Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Bu il Ermənistan üçün yadda qalan hadisələr hansılar idi?


Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi
Rəyi soruşulan Yerevan sakinlərinin fikrincə, bu il Ermənistanda ən çox müzakirə olunan mövzular Ermənistan-Türkiyə münasibətləri və Türkiyə ilə sərhədlərin açılması ehtimalıdır. İki qonşu ölkə oktyabrın 10-da Sürixdə münasibətlərin normallaşmasını nəzərdə tutan tarixi protokola imza atıblar:

- «Ermənistan-Türkiyə münasibətləri və Qarabağ məsələsi – hesab edirəm bundan vacib heç nə yoxdur».

- «Ermənistan-Türkiyə protokollarının imzalanması - bu, ilin ən mühüm hadisəsi olub».

- «Sərhədlərin açılmasına göz yummaq olar, keçmişi və soyqırımı qurbanlarını unutmamaq şərtilə. İki xalqın barışması və sərhədlərin açılması çox vacibdir».

- «Sərhədlərin açılmasına qəti şəkildə etiraz edirəm. Bu, bəziləri üçün varlanmaq vasitəsi olacaq, qalanları üçün heç nə dəyişməyəcək».

- «Ermənistan-Türkiyə münasibətlərinin inkişafı və bu məsələdə ilkin şərt kimi Qarabağ münaqişəsi. Düşünürəm ki, bunlardan vacib heç nə olmayıb».

Artıq iki ildir ki, Ermənistanda ən çox müzakirə olunan məsələlərdən biri də 1 Mart hadisələridir.

Keçən ilin martında Ermənistanda prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən müxalifət ilə hakimiyyət qüvvələri arasında toqquşmalarda 10-a qədər adam həlak olmuş, yüzlərlə adam yaralanmışdı.

Bir çoxları məhz həmin hadisələri xatırlayır:

- «Prezident seçkisindən sonra baş verən mart hadisələri və nəticələri bu gün də aktualdır. Qalan məsələlərə artıq alışmışıq».

– «Şəffaflıq yoxdur. İnsana ağır gəlir. Biz hələ də izahat ala bilməmişik ki, günahkar kim olub, göstərişi kim verib və nümayişçilərə atəş açanlar kimlər olub?

– «Bu göstərir ki, qanunlar işləmir və nə vaxtsa işləyəcəyi də məlum deyil».

- «Axı tələfat vardı. Mənim üçün bundan vacib heç nə yoxdur. Bundan əlavə qiymətlərin qalxması. Yazıq xalq».

Rəyi soruşulan ermənilərin əksəriyyəti əmindir ki, iqtisadi böhran qlobal olsa da, Ermənistanın nümunəsində qiymət artımı haqsız olub. Ermənilər hesab edir ki, artım bazara nəzarət edən idxalçı və istehsalçıların sayəsində baş verib:

- «Xalqı daim böhranda saxlamaq olmaz. Qiymətlər durmadan artmaqdadır, insanlar mübarizə aparmaqdan təngə gəliblər».

- «Böhran inkişaf etmiş ölkələrdə hiss olunurdu, əhalinin gəlirlərinə təsir etdi. Bizdə isə gəlirlər azdır, biz uzun illərdir böhran vəziyyətindəyik».

– «Ermənistanda böhran təkcə oliqarxlara təsir edib, sadə xalqa yox».

- «Böhran o qədər də ciddi olmadı, ona süni əhəmiyyət verildi».

İqtisadi böhrandan başqa bu il qiymət artımına «donuz qripi» də təsir etdi. Artıq neçə aylardır Ermənistanda qrip ən çox müzakirə olunan mövzulardandır.

– «Donuz qripi»nə mən ciddi yanaşmıram».

- «Qripi müxtəlif heyvanların adları ilə adlandırırlar... Artıq bu virusların mövcudluğuna şübhə etməyə başlayırsan».

– «Gülməli virusdur – «quş qripi» var idi, bu gün «donuz qripi»dir. Mən artıq «keçi qripi»nin də olduğunu eşitmişəm, tezliklə başqa qriplər də peyda olacaq. Absurd vəziyyətdir».

- «Qripdən qorxmuram – o, hər zaman olub, sadəcə danışırlar ki, dərmanların qiyməti artacaq. Necə də utanmırlar... Apteklərdə qiymətləri endirsinlər. Mənim indiki qiymətlərlə dərman almağa imkanım çatır, ancaq imkanı olmayanlara yazığım gəlir. Günahkar - vəziyyəti qəlizləşdirən idxalçılardır».

- «Quş qripi»ndə olan siyasət aparılır, hər şey «Tamiflyu»nun satışına istiqamətlənib».

Bu il Ermənistan müstəqillik tarixində ilk dəfə olaraq ağır atletika üzrə dünya çempionu olub. Noyabrın 27-də Cənubi Koreyada keçirilən dünya çempionatında Nazik Avdalyan 3 qızıl medal qazanıb.

- «Qadınlardan ibarət yığmamızın ağır atletika üzrə dünya çempionatında qələbə qazanması ilin hadisəsidir».

Bəs hansı musiqini ermənilər bu il daha çox dinləyib. Çoxu deyir ki, milli musiqiyə üstünlük verirlər.

– «Qədim erməni və klassik musiqisinə»...

- «Mən erməni kilsə musiqisini dinləyirəm. Maşınımda kompakt disk və kasetlərdə ancaq bu mahnılardır».

- «Erməni musiqisini dinləyirəm».

- «Yalnız «Bittlz»a qulaq asıram».

- «Mən rok musiqini sevirəm və Yan Gillanın Ermənistana səfəri mənim üçün hadisə idi».

- «Yerevan haqda mahnıları bəyənirəm»...
XS
SM
MD
LG