Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

Ölümün təsviri problemi


«Vaşinqton Post» qəzeti özünün bazar günü sayında maraqlı bir məsələni müzakirə edən yazı dərc edib. Məlum olub ki, qəzetin Haiti zəlzələsi ilə bağlı dərc etdiyi bir çox şəkillər oxucuların bir qismi tərəfindən çox neqativ qarşılanıb. İnsan ölümünün, çürüyən meyitlərin, parçalanmış insan cəsədlərinin qəzetdə dərc edilməsi bir çox oxucuların qəzet qarşısında etik məsələ qaldırması ilə nəticələnib. Belə şəkilləri dərc etmək nə dərəcədə düzgündür?

Qəzetin ön səhifəsində yer almış şəkillərdən birində belə bir səhnə təsvir olunmuşdu: bir kişi daş qalaqları altından çıxır, yanında isə əzilib ölmüş balaca qız cəsədi var. «Vaşinqton Post»un oxucularından Rus Hartman yazır: «Məncə əzilib ölmüş uşağı göstərmək düzgün redaktor siyasəti deyil. Daha müsbət olardı ki, yaralanmış və ətrafdakı adamların kömək etdiyi uşaq surəti göstərilsin».

Digər oxucu Kris Pauers yazır: «Mən fotojurnalizmdə realizmin əleyhinə deyiləm. Amma mən sensasiya dalınca qaçmağın və ön səhifədə beyin çevirən şeyləri dərc etməyin əleyhinəyəm, çünki ön səhifədə çap olunan şeylərə baxmamaq mümkün deyil».

Qəzetin mövqeyini izah edən yazar Andrü Aleksander qeyd edir ki, qəzetlər üçün ölümün təsvirində sərhədi müəyyənləşdirmək həmişə çətin problem olub. Müəllif dərhal da daha bir oxucunun - Ohayo Universitetinin Vizual Kommunikasiya Məktəbinin direktoru Terri Eyerin bu mövqeyə münasibətini qeyd edir: «Rəqəmlərin dəhşətli olduğu Haitini təsvir edərkən insan cəsədlərini göstərmədən keçinmək olmur, amma ortada zövq və əxlaq məsələsi də var... və məncə hamı məhz bu məsələ üzərində baş sındırır».

«Vaşinqton Post»un foto direktoru Maykl du Sille isə qeyd edir ki, şəkilləri dərc edərkən məqsəd qrafik görsəntilərin şok effektindən yararlanmaq deyil. Qəzetin şəkil redaktoru Bonni Co Maunt konkret olaraq ölmüş qız və dağıntı altından çıxan kişi şəklini şərh edərək deyib ki, həmin materialın məhz ön səhifədə verilməsi bir mesaja xidmət edib: Faciədən sonra da həyat var. Qalaqlanan insan cəsədləri və digər bu kimi qrafik şəkillərin qəzetin internet səhifəsində yerləşdirilməsi isə xüsusi xəbərdarlıq qeydi ilə müşayiət edilib ki, baxmaq istəməyənlər baxmasın.

Milli Mətbuat Fotoqrafları Assosiasiyası üçün dərc edilən Xəbər Fotoqrafı jurnalının redaktoru Donald Uinslou isə deyir ki, məsələnin vacibliyini əhalinin diqqətinə çatdırmaq baxımından ölmüş uşaq şəklindən effektiv heç nə ola bilməz. Uinslou deyir ki, adətən media qrafik ölüm şəkillərinin dərcindən ona görə çəkinir ki, həmin şəkillərin təsadüfən ölənlərin qohumları tərəfindən görülməsi və bunun yarada biləcəyi şokdan ehtiyat edir. Haitinin ABŞ-dan məsafə uzaqlığı bu təhlükəni aradan qaldırmış oldu.

Yekunda qəzet yazır ki, oxucular pul verib aldığı qəzetdən şikayət etməkdə həmişə haqlıdırlar və qəzet də bu narahatlıqları azaltmaq üçün şəkil dərcindən əvvəl yuxarıda təsvir edilən müzakirələri aparıb və bəzi ölçülər götürüb. Lakin, «jurnalizm həqiqət haqqındadır və dəhşətli şəkillər reallığı əks etdirir. Fotolar, hətta narahatedici fotolar bizim emosialarımıza təsir etmək üçündür». Qəzet oxuculara cavab-məqaləni Uinsloudan bir sitat gətirməklə bitirir: «Sözlər insanları düşünməyə vadar edir, şəkillər isə insana olanları hiss etdirir».
XS
SM
MD
LG