Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:41

Maşınımı harda saxlayım?


Maşını bir neçə dəfə evakuasiya edilmiş sürücü 44 manat 30 qəpiyədək cərimələnə bilər
Maşını bir neçə dəfə evakuasiya edilmiş sürücü 44 manat 30 qəpiyədək cərimələnə bilər
«Maşını saxlamışam ki, gedəm qoyun alam, gəlmişəm ki, maşın yerində yoxdu. Öyrənmişəm ki, avtokar götürüb çıxıb gedib. «Çapayev»dən götürmüşdülər. Mən də özüm üçün müəyyən elədim ki, Nərimanov rayonudursa, yəqin «Gəncli»yə aparıblar. Gedib «Gənclik»dəki cərimə meydançasından tapmışam. 70 manat pul istədilər. Bəs biz neyləyək, maşınımızı harda saxlamalıyıq?»

QƏBZ YOXDU, MAŞININI GÖTÜR, GET

Paytaxt sürücüsü Qəzənfər Ağayev deyir ki, maşın almaq böyük arzularından biri olsa da indi buna peşmandır. Çünki maşın alandan işi-peşəsi onu evakuatorlardan qorumaqdır. Deyir, bilmirəm maşınımı harda saxlayım ki, ondan aralanan kimi evakuatorun belinə mindirib cərimə meydançasına aparmasınlar.

Sürücü deyir ki, yaşadığı Təbriz küçəsində maşın saxlamağa yer yoxdu. O, maşınını evinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində saxlamaq məcburiyyətindədi: «Şəxsən mən yaşadığım yerdə - Təbriz 1-də maşın saxlamağa yer yoxdu. Məcburam gedəm zapravkada saxlayam».

Qəzənfərin maşını nə az - nə çox, düz 7 dəfə cərimə meydançasına aparılıb. Sürücünün sözlərinə görə, bunlardan yalnız ikisində ona ödədiyi cəriməyə görə qəbz verilib: «İkisində almışam, qalanlarında deyib qəbzimiz yoxdu. Cəriməni ödə, maşınını götür get».

İş orasındadır ki, müsahibimin heç cərimənin məbləği barədə də dürüst məlumatı yoxdu. Deyir ki, hər dəfə cərimə meydançasına qədəm basanda ona müxtəlif məbləğlər oxuyurlar. Hətta evakuatorun benzin pulunu da ondan alırlar.

Ancaq pozulmuş sürücülük hüquqları uğrunda məhkəmə davası açmaq müsahibimin ağlına belə gəlmir. Deyir məhkəmə də özləridir, qanun da. Biz kimik ki?

5 DƏQİQƏDƏN SONRA GƏLDİM Kİ, MAŞIN YERİNDƏ YOXDU

Sürücü Qəzənfər Ağayev
Ancaq analoji vəziyyətlə qarşılaşan Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq hüquq təşkilatının sədri Mətləb Mütəllimli sürücülük hüquqlarının tapdalanması iddiası ilə məhkəməyə üz tutub. Mətləb Mütəllimli deyir ki, normal ölkələrdə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsi tətbiq olunur. Belə sürücülərin maşınlarının ön şüşəsinə cərimə kağızı yapışdırılır, daha onun maşını özündən xəbərsiz cərimə meydançasına aparılmır. Mətləb Mütəllimli özü maşınını saxladığı yerdə tapmayanda onda ilk olaraq belə fikir yaranıb ki, maşını oğurlanıb: «Gənclik» metrosunun yaxınlığında heç bir hərəkətə mane olmayan yerdə maşını saxladım, 5 dəqiqədən sonra gəldim ki, maşın yerində yoxdu. Axtarmalı oldum, istər-istəməz ilk növbədə adamda belə təəssürat yaranır ki, maşın oğurlanıb. Taksi sürücülərindən öyrəndim ki, cərimə meydançasına aparılıb».

Mətləb Mütəllimli maşınını metronun «Gənclik» stansiyası yaxınlığındakı cərimə meydançasından tapıb. 40 manat cərimə ödəyib. Ancaq maşınını götürmək istəyərkən məlum olub ki, evakuasiya zamanı maşınına zərər dəyib: «40, 50, 100 minlik maşınları necə gəldi yükləyib, necə gəldi düşürürlər, maşınlara görə heç bir məsuliyyət də daşımırlar».

DÖVLƏT YOL POLİSİNDƏN 1100 MANAT TƏLƏB EDİLİR

Mətləb Mütəllimli deyir Bakıda küçə qalmayıb ki, orada «Saxlamaq qadağandır» işarəsi qoyulmasın: «Vətəndaşlar demək olar ki, maşınlarını heç bir yerdə saxlaya bilmirlər. Hətta çox vaxt elə yerdə saxlayırlar ki, orda gediş-gəlişə heç bir maneçilik yoxdur, oralardan da yığıb cərimə meydançasına aparırlar. Dövlət yol polisi bundan bir növ biznes məqsədilə istifadə edir. Maşın sahibləri öz maşınlarını cərimə meydançasından götürmək istəyəndə onlardan 50, 70, 100 manat pul alınır. Halbuki mövcud qanuna görə, bunun cəriməsi 15 manatdan 20 manatadək olmalıdır. Yerlərdə sürücülərdən alınan pullara görə qəbzlər verilmir və bu pullar sözsüz ki, şəxsi ciblərə gedir».

İndi Mətləb Mütəllimli Dövlət Yol Polis İdarəsindən 1100 manat təzminat tələb edir. 100 manat evakuasiya zamanı maşınına dəymiş ziyana, 1000 manatsa özünə dəymiş mənəvi zərərə görə.

Bu iddia üzrə Binəqədi rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə iki dəfə məhkəmə iclası təyin olunub. Dövlət Yol Polis İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmədikləri üçün hər dəfə məhkəmə iclasları təxirə salınıb.
«Vətəndaşlar demək olar ki, maşınlarını heç bir yerdə saxlaya bilmirlər»
Hakim növbəti dəfə məhkəmə iclasını dekabrın 14-ə təyin edib. Mətləb Mütəllimli isə məhkəmədən xahiş edib ki, cavabdeh tərəf növbəti dəfə də prosesə gəlməsə, onun iddiasına qarşı tərəfin iştirakı olmadan baxılsın.

QURUM RƏSMİSİ İSƏ RAZILAŞMIR

Dövlət Yol Polisi İdarəsinin (RDYPİ) Yol Patrul Xidməti Alayının kiçik tağımının komandiri, polis mayoru Xaqani Kərimov isə mətbuata verdiyi müsahibəsində deyib ki, sürücülər maşınlarını dayanacaqlarda deyil, hər hansı bir obyektin yanındakı yolun kənarında saxlamağa daha çox meyl göstərirlər. Sürücülər xəbərdarlıqlara məhəl qoymur. «Kim harda istəyir, orada da saxlayır. Nəticədə süni tıxac yaranır. Bütün bunlar da digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinin tənzimlənməsinə maneçilik törədir. Ona görə də belə xoşagəlməz halların qarşısını almaq üçün maşınları evakuasiya etməyə məcburuq». Tağım komandirinin sözlərinə görə, gün ərzində 8 - 10 maşın evakuasiya olunaraq yaxınlıqdakı cərimə meydançalarına və müvəqqəti saxlanc yerlərinə aparılır. Bununla bağlı yaxınlıqdakı obyektlər, yerli polis bölmələri məlumatlandırılır.

Tağım komandiri cərimələrdən də danışıb. Onun sözlərinə görə, sürücülər evakuasiya olunmuş maşınların cərimə meydançasında və müvəqqəti saxlanc yerlərində gündəlik saxlanılması üçün 30 qəpik, evakuasiya üçün 20 manat, dayanma-durma nişanlarını pozduqlarına görə 22 manatadək cərimə ödəyirlər.

Maşını bir neçə dəfə evakuasiya edilmiş sürücü isə 44 manat 30 qəpiyədək cərimələnə bilər. Tağım komandiri bildirib ki, cərimələr ödənildikdən sonra sürücüyə qəbz verilir, həmin məbləğlər dövlət büdcəsinə köçürülür.
XS
SM
MD
LG