Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:49

Yeni ili bankomat növbələrində qarşılayanlar…


«Kapital» Bankın paytaxtdakı əksər bankomatları qarşısında belə üzücü növbələr var idi
«Kapital» Bankın paytaxtdakı əksər bankomatları qarşısında belə üzücü növbələr var idi
«Saat 9-dan burdayıq, 2 saatdır növbə gözləyirik. Hər dəfə pensiyamızı alanda belə olur. Camaatı belə incitməzlər axı. Bankomatların sayını artırsalar, bir-birlərinə yaxın olsa belə vəziyyət yaranmaz».

«Kapital» Bankın paytaxtdakı əksər bankomatları qarşısında belə üzücü növbələr var idi. Yeni ilin gəlişini bu üzücü növbələrdə keçirmək kimsənin də ürəyincə deyildi. Növbədə olanların bəzilərinin deməsindən belə çıxırdı ki, onlar buna qədər «Kapital» Bankın şəhərin müxtəlif guşələrindəki bankomatların bir neçəsinə baş çəksələr də hələ də maaş və ya pensiyalarını ala bilməyiblər. Məsələn, Cəfər Cabbarlı küçəsində bankomat qarşısında növbə gözləyənlərdən biri deyir:

«Metronun «28 may» stansiyasının qarşısında olmuşam, «Elmlər Akademiyası»nda olmuşam. Pul yoxdur. Burada gəlirəm belə növbə…»

PENSİYALARIN AYIN AXIRINA SAXLANMASI AJİOTAJ YARADIR…

Ancaq «Kapital» Bank rəsmiləri problemi heç də bankomatların azlığında görmürlər
Ancaq «Kapital» Bank rəsmiləri problemi heç də bankomatların azlığında görmürlər. Bankın 2 saylı Nəsimi filialının müdiri Tofiq Əliyev deyir ki, onların ümumilikdə bütün ölkə ərazisində 300-dən çox bankomatları var. Bu proses davam etdiyindən o gələcəkdə də yeni bankomatların istifadəyə veriləcəyini istisna etmir.

«Kapital» Bank təqribən yarım milyon abonentə xidmət edir. Müştərilər tək pensiyaçılar, dövlət qurumlarında çalışanlar yox həm də özəl sektorun işçiləridir. Tofiq Əliyev deyir ki, əsas problem pensiyaların verilməsinin ay sonuna saxlanmasındadır:

«Bizdən nə tələb edilir? Bankomatlara pul qoymaq, bizdə qoyuruq. Ancaq bütün pensiyaları saxlayırlar ayın axırına. Bu da ajiotaj yaradır».

Tofiq Əliyev hesab edir ki, əgər Azərbaycanda da əksər inkişaf etmiş ölkələrdə olduğu kimi postermallar geniş yayılsa, heç belə gərginliklər yaranmaz.

PENSİYALARIN VERİLMƏ TARİXİNİN DƏYİŞDİRİLMƏSİ ÇIXIŞ YOLUDURMU?

«Turan» İnformasiya Agentliyinin əməkdaşı Anar Xanbəyli də deyir ki, postermallardan daha geniş şəkildə istifadə edilməsi gərginliyin azalmasına xidmət edə bilər. Ancaq onun fikrincə pensiyaların verilmə tarixinin ayın ortalarına çəkilməsi heç də çıxış yolu deyil. Anar Xanbəyli deyir ki, əgər pensiyalar ayın ortasında verilsə növbələr elə onda yaranacaq:

«Nəğd pul çatışmamazlığı problemi yoxdur. Bankomatların sayı azdır. Pensiyalarla bağlı xidmət iki bank arasında bölünüb. Beynəlxalq Bank və «Kapital» bank arasında. Beynəlxalq Bankın bankomat şəbəkəsi daha güclüdür. Ancaq onlarda da növbə olur və heç vaxt pensiyaların gec verilməsini problem saymırlar. Əsas məsələ bankomatların azlığındadır».

Müstəqil iqtisadçıların fikrincə ən əsas məsələ isə əhalinin güzəranının ümumilikdə yaxşılaşdırılmasıdır. Çünki nə qədər ki, əhali maddi problemlər içindədir maaş və pensiyalarının verilmə tarixi çatdı-çatmadı bankomatların qarşısına gəlib növbə tutmaq məcburiyyətindədirlər.
XS
SM
MD
LG