Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 21:46

Obama üçün pis xəbər


Barak Obama
Barak Obama
Barak Obama prezidentliyə müharibə əleyhdarı kimi başlamışdı. Çərşənbə günü Konqresdəki çıxışında o bildirib ki, həm İranda, həm də Əfqanıstanda müharibə sona çatmaq üzrədir.

Hakimiyyətinin ilk ilində Əfqanıstana əlavə 30 min qoşun göndərmək kimi məsuliyyətli qərar qəbul etsə də, indi Obama müharibənin sona yaxınlaşdığına əmin olduğunu bildirir:

«Biz Əfqanıstanda qoşunların sayını artırırıq. 2011-ci ilin iyulundan təhlükəsizliyi yerli əfqan qüvvələrinə təhvil vermək üçün onları hazırlayırıq. Bizim hərbçilərimiz öz ölkələrinə qayıda biləcəklər».

«MƏN İNDİ BUNA NAİL OLURAM»

İraqa gəlincə isə, lap əvvəldən, hələ İllinoys ştatında senator olanda, o İraq müharibəsinə qarşı çıxırdı. İndi Obama İraqda müharibənin başa çatmaq üzrə olduğunu deyir:

«Mən prezidentliyə namizəd olanda, müharibəyə son qoyacağıma söz vermişdim. Mən indi buna nail oluram. Avqustun sonlarında bizim hərbçilərimiz vətənə qayıdacaqlar».

Barak Obama Konqresdəki çıxışında xarici siyasət sahəsindəki daha bir uğuru da xüsusi vurğulayıb. Bu, 1991-ci ildə imzalanmış və bu günlərdə qüvvəsi başa çatmış o vaxtkı SSRİ ilə ABŞ arasındakı strateji silahların ixtisarına dair müqavilənin yenilənməsidir. Çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, yeni müqavilə bir neçə həftəyə imzalanacaq.

Obama Konqresdəki çıxışının xeyli hissəsini isə Amerikanın iqtisadiyyatına həsr edib. Ekspertlərin sözlərinə görə, Birləşmiş Ştatların iqtisadiyyatında durğunluq dövrü artıq başa çatıb. Lakin işəgötürənlər hələ də yeni işçiləri işə götürməkdə tərəddüd edirlər. Bunu nəticəsidir ki, Amerikada işsizlik 10 faizi keçib. Amerikalıların çoxu Obamanı keçən il səylərini daha çox səhiyyə, İraq və Əfqanıstan müharibəsinə yönəltməkdə günahlandırırlar.

Prezidentliyə başlamasının bir illiyi ilə bağlı keçirilmiş rəy sorğularında isə insanlar Obamanın fəaliyyətini yarıbayarı pis və yaxşı kimi qiymətləndiriblər. Bu, Obama üçün pis xəbərdir. Çünki prezidentliyə başlayanda 50 faiz yox, 75 faiz onu dəstəkləyirdi.

ADAMLAR CANA DOYUBLAR

Nyu-York Universitetinin siyasi elmlər üzrə professoru Robert Spitzer deyir ki, elə buna görə də Obama illik çıxışının böyük bir hissəsini iqtisadiyyata həsr edib, yeni iş yerləri yaratmaq üçün görəcəyi işlərdən danışıb.

Spitzer deyir ki, amerikalılar son illər ölkənin siyasi gündəminin İraq və Əfqanıstanla məşğul olmasından cana doyublar. Adamların öz problemləri var, istəyirlər hökumət bu problemlərlə məşğul olsun. Bununla yanaşı professor etiraf edir ki, Obamanın fəxr edə biləcəyi uğurları olub. Ancaq siyasi cəhətdən ikiyə bölünmüş Konqreslə birgə iqtisadiyyatı dirçəltmək üçün çalışmasa, onun bu uğurları seçicilərin gözünə görünməyəcək.
XS
SM
MD
LG