Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:47

«Dağlıq Qarabağ münaqişəsinin 2010-cu ildə həll olunacağına inanıram»


Xaləddin İbrahimli
«Mən Dağlıq Qarabağ münaqişəsinin 2010-cu ildə əsasən həll olunacağı barədə deyilənlərə inanıram. Ola bilsin ki, həll olunmasın. Amma hər halda həll olunmasa, münaqişə daha ciddi bir mərhələyə keçəcək. Müəyyən ümidlər yaranıb. Bunu Azərbaycan tərəfi də bəzən açıq şəkildə söyləyir, hətta Ermənistan tərəfi də. O cümlədən Rusiyanın özündən, Türkiyədən, ABŞ-dan, Avropa Birliyindən bu cür inandırıcı optimist fikirlər gəlir. Heç şübhəsiz, ciddi siyasi adamlar hansısa ciddi informasiyalara əsaslanıb deyirlər. Biz bu danışıqların detallarını bilməsək də...».

Bunu «İşdən sonra» verilişində politoloq Xaləddin İbrahimli söyləyib.

«Son vaxtlar beynəlxalq aləmdə Dağlıq Qarabağ kimi münaqişələrin həlli istiqamətində optimal situasiya yaranıb. Bir il əvvəl belə fikir söyləmək bir qədər çətin idi. Amerika-Rusiya münasibətləri əsas verir deyək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün situasiya yaranıb. Sanki indi dünya bir qədər demokratiyadan, insan haqlarından az danışmağa başlayıb və daha çox qaynar, donmuş münaqişələrin həllinə çalışır».

Bəs münaqişə necə həll olunacaq? X.İbrahimli deyir ki, bu cür münaqişələr birdəfəlik və qəti şəkildə həll olunmur:

«Mən 2010-cu ildə münaqişənin əsasən həllini nəzərdə tuturam. Nizamlama prosesi bir müddət davam edəcək. Heç şübhəsiz, Azərbaycan tərəfi özünün prinsipial mövqeyindən geri çəkilən deyil. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bu, açıq və qəti bir ifadədir və Azərbaycanın mövqeyini əks etdirir. Amma reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilir. Azərbaycan tərəfi bunu açıqca bəyan edir. Bu da ermənilərin irəliyə doğru atdığı növbəti bir addımdır. Bu, mahiyyət etibarilə kompromisin özüdür. Bu, iki tərəfin xeyrinədir. Ermənilər statusda bir addım qabağa gəlirlər, Azərbaycan tərəfi də Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq mühafizə edir...».
XS
SM
MD
LG