Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:06

Zəlzələ 3 milyon adamı evsiz-eşiksiz qoyub


Haiti, 14 yanvar 2010
Haiti, 14 yanvar 2010
Haitidə baş verən 7-ballıq zəlzələdən artıq 2 gün keçsə də, hələ də bu ölkənin sakinləri çaxnaşma içində beynəlxalq yardım gözləyirlər.

Paytaxt Port-o-Prensi tamamilə dağıdan zəlzələ ölkə əhalisinin 1/3-ni - 3 milyon adamı evsiz-eşiksiz qoyub. Onsuz da kasıb dövlət olan Haitidə indi əsl böhran yaşanır, həyat üçün lazım olan heç nə çatışmır.

«Çoxlu insan ölümlə əlbəyaxadır. Bizə kömək lazımdır. Beynəlxalq köməyə ehtiyacımız var. Nə xəstəxana var, nə işıq, heç nə yoxdur. Ərzaq, telefon, su da yoxdur. İnsanlar ölümlə üz-üzədir».

Haitidə havaların soyuq olmaması minlərlə insanın parklarda və küçələrdə, dağıntılar arasında gecələməsinə imkan verir.

Amma verilən çoxsaylı vədlərə baxmayaraq, Haitiyə ilk beynəlxalq yardım ancaq bu gün gəlib. «Çin Hava Yolları»nın yük təyyarəsi paytaxt hava limanına xilasedicilər və təcili tibbi avadanlıqlar çatdırıb.

Rusiya xilasetmə işlərinə yardım etmək üçün səyyar xəstəxanalar,
Haitili qız Port-o-Prensdə dağılmış evin qalıqları arasında, 14 yanvar 2010
Amerika isə xilasetmə vertolyotları və qurğular göndərməyə söz verib.

ABŞ prezidenti Barak Obama və BMT Baş katibi Pan Ki Mun bütün dövlətləri Haitiyə yardım etməyə çağırıb. ABŞ-ın keçmiş prezidenti, indisə BMT-nin Haiti üzrə xüsusi elçisi olan Bill Klinton deyib ki, hər şeydən əvvəl insanları dağıntılar altından çıxarmaq lazımdır:

«Birinci hədəfimiz dağıntılar altındakıları tapmaq və xilas etməkdir. Biz dağıntılar altında qalan 10 minlərlə insanın xilas edilməsi üçün əlimizdən nə gəlirsə, etməyə çalışırıq».

Ancaq Haitidəki reportyorlar bildirirlər ki, xilasetmə işləri mütəşəkkil aparılmır. İnsanlar özləri də təlaş içindədirlər. Küçələr cəsədlərlə doludur.

Port-o-Prens küçələrində cəsədlər, 14 yanvar 2010
Ölkə prezidenti Rene Preval minlərlə insanın öldüyünü bildirsə də, Baş nazir Jan Maks Belriv ölü sayının 100 mini keçə biləcəyini deyib.

Ölkədə onsuz da çox yayılan yoluxucu xəstəliklərin, xüsusən də malyariya, yatalağın artma riski var.

AZƏRBAYCANIN ÖZÜ BU CÜR TƏBİİ FƏLAKƏTLƏRƏ HAZIRDIRMI?

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev «APA»ya müsahibəsində deyib ki, «müəyyən mənada, bəli. Lakin irimiqyaslı fövqəladə hadisə baş verdikdə, heç bir ölkə onun tam qarşısını almağa qadir olmadığından kömək üçün digər ölkələrə müraciət edir… Hər hansı bir fövqəladə hadisənin operativ olaraq qarşısının alınması məqsədilə nazirlik tərəfindən zəruri tədbirlər həyata keçirilir».

Bu ilin dövlət büdcəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 95 milyon, təbii fəlakətlərin qarşısının alınmasına 15 milyon manat pul ayrılıb.
XS
SM
MD
LG