Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:51

Yerli fermer niyə taxılını sata bilmir?


«Yerli taxılın 1 tonunu 184 manata alırıq. Ancaq Qazaxıstan taxılı 90 dollara satır».
«Yerli taxılın 1 tonunu 184 manata alırıq. Ancaq Qazaxıstan taxılı 90 dollara satır».
«Mən son 10 ilə yaxındır ki, taxılçılıqla məşğulam. Sonuncu dəfə 72 hektar əkmişəm. Məhsulumuz 300 tondan artıq oldu. 2008-də qiymətlər çox faydalı idi, amma ötən il çox ucuz oldu. 2009-da taxılın satışında problem yarandı. Çətinliklərlə rastlaşırıq. Mənim icarəmdə torpaq var, mən məcburam taxıl əkəm. İldə icarə haqqı olaraq vətəndaşlara 10-12 ton taxıl verirəm.

YERLİ TAXIL KEYFİYYƏTSİZDİR

10 ildir ki, taxıl əkib becərən Nəriman Ələkbərov kimi, qərb bölgəsində əksər təsərrüfatçılar taxılı sata bilməməkdən gileylənir. Deyirlər ki, hansı dəyirmana üz tuturlarsa, taxılın keyfiyyətsiz olmasını səbəb göstərərək almaqdan imtina edirlər və ya daha az alırlar.

Elə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov da deyir ki, qərb bölgəsindəki təsərrüfatçıların problemləri ilə yaxından tanışdır - dəyirmançılar laborator analiz edib, yerli taxılın keyfiyyətsiz olmasını deyirlər, ancaq laboratoriyalara heç bir fermer buraxılmır:

«Dəyirmanlar hamısı çox pul qazanmaq istəyir. Keyfiyyət söhbəti ola bilməz, fermer niyə keyfiyyətsiz taxıl istehsal etsin ki? Bir sahədə alaq otu ola bilər, bir sahədə xəstəlik ola bilər, amma kütləvi deyil. Dəyirmançıların xüsusi laboratoriyaları var. O laboratoriyalara bir nəfər fermer buraxmırlar. Analiz etdikləri nəticələrin surətini belə fermerə vermirlər. Bəhanədir, bununla dəyirmançılar pul qazanırlar».

BURADA ƏKİLƏN TAXIL KEYFİYYƏTLİ OLMALIDIR


Ziyad Abbasov
Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik və Bitki Mühafizəsi Kafedrasının müdiri Qurban Məmmədov da deyir ki, qərb bölgəsinin torpağı çox münbitdir və burada əkilən taxıl keyfiyyətli olmalıdır. Əsas odur ki, texnoloji qaydalara əməl olunsun:

«Burda əsasən şabalıdı torpaqlardır. Münbit şərait var. Ancaq becərilmə dövründə texnoloji proseslərə düzgün əməl etməliyik. Biz bitkinin potensial imkanını əldə edə bilək. Növbəli əkin tətbiq olunmalıdır. Davamlı əkin olanda, torpağın strukturu pozulur. Ehtiyat qida maddələri azalır».

«YERLİ TAXILIN 1 TONUNU 184 MANATA ALIRIQ. ANCAQ QAZAXISTAN 90 DOLLARA SATIR»

Gəncədəki «NEON» un və makaron fabrikinin müdiri Arif Həsənov təsdiqləyir ki, xaricdən daha çox taxıl alırlar. Amma deyir ki, yerli taxıl da almaq istəyirlər. Məsələn, bu il 15 min ton yerli taxıl alıblar:

«Təxminən 15 min ton yerli taxıl aldıq. Onlardan keyfiyyəti yaxşı olanlar da var, zəif olanlar da. Fermerlərin onları təmizləmə şəraiti yoxdur. Fermer əkəndə, aqrotexnika qaydalarına əməl eləmirsə, alaq otu olmasın deyə, Herbisid vurmalıdır. Daha çox xarici idxala üstünlük veririk. Yerli taxılın 1 tonunu 184 manata alırıq. Ancaq Qazaxıstan taxılı 90 dollara satır. Təbii ki, qazanmaq istəyirik».

Arif Hüseynov deyir ki, Sahibkarlara Milli Yardım Fondu tərəfindən «NEON» fabrikinə 1 milyon manat vəsait ayrılıb. Artıq taxılın təmizlənməsi və saxlanılması üçün anbar tikilir.

Fabrik müdiri deyir ki, baza tikiləndən sonra fermerlər taxıllarını təmizləyəcək və onlar da daha çox yerli taxıl alacaqlar.
XS
SM
MD
LG