Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:21

Prezidentlər həm də Qarabağdan danışıblar


Prezidentlər Ulyanovskda mətbuat konfransında, 24 noyabr 2009
Prezidentlər Ulyanovskda mətbuat konfransında, 24 noyabr 2009
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi indi də İlham Əliyevin Rusiya səfərinin fonunda siyasi ekspertlərin diqqət mərkəzində qalmaqdadır. Almaniyanın Münhen şəhərindəki görüşün ab-havası düşüncələri hələ tam tərk etməmiş politoloqlar Rusiyanın Ulyanovsk şəhərindəki görüşdən danışmağa başlayıblar.

HƏM MƏRASİM, HƏM QARABAĞ…

Noyabrın 24-də Azərbaycan və Rusiya prezidentləri – İlham Əliyevlə Dmitri Medvedev Ulyaknovskın parklarının birinə Heydər Əliyevin adının verilməsi mərasiminə qatılmaqla həm də Qarabağdan danışıblar. Prezidentlərin bu barədə söhbətləşəcəyinə dair artıq Rusiyanın «İnterfaks» agentliyi əvvəlcədən məlumat vermişdi. Ancaq bu məlumat olmadan belə mütəxəssislər İlham Əliyevin Rusiyada əsasən nədən danışacağını ehtimal edirdilər.

Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyir ki, bu cür görüşlərin proqrammı əvvəlcədən tutulsa da, dövlət başçılarının regiondakı vəziyyət, Qarabağ danışıqlarının real durumu barədə də danışacaqları şübhə doğurmur.

Azərbaycan prezidenti hazırkı gerçəklikdə elə bir siyasət aparmaqdadır ki, Ermənistan Rusiya münasibətləri tam olaraq Azərbaycanın əleyhinə çevrilməsin. Və ən azı Qarabağ məsələsində bu təsiri nisbi səviyyədə neytrallaşdırmaq mümkün olub.

«Bu səfər Qarabağ danışıqlarının çox mühüm bir fazaya daxil olduğu dönəmdə Rusiya və Azərbaycan arasında mühüm anlaşmalara təsir göstərəcək. Çünki bütün hallarda regiondakı siyasi qüvvələr nisbətinin, ya coğrafi müstəvidə hərbi şəraitin dəyişməsi Rusiyanın iştirakı olmadan baş verə bilməz. Və onun hər hansı formada təsiri olmadan da gerçəkləşdirilməyəcəkdir. Məsələn, Rusiya sülhməramlı qüvvələr məsələsini sıradan bir fakt kimi qəbul edəcəkmi? Ona görə də bütün bu məsələlərin belə qabaqlayıcı dönəmdə Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlardan keçməsi çox faydalıdır və bu səfər bizim mənafelərimizə uyğundur».

ZAHİD ORUCUN FİKRİNCƏ, RUSİYA MÜHÜM FAKTORDUR

Zahid Oruc düşünür ki, Rusiyanın bölgədəki proseslərə həlledici təsir imkanını saxlaması Qarabağ danışıqlarında mühüm faktordur. Dnestryanı, eləcə də Cənubi Osetiya və Abxaziya konfliktləri ilə müqayisədə Rusiyanın Qarabağ məsələsində fərqli davranış nümayiş etdirməsi Azərbaycan hakimiyyətinin qurduğu siyasətin hesabınadır. Amma burada elə dəqiq sərhədlər qurulmalıdır ki, bu yaxınlaşma hər hansı bir formada Azərbaycanın özünü Rusiyanın təsir dairəsinə daxil etməsin. Zahid Orucun sözlərinə görə, hazırda beynəlxalq aləmdə xarakterizə edilərkən Azərbaycan İranın və Rusiyanın təsir dairəsində olmayan ölkə kimi vurğulanır.

HEYDƏR ƏLİYEVDƏN QALMA KÖRPÜ

Azərbaycan və Rusiya prezidentlərinin Ulyanovskda Qarabağa dair nə danışdıqları barədə hələlik ətraflı məlumat verilmir. Amma səfər barədə məlumatlar var. Noyabrın 24-də prezidentlər - İlham Əliyev və Dmitri Medvedev Volqa çayı üzərindən çəkilən körpünün yuxarı hərəkət hissəsinin açılışında iştirak edilər. Bu köpünün tikintisi barədə qərarın verilməsində keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev yaxından iştirak edib.

Konfliktlərin həlli mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, bu görüşün Azərbaycan üçün müsbət təsiri ola bilər. Səfər zamanı Qarabağdan danışılsa da, hər halda Rusiya prezidenti Dmitri Medvedev İlham Əliyevi Heydər Əliyevin də rolu olan bir işin nəticəsi ilə əlaqədar Ulyanovska dəvət edib.

«Bu baxımdan bu görüş Azərbaycan üçün xoş niyyətli bir mühitdə əlamətdar ola bilər. Yəni Rusiya tərəfi Azərbaycanın maraqlarını daha həssaslıqla qiymətləndirər və yardım edər»

Avropanı Uralla, eləcə də Sibirlə birləşdirən bu sözügedən körpünün tikintisinə 1980-ci illərin əvvəllərində başlanılıb. 80-ci illərin sonunda isə Cənubi Qafqazın iki respublikasını - Azərbaycanla Ermənistanını bir birindən ayıran Qarabağ münaqişəsi başlayıb.

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNDƏ BIR NÖV DƏYİŞİKLİK HİSS OLUNMAQDADIR

«Ayna» – «Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu deyir ki, prezidentlərin Ulyanovsk görüşü Bakı ilə Yerevan arasındakı uçurumun üzərində hansısa körpünün əsasını qoymayacaq. Sadəcə bundan sonra diplomatiyaların atacaqları addımların dəqiqləşdirilməsinə xidmət edəcək. Onun fikrincə son zamanlar Azərbaycanın xarici siyasətində bir növ dəyişiklik hiss olunmaqdadır. Azərbaycan hakimiyyətinin yüksək təmsilçiləri Rusiya yönümlü bəyanatlar verməyə başlayıb. Azərbaycanda anti-Amerika əhval ruhiyyəsi çoxalır. Belə bir anda Rusiya rəsmilərinin Bakıya gəlişi və Azərbaycan rəhbərinin Rusiya rəhbəri ilə görüşü qaçılmaz idi. Bu baxımdan Rusiya prezident administrasiyasının rəhbəri Serqey Narışkinin Bakıya səfəri, eləcə də İlham Əliyev və Dmitri Medvedevin görüşü yəqin ki, anti-Amerika əhval ruhiyyəsinindən xəbər verir.

«Zənnimcə artıq istər Qərb, istərsə də Rusiya Azərbaycan hakimiyyətinin fikrini öyrənmək istəyirlər. Yəni Azərbaycan diplomatiyasında dəyişiklik olacaq ya yox və Münhendən sonra Ulyanovsk görüşü bu münaqişənin həllində kimin prioritet təşkil etdiyinə cavab tapmağa çalışacaq. Yəni Azərbaycan Minsk qrupu və Qərb diplomatiyası ilə əməkdaşlıq edir, yoxsa Rusiyanın göstərdiyi yolla gedir».

Azər Rəşidoğlu hesab edir ki, əgər Azərbaycan Rusiyanın göstərdiyi yolla gedəcəksə hərbi əməliyyatların başlanması barədə ritorik bəyanatlar çoxalacaq.
XS
SM
MD
LG