Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:29

20 yanvarda Sovet qoşunlarının əməliyyat xəritəsi


Bakıda Sovet qoşunları, 22 yanvar 1990
Bakıda Sovet qoşunları, 22 yanvar 1990

20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edib:

1. BİNƏ-QALA MARŞRUTU

Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş «Komsomol» dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun «Komsomol» dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandır Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub.

2. SALYAN KAZARMASINDAN HƏRƏKƏT

Salyan kazarmasından saat 23:50 radələrində ağır texnikanın müşayiəti ilə çıxan qoşun Bakının tutulmasında müstəsna xidmətlər göstərib. Kazarmanın girişini əliyalın insanlar kəsdiyindən qoşun divarı uçuraraq hərəkət edib. Salyan kazarmasının qarşısında 20-yə qədər mülki insan öldürülüb. Bundan sonra qoşun üç istiqamətdə hərəkət edib. Birinci istiqamət köhnə avtovağzal, ikinci istiqamət «20 Yanvar» meydanı, üçüncü istiqamət isə keçmiş «Kimyaçılar Evi»nın yanı ilə metronun «Elmlər Akademiyası» stansiyasının qarşısı olub. Sonradan həmin qoşunun bəzi bölmələri keçmiş Mərkəzi Komitə, indi isə Prezident Administrasiyasının binasının qarşısına qədər hərəkət edib. Gecə saat 1-ə qalmış Mərkəzi Komitənin yanından keçən qoşunlar ora toplaşmış insanları dağıtmağa bir elə də cəhd göstərməyib.

Səhər saat 9 radələrində isə Mərkəzi Komitənin binası qarşısında qoşunların hərəkətini dayandırmaq üçün Anar Qəribov adlı bir şəxs özünü «BTR»in altına atıb. 7 gün koma vəziyyətində qalan bu şəxs xoşbəxtlikdən vəfat etməyib.


3. «QURD QAPISI» MARŞRUTU

«Qurd qapısı» istiqamətindən isə Sovet qoşunları saat 24:00 radələrində hərəkət etməyə başlayıb. Badamdar yolunu kəsən bu qoşun hissələri də sonradan üç istiqamətdə hərəkət edib. Birinci istiqamət metronun «Elmlər Akademiyası» stansiyası, ikinci istiqamət keçmiş «Sovetski» küçəsi, üçüncü istiqamət isə Ali Sovetin qarşısı olub.

4. SUMQAYIT - «NASOSNI» MARŞRUTU

Gecə saat 12-yə qalmış həmin istiqamətdən də hərəkət edən qoşunlar həm Biləcəri yolunda qurulan barrikadanı uçuraraq bu qəsəbəyə, həm də Bakıya daxil olub. Biləcəri qəsəbəsində, «Şamaxinka» deyilən ərazidə və keçmiş «XI Qızıl Ordu», indiki «20 Yanvar» meydanında çoxsaylı ölənlər, yaralananlar olub.

5. XƏZƏR DƏNİZİNDƏ SOVET HƏRBİ DONANMASININ HAZIRLIQ ƏMƏLİYYATLARI

1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər. 20 yanvar deputat istintaq komissiyasının məlumatlarında deyilir ki, 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmalı idi. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır. Sonradan bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti həbs edilir.


MİLLİ MÜDAFİƏ ŞURASININ QARŞISI

Yanvarın 19-dan 20-nə keçən gecə gərginlik mərkəzlərindən biri də Milli Müdafiə Şurasının qərargahının qarşısı olub. Bu qərargah keçmiş «Leytenant Şmidt» adına zavodun mədəniyyət evində yerləşirmiş. Milli Müdafiə Şurasının üzvü Nemət Pənahlının deməsinə görə, Sovet qoşunları gecə 1-ə təqribən 15 dəqiqə işləmiş Milli Müdafiə Şurasının qarşısına gəliblər. Ancaq qoşun qərargahın önünə toplaşan insanları dağıda bilməyib. Bununla belə, binanın damına çıxan mülki insanlara atəş açılıb. Ölən və yaralananlar olub.

Komissiyanın məlumatına görə, həmin gecə üst-üstə 102 şəxs öldürülüb. Onlardan 42-si məhz barrikadalarda qətlə yetiriliblər. Bütünlükdə isə həmin hadisələr zamanı 132 nəfər öldürülüb, 744 nəfər isə yaralanıb.

XS
SM
MD
LG