Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:42

13 aylıq körpədən Eynulla Fətullayevə dəstək


Eynulla Fətullayevə daha bir beynəlxalq mükafatın veriləcəyi gözlənilir
Eynulla Fətullayevə daha bir beynəlxalq mükafatın veriləcəyi gözlənilir
Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi 2009-cu ilin Beynəlxalq Azad Mətbuat Mükafatı laureatlarının adlarını elan edib.

Bu mükafata 4 jurnalist layiq görülüb. Onların arasında hazırda həbsdə olan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev də var.

«Avropa ailəsinin üzvü olan Azərbaycanda jurnalistin 8 il 6 ay azadlıqdan məhrum edilməsi vaxtilə Nelson Mandelanın Afirikada 28 illlik həbsinə bərabərdir».

Bu fikirlər həbsdə olan jurnalist Eynulla Fətullayevin dostu Şahvələd Çobanoğluna məxsusdur.

MÜKAFAT GÜNAHSIZLIĞIN TƏSDİQİDİR

Beynəlxalq Azad Mətbuat Mükafatı laureatları arasında terrora çağırış ittihamı ilə 20 il azadlıqdan məhrum edilən Şri-Lankalı jurnalist Cey Tissa da var.

Şahvələd Çobanoğlunun fikrincə, həbsdə olan jurnalistə beynəlxalq təşkilatların dönə-dönə mükafatlar verməsi əslində Eynulla Fətullayevin günahsız həbs olunması deməkdir:

«Onun söz azadlığına görə, siyasi məqsədlərlə həbs olunduğuna işarədir».

Şahvələd Çobanoğlu inanır ki, bu qədər beynəlxalq mükafatlar alan jurnalisti Azərbaycan hakimiyyəti həbsxanada çox saxlaya bilməz. O hesab edir ki, Eynulla Fətullayevin günahsız yerə həbsdə olması Azərbaycanın indiki reallıqlarından doğur:

«Azərbaycanın gələcəyinə olan tərəddüdün, müəmmaların göstəricisidir. Avtoritar rejimlər heç vaxt mütərəqqi mübarizələrin qabağında sona qədər dayana bilməyiblər. Hələ sovet dövründə siyasi məhbusların azadlığı və hüquqları uğrunda mübarizə sərhədləri qırıb dünyaya yayıla bilmişdi».

MƏKTUB DA MÜKAFATDIR…

Bu mükafata ən çox sevinənsə Eynulla Fətullayevin atası Emin Fətullayevdir. Emin Fətullayev deyir ki, ona adı çəkilən təşkilatdan hələ bir ay əvvəl müraciət edib oğluna mükafat veriləcəyini deyiblərmiş. Amma həmin mükafatın belə tezliklə veriləcəyini gözləmirmiş. Bir də jurnalistin atası deyir ki, Eynulla Fətullayevə həbsdə olduğu 2 il 6 ay ərzində xarici ölkələrdən hər biri bir mükafata bərabər 15 min məktub gəlib:

«Kanadadan tutmuş, Yaponiyaya, Norveçə, Amerikaya qədər dünyanın müxtəlif yerlərindən gəlir həmin məktublar. Zimbabvedən, Hondurasdan, Keniyadan da məktublar var».

Emin Fətullayev deyir ki, həmin məktubların içərisində yalnız bir məktub Azərbaycandan yazılıb. Ümumilikdə isə həmin məktubların təxminən 10-15-nə cavab yazılıb. Emin Fətullayevin sözlərinə görə, artıq evin yarası məktublarla dolub. Deyir hər dəfə həbsxanadan - Eynulla Fətullayevin yanından evə dönəndə kisə-kisə məktub gətirir:

«Yəni, bu məktublar hamısı dəstək məktubudur, onu ruhlandırır».

Emin Fətullayev deyir ki, sonuncu dəfə belə məktub Böyük Britaniyadakı qızlar kollecindən gəlib. O məktubun məzmunundan xəbərsizdir. Amma deyir ki, həmin qızlar jurnalistə öz foto-şəkillərini də göndəriblər:

«Ən maraqlı məktub bilirsiz hansıdır? Bir cavan ailədən gəlib. Göndərdikləri məktubda onların bir yaş bir aylıq uşaqlarının rəngli karandaşla çəkdiyi cızıqlar var, onu da qoyublar məktuba ki, bizim 13 aylıq uşağımız da sizi dəstəkləyir».

Jurnalistin atasının deməsinə görə, daha bir maraqlı məktub Böyük Britaniyada yaşayan 35 keşişdən gəlib:

KEŞİŞLƏR EYNULLA FƏTULLAYEV ÜÇÜN DUALAR OXUYURLAR…

«Yığışıb bir məktub yazıblar ki, biz kilsəyə ibadət eləməyə gələnlərin hər birindən xahiş edirik, şam yandırıb dua edin ki, Azərbaycan adlı bir ölkə var, orda cavan bir jurnalisti həbs ediblər və dua edək ki, o azad olunsun».

Emin Fətullayev deyir ki, avropalı dindarlardan fərqli olaraq Qafqaz Müsəlmanları İdarəsindən bir molla gəlib soruşmayıb ki, həbs edilən jurnalistin ailəsi, valideynləri necə yaşayır.

Hakimiyyətyönlü «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə həbsdə olan jurnalistə beynəlxalq təşkilatların mükafat verməsində qeyri-adi bir şey görmür. Onun sözlərinə görə, görünür, mükafatı jurnalistə həmin ölkənin mənafeyinə xidmət etdiyinə görə veriblər. Bəhruz Quliyev hesab edir ki, bu səbəbdən də o belə mükafatların verilməsini junalistikaya aid mükafat hesab etmir:

«Hansısa xarici dövlət onun marağını əks etdirən jurnalistə mükafat verə bilər. Amma bu o demək deyil ki, o jurnalist çox peşəkar jurnalistdir. Onun həbsinin jurnalistika ilə bağlı olduğunu təsəvvür edə bilmirəm».

Eynulla Fətullayevə isə daha bir beynəlxalq mükafatın veriləcəyi gözlənilir. Emin Fətullayevin sözlərinə görə, artıq bu barədə ona məlumatlar verilməkdədir.
XS
SM
MD
LG