Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:11

«Exit-poll» keçirəcək təşkilatların «maliyyə sirri»…


Ötən referendum, prezident və parlament seçkilərində də «exit-poll»u ELS və AVCİYA keçirmişdi

Bələdiyyə seçkilərində iki yerli təşkilat – Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və ELS Müstəqil Araşdırmalar Mərkəzi «exit-poll» keçirəcək.

YALNIZ İKİ TƏŞKİLAT

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, bu iki təşkilatdan başqa MSK-ya müraciət edən olmayıb:

«Yalnız iki təşkilat - AVCİYA və ELS Müstəqil Araşdırmalar Mərkəzi müraciət edib və «exit-poll» keçirəcək təşkilat kimi qeydə alınıblar».

«Exit-poll» keçirən təşkilatların hansı mənbələrdən maliyyələşməsi, bu seçkinin ona neçəyə başa gələcəyi cəmiyyəti maraqlandıran suallardandır.

«Exit-poll» keçirmək üçün ciddi maliyyə lazımdır». Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, «exit-poll» keçirən təşkilat öz maliyyə mənbəyini açıqlamalıdır, yoxsa saysız suallar ortaya çıxır:

«MALİYYƏ MƏNBƏYİ MÜTLƏQ AÇIQLAMALIDIR»

Anar Məmmədli
«Exit-poll» keçirən təşkilat öz maliyyə mənbəyini mütləq açıqlamalıdır ki, ictimaiyyət də bilsin ki, bu «exit-poll» hansısa naməlum siyasi qüvvənin və yaxud siyasi qrupun maraqları çərçivəsində deyil, həqiqətən müəyyən bir maliyyə dəstəyi əsasında məhz ictimaiyyət üçün alternativ informasiya yaratmağa görə keçirilir. Əgər həmin təşkilatın maliyyə mənbəyi məlum deyilsə, o təşkilatın keçirdiyi «exit-poll»a da inam ola bilməz».

ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Hüseynova deyir ki, budəfəki seçkidə onlar əvvəlki texniki vəsaitlərdən və çoxsaylı könüllü əməkdaşlardan istifadə edəcəklər. Ona görə də elə bir böyük vəsait tələb olunmur.

Maliyyə məsələlərinə isə onları bu işə cəlb edən AVCİYA baxır:

«Məvacibdir, digər maddi təminatdır, bunlarla AVCİYA məşğul olur. AVCİYA bizi cəlb edib, biz də ancaq həmin kontingenti hazırlayırıq. Həmin gün işin aparılmasını təmin edirik».

«BİZİM TƏŞKİLATIN MALİYYƏ SİRRİ VAR»

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə maliyyə mənbəyi haqqında bir neçə dəfə verdiyimiz suala eyni cavabı verdi:

Məhərrəm Zülfüqarlı
«AVCİYA xarici donor təşkilatlardan maliyyə alan qeyri-hökumət təşkilatlarından çox az vəsaitlə bu işi görür. AVCİYA böyük koalisiyadır, iş adamlarının dəstəyi ilə bu işi görürük. Biz Azərbaycan dövlətçiliyinin inkişafına, demokratiyaya xidmət edirik. Hər bir təşkilatın maliyyə sirri var. Bizim təşkilatın da öz maliyyə sirri var».

Seçki eksperti Anar Məmmədli isə deyir ki, seçki məsələləri kimi ciddi ictimai-siyasi hadisələrdə «maliyyə sirridir», deyib üstündən keçmək olmaz. Anar Məmmədlinin fikrincə, həm AVCİYA, həm də ELS siyasi hakimiyyətin mövqeyini müdafiə etdiklərindən onları kimin maliyyələşdirməsini açıqlamaqda maraqlı deyillər.

MİTOFSKİNİN XATİRƏLƏRİ

Ötən referendum, prezident və parlament seçkilərində də «exit-poll»u ELS və AVCİYA keçirmişdi. 2005-ci ildə Azərbaycanda qalmaqallı Mitofski «exit-poll»unun yerli partnyoru da AVCİYA olmuşdu. Uorren Mitofski sonrakı xatirələrində yerli tərəfdaşların «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd etdiyini deyirdi.

«Exit-poll» 60-cı illərdən başlayaraq Birləşmiş Ştatlarda keçirilib və bu növ seçki monitorinqinin maliyyə mənbəyinin açıqlanması məcburidir. Bu ölkədə «exit-poll»arı əsasən, müstəqil televiziya kanalları və qəzetlərin konsorsiumları sifariş verir.
XS
SM
MD
LG