Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:06

MSK Şamaxının Çarhan bələdiyyəsi barədə məlumatı araşdırıb


Azər Sarıyev
Mərkəzi Seçki Komissiyası (MSK) Şamaxının Çarhan bələdiyyəsi barədə məlumatı araşdırıb.

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, bələdiyyəyə namizəd Əbdülməcid Məcidov AzadlıqRadiosunun «İşdən sonra» proqramına bildirmişdi ki, Çarhan kənd bələdiyyəsi üzvlüyünə namizədlərin bir neçəsi qohumdur: «DSK sədri qohumdur. Məntəqə seçki komissiyasında qohumlar işləyir və icra nümayəndəsi də bu adamların qohumudur».

MSK-nın sözçüsü Azər Sariyev isə deyir ki, elə bir hal aşkarlanmayıb:

«Bu günkü araşdırmanın nəticəsində də bəlli oldu ki, həmin şəxsin sözügedən qanun pozuntusu barədə iddiaları əsassızdır. Yəni, monitorinqin nəticələri ilə araşdırmanın nəticələri üst-üstə düşdü».

A.Sarıyev deyir ki, kənddəki namizədlər bir-birinə qohum ola bilərlər və bu qanuna zidd deyil:

«Amma qohum olan şəxslərin DSK, yaxud MSK üzvləri tərkibində heç bir qohumları yoxdur. İcra nümayəndəsi ilə DSK sədrinin isə heç uzaq qohumluğu da yoxdur. Ancaq icra nümayəndəsinin qohumlarının da kənd bələdiyyəsinə namizədliklərini irəli sürməsini qanun qadağan etmir. Qadağa o vaxt olur ki, DSK üzvləri ilə namizədlərin yaxın qohumluğu olsun. Ancaq o fakt da yoxdur».

Əbdülməcid Məcidov isə deyir ki, əvvəllər MSK–ya müraciət edib, amma müraciəti araşdırılmayıb:

«Həqiqətən MSK –ya əvvəllər belə bir müraciət olub və MSK bu məsələni araşdırarkən bəlli olub ki, doğrudan da məntəqə seçki komissiyasının üzvləri namizədlərlə qohum olublar. MSK üzvləri bu qohumluğa görə fəaliyyətlərini qanunla nəzərdə tutulan qaydada dayandırıblar. Həmin şəxs də DSK–ya gələrək şəxsən izahat yazıb ki, artıq onun bu barədə heç bir şikayəti yoxdur».

Azər Sarıyev isə deyir ki, bələdiyyə üzvləri ilə namizədlərin qohum olmadıqları faktını MSK-nın saytına daxil olmaqla da dəqiqləşdirmək mümkündür.
XS
SM
MD
LG