Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:24

Bankomatlarda niyə pul yoxdur?


«Növbə olanda həvəsim olmur gözləməyə»
«Növbə olanda həvəsim olmur gözləməyə»
Bakı sakinləri deyirlər ki, bayram günü bankomatlardan əməkhaqqı və pensiyalarını çıxarmaqda çətinlik çəkirlər. Səbəb bankomatların sayının az, olanların içərisində isə pul olmamasıdır:

BAYRAMDA BANKOMATLAR DA «İSTİRAHƏT» EDİR


- Bax elə indi pulumu götürmək istədim, bankomat boşdur. Neçə dəfədir gəlirəm, pul yoxdur. Xüsusən bayram günləri bankomatlarda pul tapmaq çətindir. Pul tapanda da xırdası olmur.

- Bir neçə gündür elə bu bankomatı yoxlayıram. Çünki ətrafda başqası yoxdur. Pul yoxdur. Aylığı çatdıra bilmirik, gəlirsən pul almağa burda da pul yox. Adam dilxor olur.

- Mən 75 manat pensiya alıram. Bir də görürsən ki, bankomatda ancaq 100 manatlıq əskinaslardır. Dəfələrlə gedib-gəlirik, pensiyanı ala bilmirik.

- Növbə olanda həvəsim olmur gözləməyə. Bu bankomatı bir neçə dəfə yoxlamışam son 3 gündə, boşdur.

- Bəs xırda pullarınızı ala bilirsiniz?

- Çox vaxt ala bilmirəm. Elə insanlar var həmin o 2-3 manat onun üçün doğrudan da böyük puldur. Mənim pensiyam bir qədər artıqdır deyə, gözləyirəm, 5 manat olur sonra götürürəm.

PUL QITLIĞI YOXDUR

Azərbaycanda vətəndaşların çoxunun pensiya və əməkhaqları Beynəlxalq Bank vasitəsilə ödənir. Beynəlxalq Bankın mətbuat xidmətinin başçısı Rauf Ağayev deyir ki,
Beynəlxalq Bank
heç bir halda vətəndaşların vəsaitlərini nağdlaşdırə bilməməsi pul qıtlığı ilə bağlı deyil. Paytaxtda 600 bankomat quraşdırılıb. Bayram günlərində vətəndaşların pul qıtlığı çəkməməsi üçün şənbə günü bankomatlara yenidən pul yerləşdirilib. Ancaq o, hər hansı bankomatda problem olacağını da istisna etmir:

- Bayram günləri növbələrin olmamasına, vətəndaşların öz pullarını rahatlıqla nağdlaşdırmasına imkan yaratmağa çalışmışıq. Bununla belə, şəhərdə hansısa bankomatın çalışmamasını da istisna etmək olmaz. Bu, texniki problemlərlə də bağlı ola bilər. Bankomatlar elektriklə çalışır. Şəhərin müxtəlif ərazilərində isə tez-tez qazıntı işləri aparılır. Bu zaman naqillər zədələnir və biz qırılmanın hansı sahədə olması üçün bütün mağistral boyu işlər aparmalı oluruq. Bax bu, bankomatların işində fasilələrə səbəb olur. Bu səbəbdən yaxın zamanlarda Bakıda və bölgələrlə naqilsiz işləyən mobil bankomatların quraşdırılmasına başlayacağıq.

Rauf Ağayev bildirir ki, vətəndaşların hesablarında olan vəsaitlərdən rahatlıqla yararlanması üçün həm də post-terminalların quraşdırılmasını məqbul sayırlar. Ancaq o, satış mərkəzlərində buna marağın az olduğunu bildirir.

ÇARƏ POST-TERMİNALLARDADIR

İqtisadçı Azər Mehtiyev də vətəndaşların pullarını bankomatlardan çıxara bilməməsini pul qıtlığı ilə yox, xidmətin aşağı səviyyədə olması ilə izah edir:

- Ölkədə nağd pul qıtlığı yoxdur. Ancaq vəsaitlərin vətəndaşların hesabına yerləşdirilməsi məsələsində son aylar problem yaşanır. Elə dövlət orqanları var ki, onların işçiləri son aylar hər zaman olduğundan daha gec əməkhaqqı almalı olurlar. Bu da digər dövlət orqanlarının əməkhaqqı, müxtəlif pensiya qrupları ilə eyni vaxtda düşür, nəticədə bankomatlarda növbələr, pul qıtlığı yaranır.

Durumdan ən optimal çıxış yolunu Azər Mehtiyev də post-terminalların geniş tətbiqində görür. Onun fikrincə, bu, həm də ticarət və vergi mədəniyyətinin yüksəldilməsi baxımından önəmlidir. İqtisadçı deyir ki, bu işdə ticarət obyektləri maraqlı görünmür. Çünki onlar bütün dövriyyələrinin leqallaşmasında maraqlı deyillər.
XS
SM
MD
LG