Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:22

"Lukaşenko haqda roman" satışdan yığışdırıldı


Belorus yazıçısı Viktor Martinoviçin “Paranoya” romanı satışdan yığışdırılıb.

Əsərdə prezident Lukaşenkoya oxşar obraz var və ad çəkilməsə də hadisələr avtoritar rəhbər tərəfindən idarə edilən bir şərqi Avropa ölkəsində baş verir.

Kitab noyabr ayında Rusiyada çap edilsə də, bir aya yaxın Belorusdakı köşklərdə satılsa da, bir neçə gün əvvəl yerli təhlükəsizlik orqanları kitaba qadağa qoyublar.

Köşk rəhbərlərinə deyilib ki, Martinoviçin kitabının satışı “arzuedilməzdir”.

Əsərdə bir müxalifətçi jurnalistlə uydurma avtoritar ölkənin prezidentinin məşuqəsi arasında yaranan sevgidən bəhs edilir. Müxalifətçi jurnalist obrazı Martinoviçin özünü xatırladır.

Martinoviç yazıçı olmaqdan başqa həm də Minskdə həftəlik qəzetin redaktorudur.

Belorusda tabu mövzulardan biri də dolayısı, yaxud birbaşa prezidentin tənqididir.

Martinoviç kitabın dekabrın 11-də Minsk klublarının birində keçirilməli olan təqdimat və avtoqrafpaylama mərasimini təxirə salıb.

O öz bloqunda yazıb ki, bunun səbəbi qorxu deyil, sadəcə “yaxşı adamları güdaza vermək istəmir”.

Martinoviç deyir ki, kitaba qoyulan qadağa onsuz da gec-tez götürüləcək, lisenziyanı isə qaytarmayacaqlar.

Yazıçı təqdimatın sadəcə “təxirə salındığını” deyib, hadisəyə ironiya ilə yanaşdığını nümayiş etdirməyə çalışıb və sonda dostcasına bunu da əlavə edib: “Kimə avtoraf lazımdısa, görüşək, verim. Minsk balaca şəhərdir”...
XS
SM
MD
LG