Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Əlil uşaqların hamısı təhsil ala bilirmi?


Qubada tanış olduğum 7 yaşlı Xəyalın sözləri hələ də qulağımda cingildəyir
Qubada tanış olduğum 7 yaşlı Xəyalın sözləri hələ də qulağımda cingildəyir. Utancaq gözlərini pəncərəyə zilləyib çəkinə-çəkinə deyir ki, ən böyük arzusu qonşu oğlan ilə nə vaxtsa top oynamaqdır...

«Mən yerimək istəyirəm. Ay Allah mənə ayaq ver, yeriyim... Qonşumuz Saleh Samirlə oynayır, mən də dayanıb onlara baxıram... İstərdim mən də ayağımla topu vurum. Mən Samirə atım, Samir də mənə...»

MÖCÜZƏ BAŞ VERİB… ANCAQ QÜSURLA…

Doğulandan Xəyalın aşağı ətrafları işləmir. Anasının dediyinə görə, hamiləliyi ağır keçib, 3 qızdan sonra oğlunun sağ qalmaq ehtimalı az olsa da, möcüzə baş verib - uşaq qalıb, ancaq qüsurla... İndi bu balacanın bir arzusu da var - həkim olub, xəstə uşaqları müalicə etmək...

Xəyal Nadirov kimi Röya da yaxınlarının himayəsinə möhtacdır. Qohum nikahından dünyaya gələn bu 4 yaşlı qızcığaz anadangəlmə serebral iflicdir (mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranan iflic), sol tərəfi işləmir. Son zamanlar sosial işçilərin yardımı ilə bir-iki rəngi fərqləndirməyi, iməkləməyi öyrənib.

Babası deyir: «Bakıda ayaqqabı sifariş edib, imkan daxilində gedib onu da almışam. Mənim istədiyim odur ki, nəvəm yerisin. İndi müəllimləri gələndən sonra irəliləyiş olub, bir hərəkət edəndə deyir müəllim kimi et».

55 MİNDƏN ÇOX ƏQLİ VƏ YA FİZİKİ QÜSURLU UŞAQ

Röya və Xəyal kimi Azərbaycanda 55 mindən çox əqli və ya fiziki qüsurlu uşaq var. Onlardan təhsil bacarığı olan 20 min uşaqdan yalnız 5 mini məktəbə gedə bilir. Əlil uşaqların cəmiyyətdən təcridi, reabilitasiyası isə ciddi problem sayılır.

Onların tibbi, pedaqoji, psixoloji, defektoloji yardım almaq hüququ olsa da, bəzi ekspertlər bu hüquqların yerinə yetirilməməsindən şikayətçidir.

Röya və Xəyal kimi Azərbaycanda 55 mindən çox əqli və ya fiziki qüsurlu uşaq var
«Müstəqil Həyat» İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov :

«Təsəvvür edin ki, dövlət reabilitasiya mərkəzləri il ərzində 1000-3000 uşağı əhatə edir, amma 55 mindən çox əlil uşaq var. Qanunvericilik mükəmməldir, əfsuslar olsun ki, şkafda qalıb tozlanır. Təhsil və işlə təmin olunma məsələsi, nəqliyyatın olmaması, müavinətlərin az olması... 50 manat nədir ki? Bir məsələni nəzərə almaq lazımdır ki, valideyn daim bu uşağa bağlıdır, işləyə bilmir».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli bildirir ki, əlillərə verilən müavinətlər hər il artırılır. Reabilitasiya mərkəzlərinə gəlincə, onların sayı 12-yə çatıb.

YENİ MODEL 2011-Cİ İLDƏN İŞLƏYƏCƏK

Ötən ildən Quba və İsmayıllı rayonunda əlil uşaqların səyyar reabilitasiyasına başlanıb. Sosial Xidmətlər Təşəbbüsü QHT-nın layihəsi çərçivəsində autizm, Daun sindromu, serebral iflic, əqli gerilik, nitq problemləri olan uşaqların və valideynlərin reabilitasiyası aparılır. Proqramın meneceri Zərinə Əliyeva deyir ki, Sosial Müdafiə Nazirliyi ilə birgə keçirilən layihə 2 ildən sonra hazır olacaq:

«Tam yeni model hazırlayırıq, 2011-ci ildən işləyəcək. Biz bu modeli yaradırıq ki, iki ildən sonra bütün işlər nazirliyin nəzdində olsun. Əvvəl uşaqlar üçün hərtərəfli qiymətləndirmə aparılır, onların psixoloji xüsusiyyətləri qiymətləndirilir. Onun əsasında fərdi inkişaf planı yaradılır. Bizim işçilər hər uşaqla həftədə 2 dəfə 1 saat məşğul olurlar».

Üç ildir Azərbaycanda eksperiment qaydası ilə inklüziv təhsil də aparılır. Bakının 3 məktəbində, Mingəçevir və Yevlaxda sağlamlıq imkanları məhdud olan uşaqlar adi uşaqlarla birgə oxuyur. Təhsil Nazirliyinin Ümumtəhsil Məktəblər Şöbəsinin aparıcı məsləhətçisi Əlvan Səfərov deyir ki, bu günə qədər inklüziv məktəblərə 200-300 uşaq cəlb olunub, gələcəkdə bu cür məktəblərin sayının artırılması planlaşdırılır. Ancaq layihə hələ ki, 5-ci sinfə qədər aparılır.

Azərbaycan 2008-ci ildə Əlillərin Hüquqlarının Müdafiəsinə dair BMT konvensiyasına qoşulub. Sənədə görə hər bir ölkə fiziki və əqli əlilliyi olan insanlara ayrı-seçkiliyə son qoyan qanunlar qəbul etməlidir. Elnur Kələntərli bildirir ki, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə dair proqram hazırlanır və müvafiq orqanlara göndəriləcək.

Azərbaycan əhalisinin 5 faizi əlildir.

... 7 yaşlı Xəyal isə utancaq baxışlarını məndən gizlədib sevdiyi mahnını zümzümə edir…
XS
SM
MD
LG