Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 02:47

Almaniyanın «Kim-kimdir?» ensiklopediyasında həmyerlimizin adı var!


Nuridə Atəşi
Nuridə Atəşi
Almaniyanın bütövləşməsinin 20 illiyi münasibəti ilə «Hübner» nəşriyyatı «Kim kimdir?» adlı xüsusi yubiley ensiklopediyası nəşr edib. Ensiklopediyaya ölkənin siyasi, iqtisadi və mədəni həyatında seçilən ən tanınmış kişi və qadınların adları salınıb. 22.000 məşhur şəxsin daxil olduğu iki cildlik ensiklopediyada uzun illər Almaniyada yaşayan Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti İnstitutunun direktoru Nuridə Atəşinin də adı var. Ensiklopediya haqqında daha geniş bilgi almaq və həmyerlimizi təbrik etmək üçün Almaniyaya telefon açdıq. Onunla atüstü müsahibəni sizə təqdim edirik:

- Nuridə xanım, AzadlıqRadiosunun təbriklərini qəbul edin. «Kim kimdir?» ensiklopediyasına düşmək xəbərini necə qarşıladınız?

- Təbriklərinizə görə təşəkkür edirəm. Bu, mənim üçün də gözlənilməz oldu. Yəqin bilirsiniz, mənim Almaniyada 15 kitabım çıxıb. Son illər Azərbaycanın klassik ədəbiyyatını - 1000 illik poeziyasını alman dilinə çevirdim. Nüfuzlu nəşriyyatların birində «Pərvanə və şam» adlanan antologiya nəşr olundu. Bundan sonra məni alman şairləri arasında ciddi qəbul etməyə başladılar, adım məşhurlaşdı. Bu antologiya indiyə qədər məni həmin ensiklopediyaya təklif etmişdi, ancaq qəbul olunmamışdı. Çünki buraya, adından da göründüyü kimi, ölkənin aparıcı kişi və qadınlarının adları salınır. Amma son illər Əsəd bəyin tədqiqatı ilə bağlı Almaniyada məşhurlaşmışdım. Bu il «Fişe» nəşriyyatında «Qafqazın od qızı» adlı şeirlər kitabım çap olundu. Kitab Almaniyanın kitab bazarında yaxşı satılır. Hətta Frankfurt yarmarkasında da sərgilənib. Bax, bunlar məni bir az da məşhurlaşdırdı. Həmin nəşriyyatlar adımı ensiklopediyaya təklif etdilər. Özüm də gözləmədən, onların yubiley nəşrini poçtla aldım. Gördüm ki, bu ensiklopediyada yeganə azərbaycanlı olaraq bioqrafiyama geniş yer verilib.

- Sizi necə tanıdırlar?

- N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru kimi, Əsəd bəyin və Amazonların tədqiqatçısı kimi. Həm Azərbaycanda, həm Almaniyada Amazonları tədqiq edən ilk qafqazlı araşdırıcı kimi tanıdıblar.

- Nə dərəcədə nüfuzlu ensiklopediya sayılır sözügedən nəşr?

- Almaniyada kimin haqda bilgi almaq istəyirlərsə, «Kim-kimdir» ensiklopediyasına müraciət edirlər. İsveçrədə nəşr olunub. Çox məxsusi bir cilddir. Almaniyanın bütövləşməsinin 20 illiyi şərəfinə çıxıb. Bilirsiniz ki, bu yubiley təntənəli şəkildə bayram edildi. Bütün dünyanın ölkə başçıları gəlmişdilər Berlinə.
Bu münasibətlə xüsusi buraxıblar ensiklopediyanı. Qızıl suyuna salınmış, dəri cilddə. Mənim üçün çox böyük xoşbəxtlikdir ki, ilk azərbaycanlı olaraq bu ensiklopediyanın içindəyəm. Məni əbədiləşdiriblər, bununla fəxr edirəm, gözlənilməz mükafat hesab edirəm.

- Eşitdik, sizi ensiklopediyada «Qafqazın vəhşi amazonu» adlandırıblar?

- (Gülüşmə) Düzü bunu da gözləmirdim. Almanlar mənə belə bir təxəllüs qoyublar...

- Görünür, araşdırdığınız Amazonlara bənzəyişiniz var, ona görə...

- Bəlkə də... İndi Almaniyada hamı məni bu adla çağırır.

- Nuridə xanım, biz sizinlə bir neçə aydır ki, Amazonlar haqqında veriliş hazırlamaq istəyirik, amma alınmır. Avqustda siz Bakıya gəldiniz, mən də məzuniyyətə çıxdım. Bakıya bir də nə vaxt gələcəksiniz?


- Allah qoysa, yanvarın birinci həftəsi Bakıdayam. Amazonlar haqqında doktorluq işi yazıram. Çox böyük kəşflərim var. Təzəlikdə Braziliyadan qayıtmışam. Avropanın bir neçə aparıcı TV-ləri mənimlə söhbət aparıblar, film çəkmək istəyirlər. İndi 9 aylıq ssenarist kurslarında oxuyuram. Oskarlı rejissor Hayfedən dərs alıram. İstəyirəm ssenarini özüm yazım. Əgər gücüm çatmasa, bir alman rejissorunu köməkçi götürmək fikrindəyəm. Bu, çox böyük layihə olacaq. Amazonların Azərbaycan qadınlarının əcdadı olduğunu sübut edəcək bir güc tapmışam özümdə. 8-9 ölkədə araşdırmalar aparmışam. Braziliyadakı Amazon körfəzini belə tədqiqata çəkmişəm. İnşallah, gələrəm, bütün bildiklərimi AzadlıqRadiosunun dinləyicilərinə söyləyərəm. Yeri gəlmişkən, hamıya bayram ovqatı arzulayıram. Yeni ildə görüşənədək!

- Təşəkkürlər, Nuridə xanım. Son sual: Bakıya gələndə, ensiklopediyanı da gətirəcəksinizmi?


- Gətirəcəyəm. Düzdür, iki cilddir, ağır olacaq, amma gətirib göstərəcəyəm.

- Sağ olun.

- Azərbaycana salamlar!
XS
SM
MD
LG