Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 02:49

Nigar Köçərli: «Bizə pul təklif edənlər də var!»


Nigar Köçərli: «Ekspertlərimiz peşəkardırlar. Hər bir əsəri ayrılıqda qiymətləndirəcəklər»
Nigar Köçərli: «Ekspertlərimiz peşəkardırlar. Hər bir əsəri ayrılıqda qiymətləndirəcəklər»
Xəbər verdiyimiz kimi, Milli Kitab Mükafatı Müsabiqəsinə əsərlərin qəbulu dekabrın 31-də yekunlaşmalı idi. Müsabiqəyə təqdim olunan əsərlər barədə daha geniş bilgi almaq üçün mükafatın təsisçisi «Əli və Nino» mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli ilə əlaqə saxladıq. Nigar xanımla daha bir atüstü müsahibə qarşınızdadır.

- Nigar xanım, xoş gördük sizi! Yeni iliniz uğurlu olsun! Köhnə ilin son günü həm də Milli Kitab Müsabiqəsinə təqdim olunan əsərlərin son tarixi idi. Təhvil-təslim necə keçdi?

- Yaxşı keçdi. Dekabrın 31-də əsərlərin qəbulu başa çatdı. Müsabiqəyə 260 əsər təqdim olunub. Məncə, bu böyük rəqəmdir.
- Deyərdim ki, Azərbaycan üçün bu, hətta çox böyük rəqəmdir! (Gülüşmə)

- İki-üç həftə öncə burada Ukrayna Yazıçılar Birliyinin nümayəndələri var idi. Onlarda belə müsabiqələr tez-tez olur. Dedilər ki, bizdə bir müsabiqəyə 50 əsər gəlirsə, bu çox böyük uğur sayılır. Yəqin Azərbaycanda Milli Kitab Müsabiqəsi ilk dəfə keçirildiyindən belə rezonans doğurub. Mənim fikrimcə, piar baxımından bu müsabiqəyə uğurlu demək olar. Layihə çərçivəsində bütün bölgələri gəzdik. Təbliğat işi gördük. Bu işin nəticəsi 260 əsərdir.

- Bundan sonra nə etmək fikrindəsiniz?

- Ekspertlər artıq öz işlərinə başlayıblar. Onlar tanınmış və peşəkar ədəbiyyatçılardır. Amma onların adını deməyəcəyəm sizə... Bunu sirr kimi saxlayırıq. Hamımız çox şadıq ki, yaxşı əsərlər qəbul olunub. Maraqlıdır ki, müsabiqədə həm tanınmış, həm də gənc yazıçılar iştirak edirlər. İçlərində xalq yazıçısı olanı da var, heç kəsin tanımadığı isimlər də. Ekspertlər işə çox böyük həvəslə işə başlayıblar. Yeni adlar kəşf etməklə yanaşı, tanınmış yazıçıların da əsərlərini layiqincə dəyərləndirmək istərdik. Yanvarın 26-da biz ən yaxşı iyirmiliyi elan etmək fikrindəyik. Həmin gün keçirəcəyimiz tədbirdə onların adı açıqlanacaq. Saytımızda da bu xəbəri yerləşdirəcəyik. Təbii ki, mediaya da ötürəcəyik.

Fevralın 10-da ikinci seçimin nəticələri bəlli olacaq. 20 əsərin içindən 10-u seçiləcək. Və demək olar ki, bu onluğa düşənlər laureatdırlar. Çünki onların əsəri kitab şəklində çap olunacaq. «10 ən yaxşı əsər» seriyasından buraxılacaq bu kitab kitabxanalara və ali məktəblərə pulsuz paylanacaq.

Bundan sonra münsiflər heyəti öz işinə başlayacaq. Bildiyiniz kimi, 12 nəfərlik münsiflər heyətinə Azərbaycanın ən nüfuzlu və tanınmış şəxsləri daxildir. Fevral-mart aylarında onlar 10 ən yaxşı əsərdən üçünü müəyyənləşdirəcək. Və beləliklə, üç qalib elan olunacaq.

Qaliblərin adları mayın 1-də keçiriləcək təqdimetmə mərasimində açıqlanacaq. Birinci yerin qalibi 3.000 manat, ikinci yerin qalibi 2.000 manat, üçüncü yerin qalibi isə, 1.000 manat qazanacaq.

Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1.000 manat məbləğində mükafat da veriləcək.

- Nigar xanım, ekspertlərin adını söyləmədiniz, heç biz də soruşmadıq. Münsiflər heyətinin adı, axı, bəllidir. Bir təzyiq, tapşırıq-filan olmayıb ki?

- Olub. Münsiflərdən birinin dediyinə görə, onun da adını deməyəcəyəm, ona müsabiqə elan olunan həftə 10 nəfər zəng vurub, dəstək istəyib...

- Ay allah, azərbaycanlıların özəlliyinin hüdudu yoxdur.

- Elə bu üzdən də, ekspertlərin adını gizli saxlayırıq. Şəxsən mənə də zəng çalanlar var. Deyirəm, mən təşkilatçıyam, münsiflərə qarışmıram. Hər yerdən zənglər olur. Hətta pul təklif edənlər də var!

- İnanmaram!

- Vallah, düz sözümdür. (Gülüşmə)

- Nigar xanım, AzadlıqRadiosunun əməkdaşlarının da orada əlyazmaları var. Amma qorxmayın, mən onları sizə tapşırmaq və rüşvət təklif etmək fikrində deyiləm. Qoy ən layiqlisi qazansın!

- Bu mükafatı yaratmaqdan məqsədimiz də odur.

- Sirr deyilsə, təqdim olunan əsərlərdə hansı janrlar üstünlük verilib?

- Ondan başlayaq ki, ən çox şairlər müraciət edib.

- Demək, «Azərbaycan şairlər diyarıdır» deyimi özünü burada da doğruldub.

- Bəli, şairlər çox fəaldırlar. Nə qədər desək də ki, bu nəsr müsabiqəsidir, yenə şairlərin müraciəti kəsilmirdi. O üzdən qərara gəldik ki, gələn il şeir müsabiqəsi təşkil edək. Məncə, bu çox maraqlı nüansdır. Niyə bizdə nasirlər deyil, şairlər belə fəaldır? Məndən tez-tez soruşurlar ki, niyə məhz nəsr müsabiqəsi keçirirsiniz? Mən də cavab verirəm ki, nəsr daha çağdaşdır, cəmiyyətdə baş verənlərə daha həssasdır. Nəsrin sosial önəmi daha qabarıqdır, daha gözə dəyəndir, nəinki poeziyanın. Poeziyada qrafomanlar nəsrdəkindən çoxdur. Nəsrdə bunu etmək çətindir. Nə isə, dediyim odur ki, gələn il poeziya müsabiqəsi də təşkil edəcəyik.

- Nigar xanım, sualımı təkrarlayıram - hansı janrlarda əlyazmalar var?

- Bütün janrlarda. Fantastika da var, nağıl da var, roman, povest, hekayə, detektiv və s. Hər üslubda, hər janrda əsərlər var. Məncə, bu çox gözəldir. Mükafatın bir məqsədi də belə rəngarəngliyə nail olmaq idi. Bu prosesə baxmaq və onu müşahidə etmək də çox maraqlıdır. Demək, belə bir ədəbi proses artıq yaranıb Azərbaycanda.

- Nigar xanım, siz bölgələrdə də görüşlər keçirirdiniz. Bölgələrdən yazılar gəldimi? Yoxsa, ədəbi mühitin qəlbi ancaq Bakıda çırpınır?

- Rayonlar çox fəal idilər. Bilmirəm telefon nömrəmi haradan bilirdilər, zəng vururdular, soruşurdular, Şəkidən, Lənkərandan, əsərlərini gətirirdilər. Hətta Qazaxdan mənə bir kilo nanəli konfet payı da gəldi...(Gülüşmə)

- Qazağın məşhur nanəli konfeti...

- Hə, amma daş kimidir.

- Təzəsi möhkəm olur. Siz onu ağzı bağlı qazana qoyub saxlayın, müsabiqənin sonunacan yumşalacaq!

- Baş üstə. Hə, bölgələr daha fəaldırlar. Həm də, onlarda internet yoxdur, elektron ünvanları yoxdur. Ona görə həm poçtla göndərirlər, həm də özləri gətirirlər. Hətta adi şagird dəftərində, əlyazısı ilə əsərlər almışıq. Demək istədiyim odur ki, narahat olmasınlar, göndərilənlərin hamısı oxunacaq. Ekspertlərimiz peşəkardırlar. Hər bir əsəri ayrılıqda qiymətləndirəcəklər.

Həmçinin oxu!

TÜRKİYƏDƏ ÇAP OLUNAN QƏRİBƏ AZƏRBAYCAN TARİXİ
XS
SM
MD
LG