Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

Təşviqatsız bələdiyyə seçkiləri…


Lövhələrə şəkil yapışdıran yoxdur, Bakı, 1 dekabr 2009
Lövhələrə şəkil yapışdıran yoxdur, Bakı, 1 dekabr 2009
Təşviqat mərhələsinin artıq bir həftəsi geridə qalmaq üzrə olsa da, hələ də bələdiyyə seçkilərində süstlük hökm sürür. Televiziya debatları bir yana, heç namizədlərin seçki məntəqələri önündəki lövhələrdə belə şəkilləri gözə dəymir.

Hər halda paytaxtın 17 saylı 3-cü Yasamal Seçki Dairəsində baş çəkdiyimiz məntəqələrin önündəki boz lövhələr fikrimizi təsdiq edir. Bu dairədəki 5 saylı seçki məntəqəsinin sədri Sürəyya Yusifova bunu təşviqatın yenicə başlaması ilə izah edir:

«Yəqin ki, sonrakı günlərdə gəlib şəkillərini vuracaqlar. Biz əslində lövhələri qoruyuruq ki, gəlib onları cıran olmasın».

Ancaq hələ ki, necə deyərlər qorumalı şəkil yoxdur. Yalnız yaxın ərazilərdə və məntəqələrin daxilində bələdiyyə seçkilərinə aid ümumi plakatlar gözə dəyir. 5 saylı məntəqənin yerləşdiyi 31 saylı orta məktəbin dəhlizinə isə seçicilərin ümumi siyahısı vurulub. Siyahının yuxarısında isə keçmiş prezident Heydər Əliyevin böyük portreti asılıb. Bu portretin altında adını seçici siyahısında dəqiqləşdirən bir seçici belə gözə dəymirdi.

SEÇİCİLƏR DƏ NAMİZƏDLƏR KİMİ PASSİVDİR…

Həmin məntəqənin qarşısındakı küçədə rastıma çıxan insanlardan adlarını seçici siyahılarında dəqiqləşdirib-dəqiqləşdirmədiklərini soruşuram:

Sürəyya Yusifova
-Yox, vaxtım yoxdur…
-Mən bələdiyyə seçkilərinə əhəmiyyət vermirəm…
-Az yaşlı uşaqlarım var, başım onlara qarışıqdır…

Dekabrın 23-də 15 mindən çox bələdiyyə üzvü seçilməlidir. Həmin yerlər uğurunda isə 32 minə qədər iddiaçı mübarizə aparır. Bu bir yerə təxminən iki iddiaçının olduğunu göstərir. Ancaq 5 saylı məntəqənin yerləşdiyi 17 saylı 3-cü Yasamal Seçki Dairəsində ən azı nəzəri olaraq rəqabət daha yüksək olmalıdır. Çünki həmin dairədə 19 yerə nə az nə çox 73 namizəd iddiaçıdır.

MÜXALİFƏTÇİLƏR QƏLƏBƏYƏ İNANMIRLAR…

Onlardan ikisi də Müsavat partiyasının üzvüdür. Həmin namizədlərdən biri Fəxrəddin Hilalov təşviqata başlamamasını hüzrünün düşməsi ilə izah edir. Anar Bəşirov isə bunu maddi səbəblərlə bağlayır. Üstəlik onun namizədliyinin qeydiyyata alınmasından dəqiq xəbəri yox idi:

«İşdə bəzi problemlərim var. Bir də açığı mənim heç namizədliyimin qeydiyyata alınmasından xəbərim yox idi».

Bununla belə onların hər ikisi etiraf edir ki, bu vəziyyət onların seçilmə şansını heçə endirir.
Fəxrəddin Hilalov: «Təbii ki, əgər seçicilər məni tanımayacaqsa, heç bu qədər əziyyət çəkib namizədliyimi verməyə ehtiyac yox idi ki?».

YAP PULSUZ EFİRDƏN İMTİNA EDİR…

Hakim Yeni Azərbaycan Partiyası isə pulsuz efirdən imtina edir. Yeri gəlmişkən bu imkan yalnız onlara məxsusdur. YAP-ın mərkəzi qərargahından verilən açıqlamada bu qarşı tərəfin olmaması ilə izah edilib.
Qarşıda hələ ki, 3 həftə var…
Bu partiyadan olan millət vəkili Rüstəm Xəlilov lövhələrə şəkillərin vurulmamasını isə komissiya üzvləri kimi təşviqatın yenicə başlaması ilə izah edir.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, təşviqat mərhələsindəki passivliyin səbəblərindən biri müxalifət partiyalarının bu bələdiyyə seçkilərinə yaxşı hazırlaşmamalarıdır. Bir tərəfdən bu, bir tərəfdən də onların maddi imkansızlığı bu seçkilərdə rəqabətin olmayacağından xəbər verir. Üstəlik o hesab edir ki, hakim Yeni Azərbaycan Partiyası qələbəsinə həddən arxayındır:

«Son nəticədə partiya heç bir təşviqatla məşğul olmur və dırnaqarası ümidini bağlayır seçki gününə. Həmin gün inzibati resursları işə salmaqla seçkini keçirirlər. Bu Azərbaycan reallığıdır».

Beləliklə, bu 4 həftəlik təşviqat mərhələsində geridə qalan bir həftəylə bağlı müşahidələrimiz idi. Qarşıda isə hələ ki, 3 həftə var…
XS
SM
MD
LG