Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:37

Şərq Tərəfdaşlıq Proqramına böyük ümidlər yoxdur


Avropa Birliyinin Praqa sammitində Şərq Tərəfdaşlıq Proqramı da imzalandı
Avropa Birliyinin Praqa sammitində Şərq Tərəfdaşlıq Proqramı da imzalandı
Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı bu ilin may ayında Praqda böyük təmtəraqla elan olundu. O vaxtdan 8 ay keçsə də indi aydın olur ki, nə Avropa Birliyində (AB), nə də 6 tərəfdaş ölkədə bu strategiyayla bağlı çox da böyük ümidlər yoxdur.

ƏMƏKDAŞLIĞA MƏHDUDİYYƏT QOYMAQ TƏKLİF OLUNUR

AzadlıqRadiosuna məlum olub ki, Avropa Birliyinin sənədlərində bu proqramın iştirakçısı olan ölkələrlə (Ukrayna, Moldova, Belarus, Ermənistan, Azərbaycan və Gürcüstana) əməkdaşlığa məhdudiyyət qoymaq təklif olunur.

Avropa Birliyinin tərəddüdləri Almaniya kansleri Angela Merkelin də dediyi kimi, Lissabon müqaviləsinin qəbulundan sonra qurumun bir növ düşünmə, götür-qoy etmə mərhələsinə qədəm qoymasıyla bağlıdır.

Bu müqavilə yanvarın 1-ə qədər birliyin xarici siyasət mexanizminə tamamilə yeni quruluş verir. Tərəfdaş ölkələrin özləri də Avropa Birliyindən çox şey tələb eləmirlər. Onların AB-yə üzv olmaq ambisiyaları və ümidləri 2004-cü ildə Şərqi Avropanın bəzi ölkələrinin quruma qəbul olunmasından bu yana davamlı şəkildə azalıb.

Şərq Tərəfdaşlıq Təşəbbüsü irəli sürüləndən AB-nin xarici işlər nazirləri tərəfdaşlıq toplantısını keçirməyə hazırlaşırlar. Ancaq gündəlik olduqca maraqsız təsir bağışlayır. Gündəlik hər bir ölkə ilə AB-nin münasibətlərinin mövcud vəziyyəti və 2010-cu il üçün prioritetlərdən ibarətdir.

ƏN YAXŞI HALDA 6 ÖLKƏNİN İKİ MƏQSƏDİ

AB-nin hazırda məqsədi əməkdaşlıq sazişlərinin yeni formasını təqdim etməkdir. Bu forma assosiasiya sazişləri adlanır. Bu sazişlər hazırda ölkələrlə bağlanmış tərəfdaşlıq və əməkdaşlıq sazişlərini əvəz edəcək. Sazişin adı assosiasiya sazişi olsa da bu, heç də həmin ölkələrin gələcəkdə AB-yə assosiasiyalaşmış üzv olması anlamına gəlməməlidir. Ən yaxşı halda həmin 6 ölkə iki məqsədə nail ola bilər. AB-də azad ticarətə və vizasız gediş-gəlişə.

Azad ticarət tərəfdaş ölkələrdə iqtisadi islahatların nə dərəcədə sürətlə getməsindən asılıdır. Vizaya dəldikdə isə bu daha çətin məsələdir. Hər hansı tərəfdaş ölkəyə münasibətdə vizanı ləğv etməmişdən əvvəl AB ölkələri bunun birlik ərazisində immiqrasiyanın, ya da cinayətkarlığın artmasına gətirib çıxarmayacağına tam əmin olmaq istəyəcəklər.

AB-nin əsas diqqəti indi hər şeydən əvvəl həmin ölkələrdə siyasi sabitliyə yönəlib. Bu tendensiya ən azı 2010-cu ildə də davam edəcək.

AB-YƏ İNTEQRASİYA BAXIMINDAN ƏN ÖNDƏ GEDƏN ÖLKƏ UKRAYNADIR

Toplantının gündəliyinə çıxarılan başqa bir sənəddə həmin 6 ölkənin hər birində vəziyyət barəsində təfərrüatlar yer alıb. AB-yə inteqrasiya baxımından ən öndə gedən ölkə Ukraynadır. Bu ölkəylə artıq assosiasiya sazişi, o cümlədən «dərin və hərtərəfli azad ticarət sazişi» imzalana bilər. Vizasız gediş-gəlişlə bağlı danışıqlar da növbədədir. Lakin rəsmilər deyirlər ki, AB ilə Ukrayna arasındakı münasibətlərdə son vaxtlar problemlər yaranıb. Bütün diqqət Ukraynada 2010-cu ilin yanvarında keçiriləcək seçkilərə yönəldiyindən islahatların sürəti zəifləyib. Ən pisi isə odur ki, Ukrayna 2009-cu ilin yanvarında AB ölkələrinin yarısının istiliksiz qalmasına səbəb olan qaz kəsintisinə yol verməmək üçün heç bir konkret tədbir görmür.

Cənubi Qafqaz ölkələri isə Ukraynaya baxanda çox geridə qalırlar. AB onlarla yalnız assosiasiya sazişi danışıqlarının şərtlərini müzakirə edir.

Bu ilin əvvəlində Ermənistana AB-nin ekspertlərdən ibarət məşvərət qrupu bəzi nazirliklərə kömək etmək üçün gəlmişdi. Bu ilin dekabrın 1-də isə bu ölkə ilə insan hüquqları sahəsində dialoqa başlanılıb.

AZƏRBAYCAN ƏSAS ENERJİ TƏCHİZATÇISI VƏ TRANZİT ÖLKƏ KİMİ STRATEJİ ROL OYNAYIR

Azərbaycan əsas enerji təchizatçısı və tranzit ölkə kimi strateji rol oynayır. Bu ölkə AB-nin əsas hədəfi olaraq qalır. Bu ilin əvvəlində AB ilə Azərbaycan arasında «Nabucco» qaz kəməriylə bağlı hökumətlərarası saziş imzalanıb. Layihə Rusiyadan idxal olunan qaza alternativ sayılır. AB ilə Azərbaycan arasında əməkdaşlıq üzrə komitələr mövcuddur. Komitələrdən biri bu məsələləri - ədliyyə, azadlıq, təhlükəsizlik, demokratikləşmə və insan haqları məsələlərini, digəri isə təhsil, sosial məsələlər, telekommunikasiya, tədqiqat və inkişaf məsələlərini əhatə edir.

Gürcüstan isə regionda AB ilə vizanın sadələşdirilməsiylə bağlı danışıqlarda ən öndə gedən ölkədir. Bu sahədə Gürcüstanla artıq saziş imzalanıb. Ermənistan və Azərbaycanla isə hələ bu danışıqlar başlanmalıdır. Ancaq Brüssellə Gürcüstan arasındakı münasibətlər də soyuyub. Səbəb isə Mixail Saakaşvilinin müxalifətə qarşı təzyiqlərini davam etdirməsidir.
XS
SM
MD
LG