Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:45

Ötən il prezident kimlərə orden-medallar verdi?


İlham Əliyev Mehriban Əliyevaya Heydər Əliyev mükafatını təqdim edir
İlham Əliyev Mehriban Əliyevaya Heydər Əliyev mükafatını təqdim edir
Yanvarın 13-də prezident İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova «Şöhrət» ordeni verməsi birmənalı qarşılanmadı. Belə fikirlər səsləndi ki, əslində prezident onu Bənənyar kəndində baş verən həbslərə, adamları qorxu altında saxladığına görə mükafatlandırdı. Bu təltif həm də kimlərə orden-medal verilməsini də aktuallaşdırdı.

Biz keçən il prezidentin kimlərə orden medal verməsiylə bağlı siyahıya baxdıq.
Bu orden-medallar arasında «Şərəf», «Şöhrət», «Heydər Əliyev», «Dostluq», «İstiqlal» ordenləri, «Heydər Əliyev» Mükafatı və «Tərəqqi» medalları üstünlük təşkil edir.

FEVRAL


Prezidentin sərəncamı ilə ötən ilin fevral ayında üç nəfərə «Şərəf», iki nəfərə «Şöhrət» ordeni verilib. «Şərəf» ordeni alanlar arasında prezidentin qayınatası da var. Prezident Arif Paşayevi «Azərbaycanda elmin və təhsilin inkişafındakı böyük xidmətlərinə görə» təltif edib. «Şöhrət» ordeni alanlardan biri də millət vəkili, BDU-nun professoru Yaqub Mahmudov olub. O, «tarix elminin tədqiqinə və tədrisindəki xidmətlərinə görə» təltif edilib. «Tərəqqi» medalı isə Vergilər Nazirliyinin iki əməkdaşına verilib.

ORDENLƏRİN TƏSVİRİ
  • «HEYDƏR ƏLİYEV» ORDENİ
«Heydər Əliyev» ordeni 2005-ci ildə təsdiq olunub.
Ordenin hazırlanmasında 525 əyarlı 533.29 qram gümüşdən, 999 əyarlı 3.89 qram gümüşdən, 750 əyarlı 57.42 qram qızıldan, 999 əyarlı 6.42 qram qızıldan, 0.83 karatlıq 8 brilyant daşdan, 5.34 karatlıq 224 brilyant daşdan, 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunub.
Bu orden çox az adama verilib. Ordeni alanlar arasında İlham Əliyevin özü də var.

  • «HEYDƏR ƏLİYEV» MÜKAFATI
«Heydər Əliyev» mükafatı 2007-ci ildə təsdiq edilib. Mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir. Döş nişanı qızıldan düzəldilir. Mükafatın məbləği 50 min manatdır. Mükafat dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan prezidentinin sərəncamına əsasən verilir.
İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva bu mükafatı alıb.

  • «DOSTLUQ» ORDENİ
Orden qızıldan düzəldilmiş iti uclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunub.

  • «ŞƏRƏF» ORDENİ
«Şərəf» ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir.

  • «ŞÖHRƏT» ORDENİ
«Şöhrət» ordeni qızıldandır, düzgün səkkizguşəli ulduz fonunda ornamentli medalyondan ibarətdir. Qızılı konturlu ulduzun səthinə yaşıl-mavi mina çəkilib. Medalyonun ortasında dairə yerləşdirilib, dairənin içərisində mavi minalı fonda açıq yaşıl rəngli, qızılı konturlu dəfnə budaqlarının arasında qızılı rəngli quş təsvir edilib. Medalyonun yuxarı hissəsində aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Medalyonun aşağı hissəsində lentin üstündə «Şöhrət» sözü yazılıb.
Küveyt dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah isə «Küveyt dövləti ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə» «Heydər Əliyev» ordeniylə təltif olunub.

MART


Mart ayında «Şərəf» ordenini bir nəfər alıb. «Şöhrət» ordeninə isə üç nəfər layiq görülüb. Onlardan biri Şəmsəddin Xanbabayevdir. O, «dövlət qulluğunda səmərəli fəaliyyətinə görə» orden alıb. Nizami Xudiyevə isə «ölkənin ictimai-siyasi və mədəni həyatındakı fəal iştirakına görə» «Şöhrət» ordeni verilib.

APREL

Aprel ayında «Şöhrət» ordeni alan iki nəfərdən biri Çingiz Abdullayevdir. Bu mükafata o, «ədəbi həyatda fəal iştirakına görə» layiq görülüb. «Təhsilin inkişafındakı xidmətlərinə görə» isə Gəncə Universitetinin 13 əməkdaşı «Tərəqqi» medalı alıb.

MAY

May ayında bir nəfər «Şöhrət» ordeni alıb. Əfqanıstan Veteranlar Birliyinin 5 üzvünə isə «Tərəqqi» medalı verilib.

«Azərbaycan Musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə» bəstəkar Arif Məlikov, «təsviri sənətin inkişafında xidmətlərinə görə» isə heykəltəraş Ömər Eldarov «Heydər Əliyev» Mükafatı alıb.

«Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə» İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı da «Heydər Əliyev» Mükafatı ilə təltif edib.

May ayında «Azərbaycanla Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə» Svetlana Orlova, Leonid Slutski, Vladimir Yakunin «Dostluq» ordeni ilə təltif edilib.

«Ekoloji mühitin və təbii sərvətlərin qorunmasındakı xidmətlərinə görə» üç nəfər «Tərəqqi» medalı alıb, iki nəfər isə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub.

İYUN


İyun ayında millət vəkili Vaqif Səmədoğlu «Şərəf», yazıçı Natiq Rəsulzadə isə «Şöhrət» ordeni alıb.

«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin 11 əməkdaşı, «səhiyyənin inkişafındakı xidmətlərinə görə» 11 nəfər, «meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə» 15 nəfər «Tərəqqi» medalı ilə təltif olunub. «Azərbaycanla Rusiya arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə görə» isə Rudolf İvanova «Dostluq» ordeni verilib.

«Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə» Polşa prezidenti Lex Kaçinski «Heydər Əliyev» ordeni ilə təltif olunub.

İYUL

İyul ayında Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı münasibətilə 14 nəfər, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin isə 6 əməkdaşı «Tərəqqi» medalı alıb.

AVQUST

Avqust ayında Şeyxülislam Allahşükür Paşazadə «Şərəf» ordeni ilə təltif olunub. Bu ordeni ona prezident «vətəndaşların vicdan azadlıqlarının təmin olunmasındakı böyük xidmətlərinə görə» verib.

Prezidentin sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günündə Xidmətin 6 əməkdaşı «Vətən uğrunda», 9 əməkdaşı «İgidliyə görə», 15 əməkdaşı isə «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunub.

SENTYABR

Sentyabr ayında bir «Şərəf», bir «Şöhrət» ordeni alan olub. «Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə» isə estrada ulduzu Alla Puqaçova «Dostluq» ordeni ilə təltif olundu.

Həmin ay MEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 8 əməkdaşı, «təhsilin inkişafındakı xidmətlərinə görə» 58 nəfər, neft sənayesində çalışan 61 nəfər «Tərəqqi» medalı aldı. «Neft sənayesinin inkişafındakı xidmətlərinə görə» və «Əsrin müqaviləsi»nin 15 illiyi ilə əlaqədar Uilyam Şreder «Dostluq» ordeni ilə təltif olundu.

OKTYABR

Oktyabr ayında «təhsilin inkişafındakı xidmətlərinə görə» Vasim Məmmədəliyev «Şərəf» ordeni aldı. «Şöhrət» ordeni alan dörd nəfər arasında «dövlət qulluğunda xidmətlərinə görə» Dilarə Seyidzadə də oldu. BDU-nun 14 əməkdaşına da «Şöhrət» ordenindən pay düşdü. Onların arasında BDU-nun rektoru Abel Məhərrəmov da vardı. Oktyabr ayında 15 nəfər energetik, 38 nəfər isə BDU əməkdaşı «Tərəqqi» ordeni aldı. Bir nəfərə isə «İstiqlal» ordeni verildi.

NOYABR

Noyabr ayında prezident 7 nəfəri «təhsilin inkişafına görə» «Tərəqqi» medalı ilə təltif etdi. Dekabr ayında isə Dövlət Neft Fondunun 7 əməkdaşına bu medaldan pay düşdü. İki nəfərə «Şöhrət» ordeni verildi. «Neft sənayesinin inkişafındakı xidmətlərinə görə» isə Xoşbəxt Yusifzadə «Şərəf» ordeni aldı. «Tərəqqi» medalı ilə «müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə» 6 nəfər təltif olundu.
XS
SM
MD
LG