Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Türk hakim və prokurorları qanunsuz telefon dinləmələrinə qarşı


«Bu hal Konstitusiyanın II maddəsində öz əksini tapan «Türkiyə Cümhuriyyəti hüquq dövlətidir» prinsipinə açıq-aşkar ziddir»
«Bu hal Konstitusiyanın II maddəsində öz əksini tapan «Türkiyə Cümhuriyyəti hüquq dövlətidir» prinsipinə açıq-aşkar ziddir»
Türkiyədə hakim və prokurorların hüquqlarını müdafiə edən Hakimlər və Prokurorlar Fondu ölkədə qanunsuz telefon dinləmələrini «hüquq dövlətinə təcavüz» şəklində xarakterizə edib.

Fonddan verilən yazılı açıqlamada deyilir: «Bu gün gəldiyimiz mərhələdə terror təşkilatı və mütəşəkkil suçla bağlı istintaqları aparan baş prokurorlar, ağır cəza məhkəmələrinin sədrləri, Ali Məhkəmənin cümhuriyyət prokurorları, məhkəmə orqanlarındakı bir çox hakim və prokuror hüquq dövləti prinsiplərinin işləmədiyi totalitar rejimlərdə rast gəlinən dinlənilmə və texnoloji vasitələrlə təqib edilməyə məruz qalmışlar. Bu hal Konstitusiyanın II maddəsində öz əksini tapan «Türkiyə Cümhuriyyəti hüquq dövlətidir» prinsipinə açıq-aşkar ziddir. Bu, icra orqanının ədliyyə və prokurorluq sistemlərini özünə tabe etmə cəhdidir».

Hakimlər və Prokurorlar Fondunun açıqlamasında baş nazir Ərdoğanın «Mənim telefonlarımı da dinləyiblər» sözləri tənqid edilərək, hökumət başçısının bu sözlərinin ölkədə hüquqa olan etimadı zədələdiyi vurğulanır.

Açıqlamada qanuna zidd şəkildə telefon dinləmələrinin insan hüquqlarının tapdanması olduğu xatırladılır. Fondun açıqlaması ictimaiyyətə verilən bu mesajla bitir:

«İctimaiyyətin bilməsi lazımdır ki, hüquqa zidd şəkildə telefon dinləmə qərarları bir maqazin materialı olmayıb, Avropa İnsan Hüquqları Konvensiyası və ölkə konstitusiyasının təminat altına aldığı əsas haqq və azadlıqların açıq-aşkar tapdanmasıdır.Bu, hüquqa etimadı azaldaraq qorxu toplumu yaratmağın və demokratik plüralizmin yox edilməsinin ən kobud, ən qısa və ən vəhşi metodudur. Türk hakim və prokurorları onların hüquqlarına müdaxilə edərək toplumun hüquqsuzlaşdırılmasına hüquq çərçivəsində icazə verməyəcəklər. Türk hakim və prokurorlarının sivil səsi olan Hakimlər və Prokurorlar Fondu hüququn üstünlüyünə olan sayğısı və inamı ilə ədalətə yönəlmiş hücumlara qarşı hüquq yolu ilə mübarizəsini davam etdirəcək».

Türkiyədə hüquq dövləti prinsiplərinin tapdalandığını iddia edən Vəkillər Kollegiyası da bir həftə əvvəl İstanbulda etiraz yürüşü keçirib.
XS
SM
MD
LG