Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:10

Türk mediasinda önəmli dəyişikliklər


Aydın Doğan

Türkiyənin ən böyük media qrupu olan «Doğan» Media Holdinqi idarə heyətinin sədri Aydın Doğan vəzifəsindən istefa verərək pensiyaya çıxdığını açıqlayıb. Holdinqin idarə heyətinin sədri vəzifəsinə Aydın Doğanın qızı Arzuhan Doğan Yalçındağ gətirilib.Yalçındağ yaxın vaxta qədər türk iri kapitalizminin haqlarını müdafiə edən Türkiyə Sənayeçı və İş Adamları Dərnəyinin (TÜSİAD) prezidenti idi.

Holdinqdən verilən açıqlamada «Doğan» Media Qrupunun ailədən olan idarəçilərinin hamısının 6 ay içində öz vəzifələrindən istefa verərək yerlərini professional idarəçilərə buraxacaqları bildirilib.

«Doğan» Media Holdinqinin ən böyük qəzeti olan «Hürriyet»in baş redaktoru Ərtuğrul Özkök də yanvarın 2-dən etibarən bu vəzifəni icra etməyəcək. «Hürriyet»in 20 baş redaktoru olmuş Özkökün yerinə qəzetin Ankara təmsilçisi Enis Bərbəroğlu gətirilib.Ərtuğrul Özkök bundan sonra fəaliyyətinə «Hürriyet»in köşə yazarı kimi davam etdirəcək.

1990-cı ildə qəzetin o vaxtkı sahibi Erol Simavi tərəfindən «Hürriyet»in baş redaktoru vəzifəsinə gətirilən Ərtuğrul Özkök, qəzetin 1994-cü ildə Aydın Doğan tərəfindən satın alınmasından sonra da vəzifəsinə davam edərək «Hürriyet»i Türkiyənin ən təsirli mətbuat orqanı halına gətirib. 90-cı illərin axırından İstanbul Dəyişən Qiymətlər Birjasına açılan «Hürriyet»in illik gəliri təxminən 100 milyon dollardır.

70 qəzet və jurnalı, 5 TV kanalı, 6 radiosu olan «Doğan» Media Holdinqinə 3 ay əvvəl maliyyə müfəttişləri tərəfindən verilən 3 milyard dollarlıq cəza Türkiyədə və dünyada mübahisələrə səbəb olmuşdu.

«Doğan» Media Holdinqi bu cəzadan sonra kiçilmə yoluna getməyi qərarlaşdıraraq bəzi şirkətlərdəki paylarını Avropadakı ortaqlarına satmışdı. Holdinqə daxil olan bəzi qəzet və TV kanallarının da Türkiyədəki digər media qruplarına satılmasından söhbət gedir.
XS
SM
MD
LG