Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

Azərbaycanda daha bir jurnalist həbs oluna bilər


Media Hüququ İnstitutu (MHİ) «Femida 007» qəzetinin baş redaktoru, hüquq mühafizə sistemindəki nöqsanlar haqqında tənqidi yazıları ilə seçilən Əyyub Kərimovun həbsə atıla biləcəyindən dərin narahatlıq keçirir. Jurnalistə yazılarına görə ağır cinayət cəzası istənilməsini ifadə azadlığına ağır basqı sayan MHİ hökuməti Azərbaycanda ifadə azadlığına vurula biləcək daha bir ağır yaranı önləməyə çağırır.

Əyyub Kərimovu Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubov xüsusi ittiham qaydasında məhkəməyə verib. Baş redaktorun rəhbərlik etdiyi qəzetdə, eləcə də ölkənin digər tirajlı tənqidçi qəzetlərində yayılmış düşüncələrini böhtan sayan nazir ona Cinayət Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq çox ağır həbs cəzası verilməsini tələb edib.

Jurnalistə qarşı şikayəti Yasamal rayon Məhkəməsi artıq icraata qəbul edib. Nazirin ittihamları təsdiqlənərsə baş redaktora 3 il müddətinə azadlıqdan mərhuetmə cəzası verilə bilər.

Media Hüququ İnstitutu ifadə azadlığının təkcə xoş qarşılanan, neytral yox, həm də təhqir edən, şok vəziyyətinə salan və ya narahatlığa səbəb olan «məlumat», yaxud «ideya»ları əhatə etdiyini xatırladır. İctimai fiqurlara, dövlət məmurlarına münasibətdə ifadə azadlığının hüdudları daha genişdir. Ən yüksək pillələrdə dayanan dövlət məmurunun ictimai müzakirələr kontekstində dilə gətirilmiş tənqidə dözüm göstərə bilməməsi yalnız təəssüf doğurur.

Təkcə son 1 ayda Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələrinə əsasən 5 jurnalistə ağır cinayət cəzası verilib. Azərbaycanın ən cəsur tənqidçi jurnalistlərindən Eynulla Fətullayev, Qənimət Zahid və digərləri, gənc blogçular Emin Milli və Adnan Hacızadə qanuniliyi suallar doğuran məhkəmə aktlarına görə hələ də həbsxanalarda cəza çəkir. Böhtan və təhqirə görə cinayət cəzaları saxlanılmaqda davam edir.

Media Hüququ İnstitutu daxili işlər nazirini ifadə azadlığının ağır imtahanlar verdiyi belə durumda daha bir jurnalisti həbsə atdırmaq niyyətindən geri çəkilməyə, Azərbaycan hökumətini tənqidçi jurnalistlər barəsində çıxarılan bütün qeyri-adekvat qərarları ləğv etməyə, defamasiya (nüfuzun qorunması) ilə bağlı beynəlxalq ölçülərə uyğun qanun qəbul etməyə çağırır.
XS
SM
MD
LG