Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Müraciətə ilkin reaksiyalar gəlməkdədir


Arzu Abdullayeva
Arzu Abdullayeva
İfadə Azadlığını Müdafiə Komitəsinin dünyanın demokratik dövlət və təsisatlarına müraciətinə ilkin reaksiyalar gəlməkdədir. Bunu AzadlıqRadiosuna komitənin sədri Arzu Abdullayeva deyir.

Hələ yanvarın 4-də bu komitə insan haqlarını kobud şəkildə pozan hakimiyyət nümayəndələrinin səfərlərinin qarşısının alınması üçün dünyanın demokratik dövlət və təsisatlarına müraciət göndərmişdi. Arzu Abdullayeva bildirir ki, hazırda bu müraciətlə bağlı beynəlxalq qurumlarla müzakirələrini davam etdirməkdədirlər:

«Məsələn, Almaniyada bir sıra təşkilatlar bizim müraciətə maraq göstərməkdədirlər. Ancaq bizi daha çox maraqlandırır ATƏT, Avropa Şurası, Avropa Birliyi və BMT».

SİYAHI HƏLƏ DƏQİQLƏŞMƏYİB

Ancaq Arzu Abdullayeva deyir ki, yeni il tətili başa çatdıqdan sonra onlar müraciətlərinə daha sıx reaksiyalar gözləyirlər. Bununla belə o qeyd edir ki, hələ siyahı da dəqiqləşməyib. Bu məsələ ətrafında da müzakirələrini davam etdirirlər. Onun fikrincə, ola bilər ki, müraciət göndərdikləri beynəlxalq qurumlar Azərbaycan hakimiyyətindən konkret kimlərin səfərlərinə məhdudiyyət qoyulmalı olduğunu soruşsunlar. Bu üzdən də ola bilsin ki, komitənin növbəti toplantısında bu istiqamətdə dəqiq siyahı hazırlasınlar. Yeri gəlmişkən komitənin son toplantısında bəzi iştirakçılar prezident İlham Əliyevin adının bu siyahıya salınmamasını təklif etmişdilər. Ancaq komitənin müraciətində qeyd edilirdi ki, onlar baş verən bütün bu özbaşnalıqlardan prezidentin xəbərsiz olduğuna inamlarını itiriblər.

PREZİDENTİN ADI BU SİYAHIYA SALINMALIDIRMI?

Komitənin üzvlərindən Zərdüşt Əlizadə də düşünür ki, mütləq prezidentin adı siyahıya salınmalıdır:

«Əlbəttə, Azərbaycanda bütün hadisələrin başında prezident dayanır. Verilən qərarlara da daha çox onun təsir etmək imkanı var».

Zərdüşt Əlizadə
Millət vəkili Zahid Oruc isə düşünür ki, bu təşəbbüs yalnız Azərbaycanı istəməyən qüvvələrin maraqlarına xidmət edə bilər. Onun fikrincə, yaxşı olar ki, bütün bu məsələlər elə ölkə daxilində tənzimlənsin:

«Hər bir halda bu addımlar Azərbaycanın əleyhinə işləyir. Çünki bununla Azərbaycan üzərində «zəif bənd» oyunu oynamaq istəyən qüvvələrin arqumentləri güclənmiş olur. Məhz bu problemlər üzündən həmin qüvvələr imkan qazanır ki, Azərbaycan əleyhinə fəaliyyətlərini qursunlar».

MÜRACİƏTİN EFFEKTİ OLACAQMI?


Bu müraciətin ciddi effekt verib-verməyəcəyinə gəldikdə isə təşəbbüs müəllifləri o qədər də optimist deyillər. Ancaq bütün hallarda Zərdüşt Əlizadə deyir ki, onlar bununla öz mövqelərini bildiriblər:

«Təbii ki, Qərb ölkələri Azərbaycanın vətəndaş cəmiyyətinin çağırışı ilə hərəkət edən deyil. Ancaq biz cəmiyyətimizdəki bədnam, biabırçı vəziyyətə dünyanın diqqətini cəlb etmək istəyirik. Hakimiyyət insan hüquqlarını pozmaqdan ötrü bütün vasitələrdən istifadə edir. Bizim də əlacımız digər dövlətlərin demokratiyaya sədaqətinə və vicdanlarına üz tutmağa qalır».

İfadə Azadlığını Müdafiə Komitəsinin belə bir təşəbbüslə çıxış etməsinə jurnalist Eynulla Fətullayevin həbsdə yeni bir ittihamla üzləşməsi səbəb olmuşdu. Penitensiar Xidmətin yaydığı məlumata görə, 8 il 6 ay həbs cəzası alan jurnalistin üzərindən 0,223 qram geroin tapılıb. Müdafiə Komitəsi bunu Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı öncəsi Eynulla Fətullayevə qarşı növbəti təxribat sayır.
XS
SM
MD
LG