Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

Ordu generalları ifadə verəcəklər


Gündəliklərdə 2003-2004-cü illərdə türk ordusunun AKP hökumətinə qarşı çevrilişə hazırlaşdığı iddia edilib
Gündəliklərdə 2003-2004-cü illərdə türk ordusunun AKP hökumətinə qarşı çevrilişə hazırlaşdığı iddia edilib
«Ergenekon» adı verilən əməliyyatın prokurorluq istintaqı çərçivəsində keçmiş qüvvə komandanları olan ordu generallarının ifadə verməsi qərarlaşdırılıb. 2004-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Quru qoşunları komandanı olmuş ordu generalı Aytaç Yalman, Hava qüvvələri komandanı, ordu generalı İbrahim Fırtına və Dəniz qüvvələri komandanı, ordu admiralı Özdən Örnək bu həftənin sonuna qədər prokurorluğa ifadə verməyə çağırılıb.

İfadəyə çağırılan generallar arasında keçmiş Dəniz qüvvələri komandanı, ordu admiralı Özdən Örnəkin sözləri «Ergenekon» deyilən əməliyyatın gələcəyi baxımından mühüm rol oynayacaq. Çünki «Ergenekon» adlı əməliyyatın prokurorluq ittihamnaməsində ordu admiralı Özdən Örnəkə aid olan gündəliklərdə 2003-2004-cü illərdə türk ordusunun AKP hökumətinə qarşı çevrilişə hazırlaşdığı, ancaq Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkökün buna mane olduğu iddia edilib. Ordu admiralı Özdən Örnək isə bu gündəliklərin ona aid olmadığını bildirib.

Məhkəmənin keçən həftəki iclaslarından birində 8 aydan bəri həbsdə olan «Cümhuriyyət» qəzetinin Ankara təmsilçisi Mustafa Balbay hakimə «Məni nə ilə ittiham etməyinizin səbəbini deyərsinizmi?» sualını yönəldib. Prokuror isə jurnalistə «Ordu admiralı Özdən Örnəkə aid gündəliklərdən xəbəriniz olduğu iddiası ilə» cavabını verib.

Mustafa Balbayın «Mən burdayam, bəs Özdən Örnək hardadır?» sualına məhkəmə hakimi də haqq qazandırıb. Media da Mustafa Balbayın bu sözlərinə dəstək verərək, tutduğu gündəliklərlə 2003-2004-cü illərdə türk ordusundakı yüksək rütbəli generalların çevriliş hazırlığında olduğu iddiasını gündəliyə daxil edən və «Ergenekon» deyilən əməliyyatda iki ordu generalının həbsinə səbəb olan ordu admiralı Özdən Örnəkin ifadəyə çağırılması üçün prokurorluğu öz vəzifəsini yerinə yetirməyə dəvət edib.

ABŞ-ın Ankaradakı keçmiş səfiri Erik Edelman 30 noyabrda «Milliyət» qəzetinə verdiyi müsahibədə 2004-cü ildə türk ordusunun çevriliş hazırlığında olmasına dair onlara hər hansı bir məlumatın daxil olmadığını deyib. Erik Edelman, ordunun yüksək təbəqəsindən onlara çevrilişlə bağlı məlumat gəlməsi halında buna birmənalı şəkildə qarşı çıxacaqlarını vurğulayıb.

«Ergenekon» adı verilən əməliyyatın üç prokurorluq ittihamnaməsi təxminən 6 min səhifədən ibarətdir. Əməliyyat çərçivəsində istintaqa cəlb edilən 154 nəfədən 36 nəfəri həbsxanadadır. Onların arasında elm xadimləri, istefada olan genarallar, jurnalistlər, partiya liderləri və siyasətçilər var.
XS
SM
MD
LG