Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:48

Pərvanə Məmmədli: «Çinar özü özünü budayır!»


Pərvanə Məmmədli
Mahmud Kaşqari adına Beynəlxalq Fond yeni bir jurnalın nəşrinə başlayıb. «Ulu çinar» dərgisi barədə daha geniş bilgi almaq üçün baş redaktorun müavini Pərvanə Məmmədlini verilişimizə qonaq çağırdıq. Pərvanə xanımla söhbəti həm oxuya, həm də dinləyə bilərsiniz.

- Xoş gördük, Pərvanə xanım. İlk nömrənin çıxması münasibəti ilə təbriklərimizi qəbul edin. Belə bir dərginin yaranması zərurəti nədən doğdu? Onu «Molla Nəsrəddin» demiş, zəmanə özü yaratdı, yoxsa?

- Onu da demək olar...Bizim cəmiyyətimizdə indi bir az boşluq var. Onun haqında çox danışırlar. Bax, elə bu yaxınlarda Yazıçılar Birliyinin 75 illik yubileyinə bir çox ölkədən qonaqlar gəlmişdi. Oljas Süleymenovun orada dediyi bir fikir mənə çox təsir elədi. Orta əsrlərdə insanlar yazı-pozu bilmədiyi vaxtlarda, çox zaman küçə və meydanlarda tamaşaları seyr edir, natiqlərə qulaq asırdılar. Amma təəssüf ki, biz indi həmin səviyyəyə enmişik. Yəni seyrçi, tamaşaçı səviyyəsinə enmişik. Doğrudan da, bu sözlərdə böyük həqiqət var. Bəyənmədiyimiz Sovet dövründə ən oxuyan millətlərdəndik. Amma indi bizə oxuyan millət demək olmaz. Bunun da səbəbləri çoxdur...Jurnalın nəşrinə başlamazdan əvvəl, biz baxdıq və düşündük ki, türkçülüyün ideoloqu Əli Bəy Hüseynzadə demiş, «gördüklərimizdən və daha çox düşündüklərimizdən» yazaq. Bir az ötən əsrin əvvəllərinə qayıdaq. Mirzə Cəlil «Molla Nəsrəddin»i çıxaranda, dövrün çatışmazlıqlarını - gördüklərini verirdi, tənqid dili ilə. Amma Əli bəy fikirləşdi ki, elə şeylər var ki, onların üzərində düşünüb xalqa çatdırmaq lazımdır. Yəni biz də bir növ bu yolu seçdik...Allaha şükür, indi bizdə xeyli mətbuat orqanı var. Onların içində öz işini lazımınca görənləri də var. Onların biri də, üzünüzə demək olmasın, sizsiniz - AzadlıqRadiosudur.

- Təşəkkür edirəm. Borcumuzdur.

- Bir şeyi də deyim ki, 50-ci illərdə bütün dünyada «kommunizm kabusunun» yayılmasından ehtiyat edirdilər. Qırmızılaşmanın qarşısını almaq barədə düşünürdülər. Amma indi bizdə sarı mətbuat baş alıb gedir. «Sarılaşma» qorxulu həddə çatıb. Bütün bunlar bizi düşündürür. İstəyirik ki, elə bir məhsul ortaya çıxaraq ki, seçilsin. Etiraf edək ki, bu sahədə qıtlıq var. Adətən, insan ac qalanda, bunun nəticəsi yaxşı olmur- fiziki cəhətdən ölür. Mənəvi aclıqda isə insan mənən ölür. Jurnalı yaratmaq istəyimiz bununla bağlı yarandı.

- Jurnalın istiqamətini bir az da dəqiqləşdirərdinizmi?

- Əsas məqsədimiz türk birliyi ilə bağlıdır. İndi bu söz çox dəbdədir. Amma biz bunu sözdə deyil, əməldə birləşdirmək istəyirik. Baş redaktorumuz Elxan Zal Qaraxanlının bir sözü var. Deyir biz Avropa ölkələrini, Amerikanı, Türkiyəni də yaxşı tanıyırıq. Amma bizə yaxın olan türk dövlətlərindən xəbərsizik. Nəyə görə? Bizim dilimiz də yaxındır, ruhumuz da, adət-ənənələrimiz də. Bax, biz bu problemlərin yolunu tapıb həll etməyi düşünürük. Türk xalqlarının ümümi abidələri var. Onlar haqqında adda-budda təsəvvürlər var. Düzdür, yazılır, alimlərimiz tədqiqat aparırlar, amma gənclərimiz, elə ziyalılarımız bu barədə bilgilidirlərmi? Bunları araşdırıb ortaya qoymaq lazımdır. Bir vaxtlar imkan yox idi, məsələn, 30-cu illərdə türk deyənin aqibəti bilirsiniz, necə olurdu. Amma indi bu məsələlərin vaxtı çatıb. Yenə Yazıçılar Birliyinin yubileyinə qayıdıram. O yubileydə Ramiz Abutalıbov - hamımız onu yaxşı tanıyırıq, gözəl diplomat idi, indi də Azərbaycanı layiqincə təmsil edir - dedi ki, Moskvada kitablar çap olunur. Tanınmış Azərbaycan ziyalılarının adı ora düşmür. Biz öz layiqli vətəndaşlarımızı dünya səviyyəsində tanıtdıra bilmirik. Bir misal da çəkdi Ramiz müəllim, fərəhlə dedi ki, orada «Şərqin tanınmış mütəfəkkirləri» adlı kitaba M.Ə. Rəsulzadənin və Mirzə Şəfi Vazehin adınısaldıra bildim...Odur ki, jurnalda bir xəttimiz də o olacaq ki, tanınmış, dünya tarixinə düşmüş ziyalılarımızı təkrar gündəmə gətirək, onlar barədə materiallar verək. Gələn saydan, yəqin ki, rus dilində də yazılarımız olacaq. Türkiyə istisna olmaqla, türk xalqlarının əksəriyyəti rusca anlayır. Düzdür, bizdə bir az polemika oldu ki, türk birliyi deyiriksə, öz dillərimizdə danışsaq daha yaxşı olar. Amma başlanğıcda, əgər təcrübəmiz varsa, rus dilindən niyə faydalanmayaq? Yəqin ki, yaxınlaşdıqca, bir-birimizin dilini də mənimsəyə biləcəyik.

- Elə sual eləmək istəyirdim ki, jurnalın xarici dillərdə nəşri gözlənilirmi?

- Dediyim kimi, rus dilində olacaq. İngilis dilində də olması nəzərdə tutulub. Hələlik xülasə olacaq. Fikrimiz var ki, bir neçə dildə olsun.

- Redaksiya heyəti hansı prinsiplərlə yığıldı? Kimlərə önəm verildi, kimlər ikinci planda qaldı?


- Birinci sayın çıxması ekspromt oldu. Düzdür, materiallar toplanmışdı. Hər sahə üzrə də nəzərdə tutduğumuz adamlar var idi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, məsələn, Cənubi Azərbaycan üzrə məni tanıyırlar, İranda yaşayan Azərbaycan türkləri barədə araşdırmalarım var (Pərvanə xanım «Cənubi Azərbaycan mətbuatı tarixi» kitabının müəllifidir - S.İ.). Elxan Zal türk dünyası ilə bağlı bilgilidir. İlk sayda onun gözəl yazıları da var. «Türkün əlifba günü -15 dekabr», «Avropada ilk türk dili lüğəti», Oljas Süleymenovun şeirlərinin tərcüməsi olan «Böyük çölün şeirləri». Millət vəkili Qənirə Paşayevanın maarifləndirici yazıları var—Atatürklə bağlı, Lütfi Zadə ilə bağlı. Gənc yazarların yazıları var. Redaktorumuz Azər Musayevin əsəri də çap olunub. O da türk dünyasını yaxşı bilir. Yəni həm tanınmışlara, həm də yenicə sənətə gələnlərə yer vermək istəyirik. Eyni zamanda türk dünyasında az tanınan, amma kifayət qədər araşdırmaları olan müəllifləri də tanıtmağa çalışacağıq.

- Pərvanə xanım, soruşmağı unutdum, adı niyə «Ulu çinar» oldu?


- Türk mifologiyasında ağaclara, bitkilərə etiqad olub. Çinara da Azərbaycanın rəmzi ağacı demək olar. Çünki bizdə qocaman çinarlar var ki, yaşı yarım əsri ötüb. Jurnalın təqdimat mərasimində Firudin Qurbansoy dedi ki, sən demə çinar özü özünü budayır. Demək, çinar həm də təmizlik rəmzidir. Özünü təmizləyir, saflaşdırır. Çinarın altına yığışmaq deyirlər, çinar qədər ömrün olsun deyirlər, Xan çinar deyirlər...Doğulan uşaqlara Çinar, Çinarə adı verirlər. O üzdən Çinar qoyduq.

- İlk sayı çıxdı dərginizin. Harada yayılacaq? Satışa vermisinizmi?


- Yox, satışa verməmişik hələ. Daha çox paylayırıq. Hələ öyrənirik auditoriyanı. Tanışlıq mərhələsini keçirik. Sonra, təbii ki, satışda olacaq, abunə olacaq. Artıq maraqlanırlar, müraciət edirlər.

- Jurnalın ilk nömrəsində bir reklam da gördüm. Gələcəkdə reklamların artımına çalışacaqsınızmı?

- Reklam, təbii ki, hər bir mətbu orqanı yaşatmaq üçün lazımdır. Olacaq.

- Pərvanə xanım, AzadlıqRadiosu vasitəsi ilə dərginizin potensial oxucularına səslənmək imkanınız var. Buyurun mesajlarınızı çatdırın.


- Çox sağ olun bu fürsəti verdiyinizə görə. Azərbaycandan qıraqda tanınmış soydaşlarımız var. Onlar bizə nədə yardım edə bilərlər? Onlar yaşadıqları şəhərdə Azərbaycanla bağlı nə isə bir işlər görürlərsə, arxivlərdə, kitabxanalarda maraqlı bir şeyə rastlaşırlarsa, bunu bizlə paylaşsınlar. Yaralı yerimiz olan Qarabağla bağlı çox təəssüf ki, nəinki xaricdə, hətta ölkədə sistemli işlər görülmür. Təsadüfdən-təsadüfə tədbirlər keçirilir. Biz bəzən təcavüzə məruz qalan ölkə olduğumuzu belə sübut edə bilmirik. Bax, bunlarla bağlı çox işlər görmək olar. Sivil yollarla. Görünür, bu yolları da lazımınca öyrənə bilməmişik. Bir misal çəkim. Mən bunu hər yerdə deyirəm. Yəqin Tatyana Çaladzeni tanıyırsınız? Onunla dostluğumuz var. O özü hərbi jurnalist idi. Yaşadığı yerdə haqsızlığa məruz qalmışdı—ermənilər barədə həqiqəti yazdığına görə. O qaçqın düşərgələrini gəzirdi. Bir gedişində özü ilə rəsm ləvazimatı almışdı, qaçqın uşaqlara paylamışdı, demişdi ki, dünyanı necə görürsünüz, o cür də rəsmini çəkin, bacarsanız da, bacarmasanız da. Tatyana xanım 5 yaşından 15 yaşına kimi uşaqların rəsm sərgisini də təşkil etdi. Onlara hər rəng karandaş verilsə də, uşaqlar iki rəngdən istifadə etmişdilər—qara və qırmızı. Çünki onların yaxınlarını gözləri qarşısında öldürmüşdülər. Onlar da gördüklərini çəkmişdilər. Şəkillərə biganə baxmaq olmurdu. O sərgiyə çoxlu xaricilər gəlmişdi. Rəy kitabında bir fransız qadın yazmışdı ki, mən sizdə nələr baş verdiyini eşitmişdim. Uşaqların çəkdiyinə baxanda, buna inandım. Çünki uşaqlar yalan danışmırlar. Dediyim odur ki, Tatyana xanım latışdır, Avropa təfəkkürlüdür. O müasir dünyada dərdi necə çatdırmağın yollarını daha yaxşı bilir. Biz isə bunu bacarmırıq. Yəni yeni ideyalar lazımdır. Sivil dünyanın qanunlarına uyğun işlər görməliyik.
XS
SM
MD
LG