun İH-dən bu faktın da yalan olduğunu dedilər.
XS
SM
MD
LG