Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:35

Yalnızlığın üzü necə olur?


«Bakı: yalnızlığın üzü» fotoessesindən foto
«Bakı: yalnızlığın üzü» fotoessesindən foto
Ötən həftə sonu fotoqraf Orxan Eypin «Bakı: yalnızlığın üzü» fotoessesinin video versiyasının nümayişinə dəvət alanda, həmən getmək qərarı verdim. Yalnızlığın üzünü görmək fürsətini heç qaçırardım? Düz saat 3-də fotofilmin nümayiş olunacağı Norveç İnsan Haqları Evində idim. Heyhat! Təqdimat 3-də deyil, 13-də imiş! Özümə təsəlli olsun deyə fotoqrafın telefon nömrəsini götürdüm. Elə həmin gün saat 18-də Orxan Eyp AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağıydı. 20 Yanvarla bağlı yazıların çoxluğu səbəbindən Orxanla söhbəti ertələdik. 5 gün tez, 5 gün gec—nə fərq edər ki? Bakı elə həmin Bakıdır—Orxan demiş, «Yalnızlığın paytaxtı…»

- Orxan, xoş gördük! Bir az özünü tanıdarsanmı?

- Orxan Eyp—fotojurnalist. Bu vaxta qədər ədəbiyyatla məşğul idim. Hazırda müstəqil fotojurnalistika ilə məşğulam.

- Soyadınızı eşidəndə, təəccübləndim. Eyp nə deməkdir?

- Xüsusi mənası yoxdur. Soyadımın qısaldılmış formasıdır.

- Soyadınız necədir ki?

- Eyyubov...

- Heç ağlıma da gəlməzdi ki, Eyyubov Eyp şəklinə düşə bilər.

- Olur. Adətən bütün böyük kəşflər, mən soyadımı böyük kəşf saymıram, mahiyyətinə görə kiçik şeylərdən ibarətdir.

- Təqdimatını keçirdiyiniz fotoesse...necə adlanırdı...Bakı...


- «Bakı: yalnızlığın üzü».

- Necə oldu Bakının məhz yalnızlığını gördün?

- Bakı doğulduğum, böyüdüyüm şəhərdir. Mənim anlamımdakı Bakı olduqca yalnızdır...yalnız...müharibədən əziyyət çəkmiş, qaçqınlar axınına uğramış, ekoloji fəlakət məskəni. Bir də neftin görünməyən üzü. Bir sözlə, öz kimliyini axtaran şəhər. Əslində yalnızdır, bir-biri ilə dil tapa bilməyən insanlarla dolub. Aramızdan sonsuz sərhədlər keçir və biz onu aşa bilmirik. Çalışdım bu layihədə Bakıya yalnızlıq tərəfindən baxım. Adi həyatda, insan sifətlərində o yalnızlığın kodunu tapım və foto dillə izləyiciyə çatdırım.

- Bu yalnızlıq axtarışı nə qədər sürdü?

- 6 aydan çox. 7 aya yaxın...

- Bəs yalnızlığı harada tapdın? Bakının hansı tərəfi səni çəkdi?

- Mənim anlamımda Bakı Bibiheybətdən başlayır. Lap dəqiqi Bibiheybət məscidindən. Gəmi tərsanələrində, köhnə gəmi qəbiristanlığında çəkilişlər apardım. Qala kəndində ekoloji fəlakət zonası var, neft artıqları var, oranı çəkdim. Düşünürəm ki, Bakı haqqında esse təkcə Qaladan ibarət olsaydı, mən Qala ilə də Bakını anlada bilərdim. Çünki Qala kiçik Azərbaycandır, Azərbaycanın bütün problemləri Qalanın içində var. Sonra, şəhərin mərkəzində çəkilişlər apardım—Nizami küçəsində, Fəvvarələr meydanında, Xəzər sahilində. Təbii ki, Bakının olmaz-solmaz yerlərində çəkilişlər oldu—Sovetskidə, Alatavada, Zərgərpalanda—Bakının mental hissələrində. Futbol öncəsi Bakı, stadion və matçdan öncə yaşanan xaos çəkildi. Şəhərin kənar məhəllələrində--Əhmədli, Günəşli, 8-ci kilometr, Hövsan yaşayış sahələrində oldum. Bakının başladığı və bitdiyi hər yerdə çəkilişlər apardım. Qapalı məkanlarda da şəkillər çəkdim—Daun sindromlu xəstələrin tədbirlərində, vərəm xəstəsi olan uşaqların dispanserində oldum. Şəhərin qıraq məhəllələrində yerləşirlər. Daha çox şəhərin coğrafi məkanını yox, içimizdəki, beynimizdəki Bakını, bizim üçün Bakını Bakı edən mövzuları göstərməyə çalışdım.

- Və bu iş yeddi ay sürdü...

- Əslində, bu işin 7 ay sürəcəyini bilmirdim, 1 aya tamamlamağı düşünürdüm. Amma yəqin ki, bir gün başqa layihələrlə yanaşı bu işə də davam edəcəyəm. Bakını foto albom kimi işləməyi düşünürəm.

- Təqdimat mərasimindən sonra fotojurnalistika və sənədli foto haqda maraqlı müzakirələr olacağını yazmışdınız. Oldu müzakirələr?


- Bəli, oldu, ümumiyyətlə Azərbaycanda foto sənəti, fotojurnalistikaya münasibətdən danışdıq. Problemləri müzakirə etdik. İstər Bakının problemləri olsun, istərsə də öz problemlərimiz, müəllif-izləyici arasındakı problemlər--hamısına toxunduq.

- Orxan, ölkədə foto sənətinin indiki durumu səni nə dərəcədə razı salır? Bu günlərdə 40 ilin fotoqrafı ilə söhbətləşdim. Deyirdi ki, ölkədə Fotoqrafçılar İttifaqı yoxdur. Var idi, yenə dağıldı...

- Mən heç bir təşkilatın üzvü deyiləm, maraqlanmıram da. Məncə, hər kəs öz xaçını özü daşımalıdır. Bütün bu təşkilatlar sovet dövrünün zərərli elementlərindən biridir. Dünyada bunun daha peşəkar formaları var. Məsələn, Fotojurnalistlər evi və ya jurnalistlər evinin nəzdində ayrıca qruplar. Onlar mobil şəkildə işləyirlər. Qaldı ölkədə fotojurnalistikanın durumuna, bu gün televiziyanın və internetin sayəsində artıq bu sənət öz əvvəlki mövqeyini itirib. Əgər 50 il əvvəl «Life» jurnalı və bu tipli nəşrlər insanların həyatına daxil olub, xarici ölkələr, onların həyatı barədə danışırdısa, artıq biz bunları TV və İnternet vasitəsilə edə bilirik. Əslində, bu bəlkə də fotojurnalistikanın xeyrinədir, müxtəlif sahələr açılır, sonsuz mübarizə gedir. Fotojurnalistlər mövzulara daha ciddi yanaşmaq məcburiyyətində qalırlar. Azərbaycana gəlincə, təbii ki, bu ölkədə fotojurnalistikadan danışmaq mümkün deyil. Bu çox bahalı sənətdir. Sırf texniki tərəfini götürsək, aparatlar, obyektivlər, nələr-nələr, çoxlu maliyyə tələb edir. Bir də, fotojurnalistika adətən, ağıllı cəmiyyətlərin məhsuludur. Məsələn, Niderland Azərbaycanın üçdə biri qədərdir. Amma dünya foto sənətinin mərkəzidir. Bizdə bu sənətin varlığından danışmaq mümkün deyil, çünki bu işlə 1-2 nəfər ciddi məşğul olur. Biz özümüzü çox tərifləyə bilərik, danışa bilərik, ancaq Azərbaycan bu gün dünya üçün çox maraqsızdır. Neft-qaz mövzusudur, qaçqınlar, Qarabağ savaşıdır. Bütün bunlar dünya üçün aktual deyil. Dünya heç Afrikanı düşünmür. Bu yaxınlarda dünyada məşhur bir jurnalın redaktoru mənə dedi ki, 6 il əvvəl biz Azərbaycan haqqında foto layihə işləmişik və yaxın 4 il ərzində bunu düşünmürük. Əgər fotojurnalist öz işini satmırsa, sata bilmirsə, həvəskara çevrilir. Çox çətindir. Ən böyük problem də odur ki, Azərbaycanda bu işə adekvat qiymət verən insanlar yoxdur. Jurnallar, dövlət orqanları, qeyri-hökumət sektoru bu işlə maraqlanmırlar. Biz xarici təşkilatlar, xarici jurnallar və təbii ki, Qərb üçün işləyirik. Bu gün Azərbaycanda fotojurnalistikanı tam yığışdırsaq, o mamontları-- yox olmaqda olan nəsli yığışdırsaq, inanın ki, ölkənin heç vecinə də olmayacaq. Təəssüf ki...

- Orxan, mən atüstü müsahibəyə görə sənə təşəkkür edirəm. İnanıram ki, bu bizim son söhbətimiz olmayacaq.

- Sağ olun.


P.S. Qaldı Yalnızlığın üzünə, Orxan Eyp şəkillərindən bir neçəsini saytımıza göndərib. Gerçək Bakı, «yalnızlığın paytaxtı» ilə sizləri başbaşa buraxıram.

XS
SM
MD
LG