Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Eynulla Fətullayevə qarşı ittihamlar «saxtadır»


Jurnalistləri Müdafiə Təşkilatı Azərbaycan hökumətini Eynulla Fətullyevə qarşı qaldırılan yeni ittihamları dayandırmağa çağırıb. Təşkilat redaktora qarşı ittihamların «saxta» olduğuna inanır.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnyanova bildirib ki, hökumətin Eynulla Fətullayevi təqib imkanları həddən artıqdır: «Biz Azərbaycan hökumətini yeni cəfəng ittiham aktını dayandırmağa çağırırıq».

Ötən il Jurnalistləri Müdafiə Təşkilatı Eynulla Fətullayevə Beynəlxalq Mətbuat Azadlığı mükafatı verib.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru olan Eynulla Fətullayevə qarşı yeni cinayət işi açılıb.

Dekabrın 29-da Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyə bilər.

Baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.

MÖVZÜNÜ İLƏ BAĞLI ŞƏRHİNİZ VAR? AZADLIQ MEYDANINDAKI MÜZAKİRƏLƏRƏ QOŞULUN
XS
SM
MD
LG