Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:41

Milli kitabxanadan reportaj...


M.F.Axundov adına Milli Kitabxana
M.F.Axundov adına Milli Kitabxanaya girərkən ilk olaraq burnumuza ayaqyolu qoxusu dəydi. Bu qoxu bütün dəhlizi bürümüşdü, hətta əsas oxu zalına qədər gedib çatırdı. Çox keçmədi ki, kitabxananın direktoru Kərim Tahirovun əsəbi çığırtısı da bütün kitabxanaya yayıldı və... ayaqyolunun qapısı bağlandı. Amma artıq gec idi. Oxucuların kitabxanaya dair şikayətlərinin üstünə biri də əlavə olunmuşdu.

Biletimizi nəzarətçiyə göstərib yuxarı, kataloq zalına qalxırıq. Sovet dövründən bəri istifadə olunan rəflərə düzülmüş kataloqların yanına kompyuterlər əlavə olunmuşdu. Gün ərzində 1000-1500 oxucusu olan bir kitabxanaya 8 kompyuter qoyulub. Onlarla oxucu rəflərə düzülmüş kataloqların əlində qalmışdılar. Biz də onlara qoşulub kitab axtarışına çıxdıq. 40 dəqiqəmizi sərf etsək də istədiyimiz kitabın adını kataloqdan tapa bilmədik.

Axtardığı kitab adlarını kataloqdan tapmayan oxucu Rəna Həşimova bunun səbəbini belə izah edir:

«Saatlarla tozlu kataloqlarda istədiyimiz kitabın adını axtarırıq. Tapdığımız kitab adını və nəşr tarixini sarımtıl bir vərəqin iki üzünə qeyd edib nəzarətçiyə veririk və o kitabın gətirilməsini gözləyirik. Bir neçə saat keçdikdən sonra xəbər gəlir ki, kitab yoxdu, ya da kitabın yarısı gəlib çıxır».

Milli Kitabxananın baş kitabxanaçısı Yaşar Qaralıyev kitabların tapılmaması məsələsinə aydınlıq gətirir:

«Biz indiyə qədər prezidentin sərəncamı ilə kitabxanaya daxil olmalı olan məcburi nüsxələri nəşriyyatlardan ala bilmirik. Ona görə ki, müəlliflər nəşr etdirdikləri kitabları kitabxanaya yox, satışa verməyi üstün tuturlar».

Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva deyir ki, 2006-cı ilin əvvəllərindən elektronlaşmaya keçən kitabxanada artıq 100 minə yaxın kitab adı elektron kataloqa, min kitab isə elektron kitabxanaya yerləşdirilib. Yəni, bu 3 ildə 5 milyonluq kitabxana bazasının 2 faizi elektron kataloqa, 0.2 faizi isə elektron kitabxanaya salınıb.

Rəflərə düzülmüş kataloqda qarşımıza çıxan ilk kitabın adını sarımtıl sifariş vərəqinin hər iki üzünə qeyd edib nəzarətçiyə verdik. Yarım saatdan sonra nəşri keçən əsrin əvvəllərinə aid olduğu hiss olunan bir kitab gətirdilər. Götürüb oxu zalına keçdik. 36 yerlik oxu zalında bizimlə birlikdə 6 oxucu var idi. Otaq temperaturu normal olsa da, zalın səssizliyini qorumalı və oxucuların suallarını cavablandırmalı olan nəzarətçi yerində yox idi. Nə qədər axtardıqsa da tapa bilmədik. Oturub kitabı oxumağa başladıq, amma bizi qane etmədi. Çünki bir neçə vərəqi yox idi, qalan vərəqləri də cırılmış və əzilmiş şəkildə idi. Kitabı da götürüb kataloq zalına döndük.
«Oxuduğumuz» kitabı bizdən qabaqkı oxuculara aqressiv, hay-küylə cavab verən kitabxana işçilərinə təhvil verib foyeyə endik.

ABŞ KİTABXANALARINDA KİTABI NECƏ TAPIRLAR?

Təhsilini ABŞ-ın Ohayo Şimal Universitetində almış Selcan Məmmədli Amerika kitabxanalarının geniş imkanlara malik olduğunu deyir:

«O kitabxanalarda istənilən mövzuda kitab tapmaq mümkündür. Kitabxanalar tamamilə elektronlaşdırılıb. Bir kitabxanadan istədiyimiz kitabı tapa bilməsək, onu başqa kitabxanadan internet vasitəsi ilə sifariş etmək olur. Bundan əlavə geniş və dəbdəbəli oxu zalları və nəzarətçilərin səmimiyyəti adamı kitab oxumağa həvəsləndirir».

«ADAM KİTABXANAYA GƏLMƏYİNƏ DƏ PEŞMAN OLUR»

Artıq ayaqyolu qoxusu əvvəlki kimi duyulmurdu. Kataloq zalından foyeyə enərkən iki qız kitabxanaya daxil olub qarderoba yaxınlaşdılar. Gözlənilmədən səs-küy qopdu. Oxucu hesab etdiyim iki qızla qarderob işçisi arasında anlaşılmazlıq yaranmışdı. Qızlar bunca etinasız və aqressiv qarşılanmadan əsəbiləşərək deyinə-deyinə kitabxananı tərk edirdilər:

«Adam kitabxanaya gəlməyinə də peşman olur!»
XS
SM
MD
LG