Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Bir saat iyirmi dəqiqəyə yığılan gömrük pulları


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev
«1992-ci ildə il ərzində yığılan 790 min dollar rüsumu indi Gömrük Komitəsi bir saat iyirmi dəqiqəyə yığır».

Bunu Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsi layihəsi müzakirələrində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. İndiyə qədər dəfələrlə həm parlamentdə, həm müxtəlif mətbu orqanlarda dövlət büdcəsinin yarısı qədər vəsaitin korrupsiyaya uğradığını deyən millət vəkili Pənah Hüseyn isə dərhal həmin rəqəmləri günə, aya və ilə vurmaqla gömrükdə bir il ərzində nə qədər pul yığıldığını parlament müxbirlərilə hesablamağa başlayıb. Pənah Hüseyn:

- Yəni deyilən rəqəmi - 790 min dolları 24 saata vuranda bu eləyir 18 milyon 960 min dollar.

Pənah Hüseyn deyir ki, real olaraq Dövlət Gömrük Komitəsinin sədri rüsum, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi şəklində büdcəyə daxil olmalı rəqəmi ortalığa qoydu.

Pənah Hüseynə görə, nəhayət ki, Dövlət Gömrük Komitəsi sədrinin mövcud rəqəmləri səsləndirməsilə gömrük gəlirlərinin həqiqi həcmi barədə neçə illərdən bəri davam edən mübahisələrə son qoyuldu.

«CƏNAB PREZİDENT, YIĞILAN PULLARIN İÇƏRİSİNDƏ RÜSUM DA VAR»

Azərbaycanda gömrük rüsumlarının büdcəyə tam çatmaması və ümumiyyətlə, gömrüklə bağlı həmişə mübahisəli rəqəmlər səslənib. Hələ 1994-cü ildə prezident Heydər Əliyevin yanında keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin həmin vaxt sədri olan Tahir Əliyev də çıxışında mübahisəli rəqəmlər səsləndirmişdi. Heydər Əliyevin həmin mübahisəli rəqəmlərə aydınlıq gətirməsini istəyəndə, Tahir Əliyev rüsumla pulu qarışdırdığını bildirmişdi:

Tahir Əliyev: Hamı deyir gömrük pul alır, pul yığır, amma etiraf etmək lazımdır axı bunların içərisində rüsum da var. Mən öz işçilərimi müdafiə etmirəm. Həqiqət budur.

Heydər Əliyev: Demək yığılan pulun içərisində rüsum da var. Bəs qalanı nədir? Mən sənin öz dediklərinin deyirəm, deyirsən pul yığırıq bunun içərisində rüsum da var, rüsum aydındır bu qanunun işidir, bəs o qalan nədir?

Tahir Əliyev: Yox mən dedim ki...

Heydər Əliyev: Yox sən dediyin sözləri təkrar edirəm də mən. Deyirsən pul yığırıq bunun içərisində rüsum da var.

Tahir Əliyev: Möhtərəm prezident mən elə keçən dəfədən rüsumla pulu qarışdırmışam bir-biri ilə...Mənim fikrimcə, bunların hamısı puldur. Bu, rüsumdur, puldur hamısı puldur da, nə fərqi var?

Heydər Əliyev: Sən bunu bilərəkdən qarışdırmısan, yoxsa bilməyərəkdən?

Tahir Əliyev: Bilmədən...

Heydər Əliyev: Bəs bilmirsənsə onda bu işə necə rəhbərlik edirsən?

«ELƏ İNDİ DƏ YIĞILAN PULLARDAN BİR AZ RÜSUM ÖDƏNİLİR»

AXC hakimiyyəti dövründə Dövlət Gömrük Komitəsinin sədri olmuş İbrahim Vəliyev isə deyir ki, bu gün gömrükdən dövlət büdcəsinə gələn rüsumlar həqiqi daxil olmalı olan rüsumların heç 15 faizini təşkil eləmir. İbrahim Vəliyevə görə, əslində həmin pullar malın növünün sənədlərdə başqa cür göstərilməsi, qiymətinin aşağı salınması ya da gömrük nəzarətindən keçmədən daxil olması və s. yollarla büdcədən yayındırılır və mənimsənilir.

İbrahim Vəliyev deyir ki, gömrük vəsaitlərinin hansısa aşağı məmur, müfəttiş səviyyəsində gizlədilməsi mümkün deyil:

- Bunu elə-belə gizlətmək mümkün deyil. Əgər həmin vəsaitlər gizlədilirsə buna görə həmin sahəyə məsul olan birinci və digər şəxslər məsuliyyət daşıyır.

İbrahim Vəliyevə görə, iş adamlarının, ölkəyə mal gətirən sahibkarların dediklərindən belə görünür ki, əslində elə indiki vəziyyət Gömrük Komitəsinin sabiq sədri Tahir Əliyevin dediyi kimidir:

- O reallığı əks etdirir, yəni yığılan pullardan bir az da rüsum verilir. O, necə işləmişdisə elə də reallığı demişdi.

İbrahim Vəliyevə görə, əslində oğurluq olan yerdə hər şey ya qorxudan, ya da çaşqınlıqdan üzə çıxır. Onun sözlərinə görə, əslində indi belə vəziyyət tək gömrüklə bağlı deyil, digər müxtəlif sahələr də var ki, yığılan vəsaitin az bir hissəsi büdcəyə gedib çıxır:

- Real nəzarət olsa Azərbaycanın dövlət büdcəsi kəsrlə qəbul olunmamalı idi. Gömrükdən, vergidən və bəzi sahələrdən yığılan pulların hamısı büdcəyə getsə bununla büdcənin yarıdan çoxunu doldurmaq olar.

İbrahim Vəliyevə görə, elə bəzi komitə və nazirliklərdə işçilərə rəsmi maaşdan əlavə verilən paket maaşlar büdcədən gizlədilən pullardır. Sabiq komitə sədri deyir ki, elə bu səbəbdən də büdcə kəsrlə yerinə yetirilir.

2010-cu ilin büdcə layihəsində gömrükdən büdcəyə çatacaq vəsait 1 milyard 100 milyon manat proqnozlaşdırılır. Adətən bütün illər üzrə proqnozlaşdırılan rəqəmlər komitə tərəfindən 100 faiz yerinə yetirilir.
XS
SM
MD
LG