Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:42

“Milli Məclisdə kişi şovinizmi var”


Azerbaijan -- Mehriban Zeynalova, the director of the NGO Clean World, Apr2008
Azerbaijan -- Mehriban Zeynalova, the director of the NGO Clean World, Apr2008
“Təmiz dünya” mərkəzinin rəhbəri Mehriban Zeynalova deyir ki, buna görə də ailədə qadınlara qarşı zorakılıqları qadağan edən qanun iki ildir parlamentdə “sürünür”.

- Mehriban xanım, SSRİ dağılandan sonra Azərbaycanda başlanmış dinə qayıdış ailədə qadınların vəziyyətinə necə təsir edib?


- Ümumilikdə dinə qayıdışın ailədaxili münasibətlərə müsbət təsiri olub. Axı İslam qadına böyük dəyər verir. Amma burada iki mənfi məqamı qeyd etmək istərdim. Cəhalət və radikal təriqətlər.

Bəzi kişilər dini düzgün anlamadıqları üçün mənəviyyatı qorumaq adı altında qadını işləməyə qoymur, onun geyiminə zorla qadağalar qoyurlar. Qadının dini ayinləri icra etməyə məcbur edilməsi hallarına da rast gəlinir.

Qadının sərbəst şəkildə hansısa məsələdə qərar qəbul etməsi qıcıq doğurur. Döyülmə halları da olur.

Digər tərəfdən biz tez-tez eşidirik ki, müxtəlif radikal təriqətlərə qoşulanlarla, məsələn, vəhabilərlə ailə quran qızlar bir ısra hallarda ailədə çox ciddi rejimlə üzləşirlər. Onlara qarşı bir sıra hallarda zorakılıq baş verir, onları ətraf aləmdən demək olar ki tamamilə təcrid edirlər.

Amma İslamı dərk edən kişilər öz qadınlarına elə dinin özünün tələb etdiyi kimi humanistliklə yanaşır, qadının fikrinə hörmət edirlər.

- Axır 20 ildə Azərbaycanda dinə qayıdışla paralel qərbləşmə, müasirləşmə meylləri də artıb. Bunun ailə daxilində qadının mövqeyinə nə təsiri oldu?

- Müasirləşmə, demokratik düşüncə tərzinin geniş yayılması müsbət prosesdir.

Amma bu prosesdə qadınların sərbəst düşünmək istəklərinə qarşı basqılar artdı. Biz axır bir ayda Azərbaycanda 10 elektron qəzetin monitorinqini aparmışıq.

Çox dəhşətli bir rəqəm ortaya çıxdı. Ailədə ölüm, özünə qəsd, sağlamlığa qəsd hallarının son bir aylıq statistikası qadınların acınacaqlı durumunu göstərir. Ailə münaqişəsi zəminində 23 ölüm halı olub və bunun 18-də qadın öldürülüb.

Biz bilirik ki, qadınlara qarşı zorakılıq latent, dörd divar arasında gedən bir prosesdir.

Xüsusən ailələrdə baş verən zorakılıqlar haqda xəbərlər az-az hallarda evdən “çölə çıxır”. İnsanlar çox vaxt onlara qarşı zorakılıqlar haqda məlumat vermirlər, bunu gizlədirlər, yaxud bunu norma kimi qəbul edirlər. Onlara deyirlər ki, “ərə getmisənsə döyülməlisən, ərin bütün dediklərini olduğu kimi qəbul etməlisən”.

Bəzən biz qadınlara qarşı zorakılıqları pisləyəndə tənqidlərə də məruz qalırıq.

Guya ki biz qadınların tam azadlığını tələb etməklə onları pis yola çəkirik. Bu, yanlış bir fikirdir.

Əslində qadının düşüncəsi azad olmalı, onun fikri dinlənməli, o döyülməməlidir. Ailədə uşaq böyüyür, o, zorakılıq görürsə, özü də gələcəkdə başqa insanlara o cür yanaşacaq. Belə olanda cəmiyyətdə demokratiya, insan haqlarına hörmətin oturuşması da müşkülə dönür.

- Kişilərin cəmiyyətdə qərar qəbul edilən postlarda daha çox təmsil olunması qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönələn işlərə maneçilik törədirmi?

- Əlbəttə! Əvvəla onu deyim ki, cəmiyyətdə belə bir yanlış mif geniş yayılıb ki, qadın yaxşı rəhbər ola bilməz, qadın ictimai fəaliyyətlə məşğul olsa, adına ləkə gələr və s.

Baxmayaraq ki, dövlət vəzifələrində də, biznes sahəsində də böyük uğur əldə etmiş yetərincə qeyrətli, ləyaqətli qadınlarımız var. Əlbəttə ki qadınlara qarşı belə yanlış miflərin mövcud olduğu yerdə qadın zorakılığına qarşı mübarizə də çətindir.

Mən müşahidə edirəm ki, artıq iki ildir ki, məişət zorakılığına qarşı mübarizə haqda qanunun müzakirəsi parlamentdə çoxlu müqavimətə rast gəlir.

Gah müzakirəyə çıxarılır, gah qaytarılır. Ailə, qadın və uşaq problemləri üzrə komitənin təklif etdiyi bu layihə iki ildir ki, parlamentdə “sürünür” və Milli Məclis qərar qəbul edə bilmir.

Heç cür razılaşmaq istəmirlər ki, ailədaxili zorakılıqla bağlı hallar hüquqi müstəvidə həll olunsun.

Deyirlər ki, ailə bir qaladı, heç kəs ora daxil olmamalıdır. Belə təəssürat yaranır ki, parlamentdə bir kişi şovinizmi var. Qanuna müqavimət göstərən kişi deputatlara qoşulan bəzi qadınlar da var. Amma mən yenə optimistəm.

Qanuna dəstək verən mütərəqqi qüvvələr də var və mən düşünürəm ki, yaxın vaxtlarda onu qəbul etmək mümkün olacaq.

- Yəni hesab edirsiz ki, Azərbaycanda kişilər lazım gələndə qadınlara qarşı birləşə bilirlər...

- Elə qəşəng birləşirlər ki... (gülür – R.Q.) Elə haqqında danışdığımız qanunun müzakirəsində həmin “həmrəyliyi” müşahidə etdik.

Yaxud iş yerlərində görürsən ki, hansısa qadın rəhbər vəzifədəki kişidən daha ağıllıdırsa, kişilər birləşib ona təzyiqlər edirlər.

Bu, dünyanın hər yerində var. Azərbaycanda daha qatı şəkildədir.
XS
SM
MD
LG