Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:09

Bələdiyyə üzvlüyü sənin nəyinə lazımdır, Xaspolad?


Bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib
Bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib
Xaspolad Osmanov İsmayıllı rayon aşağı Cülyan kəndindən bələdiyyə seçkilərinə namizədliyini vermişdi. O, imza toplama kampaniyasını başa çatdırmamış namizədliyini geri götürüb.
Müsavat Partiyasının üzvü Xaspolad Osmanovu buna vadar edən, özünün dediyinə görə, təzyiqlər olub:

«Gündə çağırırdılar şöbəyə, icra hakimiyyətində YAP-ın sədrinin yanına. Soruşdular ki, neyə namizədliyini vermisən, nəyinə lazımdır? Mənim vəzifədə işləyən qohumlarıma təzyiqlər başlandı. Çıxış yolu qalmadı, məcbur oldum namizədliyimi götürdüm. Rayon yeridir bura, hamımız bir-birimizi tanıyırıq, adam üzdən keçmir, mənim qohumumdu, onu məndən ötrü işdən çıxaracaqlar, balaları ac qalacaq. Bax, belə təzyiqlər...»

POLİS ŞÖBƏSİ HARA, SEÇKİ HARA?

Xaspolad Osmanov bu sualı verir. Amma İsmayıllı polis şöbəsində Xaspolad Osmanovun iddialarını təsdiq etmirlər.

İsmayıllı Rayonu İcra Hakimiyyətinin İctimai-siyasi təşkilatlarla iş şöbəsindən Murad Məhərrəmov isə deyir ki, rayonda bütün siyasi partiyalara bərabər imkanlar var:

«Bizdə belə bir şey olmayıb. Bütün partiyalar təmsil olunur. Azad, şəffaf seçkilərdir, hər şey qaydasındadır. Seçkilərdə bizdə problem yoxdur».

ZORƏN ÖZÜNÜ TƏKZİB?..

Müsavat Partiyasının Mərkəzi Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı isə deyir ki, Mərkəzi Seçki Komissiyasına etdikləri şikayət araşdırılmayıb. Onun sözlərinə görə, müxtəlif rayonlarda nümayəndələri təzyiqlər nəticəsində namizədliklərini geri götürmək məcburiyyətində qalıb. Departament rəhbəri şikayət ərizələrinin surətini MSK-ya təqdim etdiyini deyir:

«Bir nəfərə təzyiq olmuşdu, ayın 9-da o, bizə şikayət edib. O, məktəbdə hərbi dərs deyir. Ayın 10-da isə zəng edib ki, məni bu gün təzədən həm icraya, həm hərbi komissarlığa həm də təhsil şöbəsinə çağırıb yenə də mənə qorxu gəlirlər, işdən çıxarmaqla hədələyirlər. Ayın 11-də onun ərizəsini göndərmişəm MSK-ya. Həmin axşam məlum olub ki, ayın 10-da həmin adamı çağırıb təzyiqlər nəticəsində ərizəsini alıblar. MSK da deyir ki, həmin şəxs könüllü surətdə namizədlikdən çəkilib. O adamdan kimsə soruşubmu ki, niyə sən 9-da belə məktub yazmısan, 10-da isə belə?»

Sözügedən şəxslə biz də əlaqə saxlasaq da, o ətraflı məlumat verməkdən imtina etdi:

«Ailə problemlərim yarandı və mən namizədlik ərizəmi geri götürdüm. Bu haqda danışmaq istəmirəm».

Bəs niyə MSK-nın araşdırmaları ilə namizədlərin şikayətləri üst üstə düşmür?

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, heç də həmişə belə olmur. Məsələn bələdiyyə seçkilərilə bağlı 4 şikayətdən 1-i təsdiq olunub. O, müxalifət partiyalarının narazılığını haqsız hesab edir:

ÖZÜNÜ SIĞORTALAMA?

«Görür ki, qalib gələ bilməyəcək, adi tələb olunan 100-150 imzanı toplayıb dairə seçki komissiyasına verməyən, təbii ki, narazılıq edəcək, öz zəifliyini ört-basdır etməkdən ötrü günahı kimdəsə axtaracaq».

Azər Sarıyev deyir ki, MSK nəzdində 9 hüquqşünasdan ibarət ekspert qrupu fəaliyyət göstərir. Onlar daxil olan müraciətləri 3 gün müddətində araşdırır, araşdırma prosesinə şikayətçi tərəf də dəvət olunur:

«Dəvət olunur ki, əgər etirazınız varsa, araşdırma prosesinə bildirin. Yaxud əlinizdə əlavə sübutlar varsa, buyurun, təqdim edin. Gəlib iştirak etmirlər, əllərində heç bir sübut yoxdur və şikayət də əsassız hesab olunub təsdiqini tapmayanda mətbuata çıxırlar ki, düzgün araşdırma aparılmayıb. Sən haradan bilirsən ki, düzgün araşdırma aparılmayıb, o halda ki sən burda iştirak etməmisən?»

Seçki mütəxəssisi Bəşir Süleymanlı isə hesab edir ki, tərəflərin bir-birini günahlandırdığı bir durumda ən yaxşı yol məhkəməyə müraciət etməkdir:

«Başqa bir yol odur ki, pozuntu hallarıyla bağlı məhkəmələrə müraciət etmək olar. Paralel olaraq, cəmiyyətə, yəni QHT-lərə, mətbuata da informasiya verilməlidir belə pozuntu hallarında. Yəni kütləvi şəkildə bu hala qarşı mübarizə aparmaq lazımdır. Bunu başqa cür təsdiq etdirməyin başqa prosedur qaydası yoxdur. Bunu yalnız məhkəmə araşdıra bilər».

Bələdiyyə seçkilərinə namizədlərin qeydiyyat mərhələsi noyabrın 23-də bitir. Bələdiyyə seçkiləri isə dekabrın 23-nə təyin edilib.
XS
SM
MD
LG