Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

«Ev vermirlər heç olmasa ölkəni tərk etməyə kömək etsinlər»


Kəlbəcərdən məcburi köçkün olan Çingiz Məmmədov Xanlar rayonunun Murovdağ kəndində dəmir vaqonda keçirdiyi günlərdən bezib
Kəlbəcərdən məcburi köçkün olan Çingiz Məmmədov Xanlar rayonunun Murovdağ kəndində dəmir vaqonda keçirdiyi günlərdən bezib
«Mən xahiş edirəm bütün nazirliklərdən əgər mən burda yaşaya bilmirəmsə, bizim üçün tikilən evlər satılırsa, mənim başqa ölkəyə köçürülməyimə şərait yaratsınlar. Mən ailəmlə birlikdə çıxmağa hazıram».

Kəlbəcərdən məcburi köçkün olan Çingiz Məmmədov Xanlar rayonunun Murovdağ kəndində dəmir vaqonda keçirdiyi günlərdən bezib, deyir ev vermirlər heç olmasa ölkəni tərk etməyə kömək etsinlər. Çünki daha bu yaşayışa tab gətirə bilmir. Çingiz deyir ki, nə o, nə də kirayədə yaşayan digər qardaşları evlə təmin olunmur. İddia edir ki, qaçqınlar üçün tikilən evlər pulu olan köçkünlərə satılır.

«Biz yeddi qardaş olmuşuq. Qardaşlarımızdan biri şəhid olub. Mən də hərbi əliləm. Hazırda 6 qardaşıq hamımız da ailəliyik. Bizim heç birimizə Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən köməklik olunmayıb, ev verilməyib. Neçə dəfə başçının yanında olmuşam, deyir hara gedirsiniz gedin ev verə bilmərik, mənzillər ancaq qəsəbədə yaşayanlar üçündür. Murovdağda evlər paylanıldı onda da verilmədi. 12 ev tikildi söz verdilər ki, verəcəyik vermədilər. Eşitmişəm buna görə 2 min manat, min manat verənlər var. Mən icra başçısı Vidadi Məhərrəmova dedim ki, Goranboyda evləri satırlar. Dedi eşitmişəm satırlar, amma mənlik deyil. Sənin rayonun üçün tikilən evlər satılır, sən necə heç nə deyə bilmirsən ki, vaqonda yaşayana ver, satma evi»

NƏİNKİ EV HEÇ ÜMİD VERƏN DƏ YOXDU…

Gəncədə məskunlaşmış kəlbəcərlilərin əksəriyyəti Azərbaycan Kənd Təsərrüfatı Universitetinin yataqxanalarında məskunlaşıblar. Elə 5 saylı yataqxananın sakini Bəhlul deyir k, nəinki pulla satılma, heç onları nə vaxtsa evlə təmin edəcəkləri ilə bağlı ümid verən də olmayıb:

«Ərizə vermişik ki, bizi evlə təmin edin. Ancaq gəlib burda nə siyahıya salan olub, nə də nə vaxtsa köçəcəyimizi deyən. Bizi burda ən çox narahat edən uşaqların tərbiyəsidir;

Bərbad vəziyyətdədir evlər uçub dağılır. 5 nəfərik bir otaqda yaşayırıq;

Yeni evlərə köçəriksə, toyuq-cücə saxlayarıq, təsərrüfatla məşğul olarıq;

Deyirlər hərbi şəhərcikdəki evləri köçürürlər, orda ailə komplekt şəkildə yaşayır narahat edən yoxdur onları amma burda yaşamaq, yatmaq olmur. Həm qaçqınam, həm də şəhid ailəsiyəm, 3 şəhidim olub».

MƏSULİYYƏTİ KİM DAŞIYIR?

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aqil Məmmədov deyir ki, evlər Kəlbəcər rayonunun köçkünləri üçün tikilsə də, paylanmasını bu qurum həyata keçirmir. Məsələn, əgər evlər Goranboyda tikilibsə həmin icra nümayəndələri tikiləcək evlərin yerini və həmin rayonda yerləşmiş köçkünləri siyahıya alır, Qaçqınlar Komitəsinin nümayəndəsi ilə paylayırlar:

«Məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı dövlət proqramı var və buna əsasən ehtiyacı olanlar evlər tikilir və növbəli şəkildə paylanır. İlk öncə çadırda yaşayanlar, daha sonra fin qəsəbələrindəkilər köçürülür. Hansı köçkün hansı yerli rayonlarda məskunlaşıbsa, onların sosial problemləri ilə yerli icra hakimiyyətləri məşğul olurlar».

Aqil Məmmədov deyir ki, indi Qaçqınlarla İş üzrə Dövlət Komitəsi deyib ki, Qərb bölgəsində məskunlaşmış 500 ailə üçün evlər tikilir. Kəlbəcər rayon icra hakimiyyəti bu evlərin paylanılması işinin onlara həvalə edilməsi təklifini verəcəklər. Bu zaman daha çox ehtiyacı olanlar evlə təmin oluna biləcəklər.

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılov deyir ki, əgər evlər Goranboy ərazisində tikilibsə mütləq proqrama əsasən həmin ərazidəki köçkünlər yerləşdirilməlidir. Yəni yaşayış şəraiti burda seçim şərtləri sırasında deyil. O ki, qaldı evlərin satılmasına Elçin İsmayılov deyir ki, bu böhtandır, evlərin paylanılması komitə nümayəndəsi tərəfindən həyata keçirilir.
XS
SM
MD
LG