Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:28

«Azərbaycanla Türkiyə arasında razılaşmanın hələ də əldə edilməməsi bizi məyus edir»


Riçard Morninqstar
Riçard Morninqstar
«Türkiyə ilə Azərbaycan arasında qaz nəqli üzrə razılaşmalar yubanarsa, bu, Cənub Dəhlizinin əsas elementi üzrə imkan pəncərəsinin qapanmasına səbəb ola bilər».

Bu sözləri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar deyib.

Amerika İnkişafı üçün Mərkəzin «Obama administrasiyasının Avrasiyada enerji siyasəti» mövzusunda təşkil etdiyi konfransda çıxış edən səfir Morninqstar deyib ki, ABŞ Xəzər regionundan təbii qazı Avropaya daşıyacaq yeni Cənub Dəhlizini dəstəkləyir:

«Bu dəhlizdə «Nabucco» və Türkiyə-Yunanıstan-İtaliya birləşdiricisinin olması nəzərdə tutulur. Bunların hər ikisi strateji baxımdan önəmlidir və Avropaya yeni təchizat marşrutları açır. Cənub Dəhlizi Qafqaz və Mərkəzi Asiya xalqlarına da həm iqtisadi qazanc, həm də Avropa ilə ortaq maraqlar çərçivəsində uzunmüddətli əməkdaşlıq imkanı açır».

Riçard Morninqstar deyir ki, hazırda Obama administrasiyasının diqqəti iki məsələyə yönəlib - Türkiyə və Azərbaycan arasında «Şahdəniz» qazı üzrə razılaşmanın təmin olunması və Mərkəzi Asiya, Orta Şərqdəki istehsalçı ölkələri dəhlizi qazla təmin etməyə həvəsləndirmək:

«Cənub Dəhlizinin konsepsiyasından ən çox yararlanmalı olan ölkələr qazın dəhlizlə nəqli şərtlərində iqtisadi baxımdan yararlı və hər tərəfi razı salan anlaşmalar əldə etməsələr, onda bu konsepsiyanın mənası yoxdur. Buna görə də «Şahdəniz» qazının alınması və tranziti üzrə Azərbaycan ilə Türkiyə arasında razılaşmanın hələ də əldə edilməməsi bizi məyus edir. Hər iki ölkə Birləşmiş Ştatların dostlarıdır və biz onların danışıqlarında tərəf tutmaq istəmirik. Amma bu məsələdə yubanmalar Cənub Dəhlizinin əsas elementi üzrə imkan pəncərəsinin qapanmasına səbəb ola bilər. Bunun tərəflərdən hansı birininsə işinə necə yarayacağını görməkdə çətinlik çəkirəm. Biz inanırıq ki, tərəflər razılaşma əldə edəcəklər. Ümid edirik ki, bu tezliklə baş verəcək. Beləliklə də Cənub Dəhlizinin əhəmiyyəti zərbə altına düşməyəcək».

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev «Wall Strit Journal» qəzetinə müsahibəsində «Nabucco» layihəsi yubanarsa, Azərbaycanın Rusiyanın «Qazprom»» şirkətinə daha çox qaz satacağını deyib.
XS
SM
MD
LG