Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:55

NABUCCO-nun taleyi Azərbaycanın necə qərar verəcəyindən asılıdır


NABUCCO layihəsinin adının çəkilməsini istəməyən məsləhətçilərindən biri AzadlıqRadiosuna müsahibəsində deyir ki, hələ də qazın kəmər layihəsinə kim tərəfindən veriləcəyi məsələsi açıq qalır.

Amma onun fikrincə, bu, layihənin “ölü” olması anlamına gəlmir:

“Bunun Azərbaycan, Türkmənistan və İraq qazının müəyyən kombinasiyası ilə reallaşması şansları qalır. Amma bu məsələlərin hər biriylə bağlı suallar var və həmin suallara cavab vermək kimi mürəkkəb iş layihənin sponsorları qarşısında 2010-cu ildə qalmaqda davam edəcək”.

Həmsöhbətimiz deyir ki, hazırkı mərhələdə layihənin reallaşması qarşısında əsas maneə Türkiyə ərazisi ilə tranzit məsələsidir. İlk növbədə Azərbaycan öz qazını NABUCCO-ya verib-verməyəcəyi ilə bağlı qərar verməli və qazın Türkiyə ilə nəqli məsələsi həllini tapmalıdır.

“Əlbəttə bunlar NABUCCO-nun qarşısındakı problemlərin hamısını həll etməyəcək.

Azərbaycan qazı layihə üçün vacib olan qazın kiçik bir hissəsi olacaq. Amma bu da var ki, NABUCCO mərhələli bir layihə kimi nəzərdə tutulub. Siz 8,yaxud 9 milyard kub metrlə işə başlayıb, sonra həcmi 15 milyard kub metrə qaldıra bilərsiz. Əgər Azərbaycan qərar verərsə, layihə azı birinci mərhələdə irəliyə doğru addım ata bilər”.

Həmsöhbətimiz deyir ki, Türkmənistanın layihəyə qoşulması məsələsi də tam həllini tapmayıb. Baxmayaraq ki, bu ölkə enerji yollarını müxtəlifləşdirmək yolunu tutub.

Praqada qaz sammiti. 8 may 2009
“Iraqda qaz çoxdur. NABUCCO iştirakçıları olan OMV və MOL Iraqda qaz hasilatı sahəsində işləyirlər. Amma burada bir hüquqi boşluq var. Bilinmir ki, həmin şirkətlər İraqın əsasən kürdlər yaşayan bölgəsində çıxarılan qazı Avropaya ixrac edə bilərlərmi?

NABUCCO layihəsinin adının çəkilməsini istəməyən məsləhətçilərindən biri deyir ki, Rusiyanı NABUCCO qaşısında böyük maneə hesab etmir.

O deyir ki, sözsüz ki, Rusiyadan şərqi Avropa ölkələrinə qaz daşınmasını nəzərdə tutan “Cənub axını” layihəsi NABUCCO-nun rəqibidir. Amma Moskvanın böyük xərc tələb edən bu layihəni reallaşdırmaq imkanları 2 il əvvəlki kimi deyil.

“Digər tərəfdən, Rusiyada çox adam deyə bilər ki, biz yalnız NABUCCO-nu məğlub etmək üçün bu qədər pulu niyə xərcləməliyik?”

Həmsöhbətimiz Azərbaycanın “Qarabağ əvəzinə qaz” siyasəti yürütməsi ilə bağlı fərziyyələrlə də razı deyil.

Onun fikrincə, Bakının öz qazını NABUCCO-ya yox, Moskvaya verməsi, bunun əvəzində də Rusiyadan Qarabağ probleminin həllini istəməsi kimi fikirlər ona inandırıcı görünmür.

Amma hətta belə bir siyasət olsaydı belə, Rusiyanın bu “alver”ə razı olacağını güman etmək mümkün olmazdı.
XS
SM
MD
LG