Hüquqşünas Samir İsayevin fikrincə, Azərbaycan hakimiyyəti ölkənin Avropaya inteqrasiyasına o qədər də maraqlı deyil. O deyir ki, hakimiyyət bütün mümkün vasitələrlə bu prosesi ləngitməyə çalışır: «Avropa Birliyinin Azərbaycana demokratikləşmə ilə bağlı xeyli təklifləri olsa da, hökumət institusional dəyişikliklər etmir. Rəsmilər Avropaya inteqrasiyaya tərəfdar olduqlarını yalnız bəyanatlarında səsləndirirlər. Ortada konkretlik yoxdur. Konkretlik üçün hakimiyyət avro-inteqrasiya ilə bağlı rəsmi qurum yaratmalıdır. Bu, olmadıqca, komissiyalar, hansısa şuralar səviyyəsində ciddi irəliləyiş mümkün olmayacaq. Bütün ideoloji imkanlar – telekanallar, qəzetlər hakimiyyətin əlindədir. Onlar isə Avropa dəyərlərinin Azərbaycanda tətbiqi ilə bağlı təbliğat aparmır. Əksinə, Avropa cəmiyyəti mənəvi dəyərləri itirmiş cəmiyyət kimi təbliğ olunur. Buna görə də vətəndaşların Avropaya inteqrasiya meylləri xeyli dərəcədə zəifdir». Əvəz Həsənov Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü Əvəz Həsənov isə fərqli düşünür. Onun fikrincə, hökumət vətəndaşların Avropaya inteqrasiyasını əngəlləməyə çalışsa da, özü çoxdan Avropadadır:«Hökumət Avropaya inteqrasiyanı istəyir. Hətta bu prosesi xeyli dərəcədə uğurla həyata da keçirir. Baxın, hakimiyyətdə təmsil olunanlar artıq bir neçə ildir öz yaşayış tərzlərini Avropa standartlarına uyğunlaşdırıblar, onların evləri, uşaqlarının təhsili, biznesləri, səhiyyələri, turizmləri hamısı Avropada qərarlaşıb. Mən Avropada xeyli Azərbaycan məmurlarına, onların övladlarına rast gəlmişəm ki, onlar çoxdan avropalaşıblar». Samir İsayev düşünür ki, Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin səsləndirdiyi «Prezident Administrasiyasında işləməyə hüquqşünas yoxdur» probleminin kökündə də bu, dayanır: «Azərbaycandan hər il xaricə 2000-ə yaxın tələbə gedir. Onların çoxu ölkəyə qayıtmaqda meylli deyil. Çünki Avropa təhsili görmüş bu insanlar özlərini reallaşdırmaq üçün Azərbaycanda imkan görmürlər. Azərbaycanın Avropaya inteqrasiya prosesini mümkün qədər sürətləndirmək lazımdır». Samir İsayev Əvəz Həsənov isə bildirir ki, Azərbaycan həm də Avropaya inteqrasiya prosesi çərçivəsində Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla böyük imkanlar qazana bilər:«Azərbaycanda vətəndaşlar yetişdirdikləri kənd təsərrüfatı məhsullarını daha çox Rusiyaya satır. Çünki bunun üçün hər hansı bank sənədinə, gömrük qaydalarına əməl etməyə ehtiyac yoxdur. Bir-neçə qeyri-rəsmi sənədlə bu məsələlər idarə olunur. Ancaq nəzərə almaq lazımdır ki, Avropa Azərbaycandan kənd təsərrüfatı məhsullarının alınmasında maraqlıdır. Çünki məhsullarımız ekoloji cəhətdən təmizdir. Ancaq Avropa ilə indiki qeyri-rəsmi hesablaşmalar səviyyəsində işləmək mümkün deyil. Azərbaycan hökuməti yerli məhsulları dünya bazarına çıxarmaqda maraqlıdırsa, yeni, şəffaf qaydaların tətbiqinə başlamalıdır. Hökumət anlayır ki, bu proses başlasa, ardınca iqtisadi islahatlar aparılmalı, hüquqi proseduralar təkmilləşdirilməlidir. Bu isə cəmiyyətdə Avropa dəyərlərinin bərqərar olmasına – iqtisadi, siyasi, hüquqi azadlıqlarının təmin olunmasına səbəb olacaq. Odur ki, prosesi ləngidir»… |