Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:09

Jurnalistin türmə gündəliyi-3 (Qusik)


“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

Jurnalistin türmə gündəliyi-1

Jurnalistin türmə gündəliyi-2

Tezos: İKİ AYAQLI VƏ İKİARVADLI BOZ QURD

Aprelin 14-dən dünya zəhmətkeşlərinin həmrəyliyinə qədər Hüseynalı İbrahimovla – qısaca isə Qusiklə bir kamerada güzəran keçirdim. Həbsimin ən şən və deməli ən kolorit dövrü məhz bu günlərə düşür.

Qusik elə tip adamlardandır ki, onların cəmiyyətində ifrat melanxoliklər belə darıxa bilməz.

37 yaşlı bu adamın kompakt bir pəhləvan cüssəsi, boks əlcəkləri formasında, amma kələ-kötür pəncələri vardı (ən ötəri baxışla yumruqlarının avanqard sahələrində neçə-neçə bədbəxtin – lətifəsi sizdən uzaq – yerindən oynadılan ənginin, sınan dişlərinin, partlayan dodaqlarının nişanələri görünürdü).

İçəri girən kimi özünü “Boz qurd” (mətndə bundan sonra BQ kimi verilir) qismində təqdim etsə də, millətçilik ideologiyasından yalnız bir müddəa ilə tanışlığı vardı.

BQ rəmzi ilə bağlı olan həmin müddəanı isə son illər məktəb yaşlı oğlanlar da əzbər bilirdilər – qurd, digər vəhşi heyvanlardan fərqli olaraq əhliləşmir, sirkdə çıxış etmir, onu ayı kimi bircə konfetə, şir kimi kiçik bir ət parçasına rəqs etməyə məcburlaya bilməzsən.

Qusikin siyasi mənsubiyyətindən xəbər verən bir vərdişi də vardı – gün ərzində orta hesabla 17 dəfə hansısa naməlum şeirin “Gözləri yanar boz canavar!” misrasını Zəlimxan Yaqub ehtirası ilə təkrar edər və hər belə “poeziya” anından sonra 3 siqaret çəkərdi.

Qusikin harada işləməsi, nə ilə məşğul olması mənə qaranlıq qaldı. Zənnimcə, heç çekistlər də bu məsələni özləri üçün aydınlaşdıra bilmədilər.

Xüsusi təəccüblə qeyd etmək istəyirəm ki, kamera yoldaşımın fantastik sürətlə yazı oxumaq qabiliyyəti də vardı.

Yoğun-yoğun kitabları düşbərə kimi “lupp!” - udurdu. Əvvəl elə bilirdim ki, onları hissə-hissə oxumaqla kifayətlənir (bir az əvvəlindən, cüzi ortasından, azcana da sonundan – orta məktəbdə, yoxlama inşalar ərəfəsində mən həmişə belə edərdim).

Amma dərinə gedəndə məlum oldu ki, Qusik həqiqətən olduqca iti qiraət bacarığının sahibidir.

Jurnalistlərin həbsi ilə bağlı qəzetlərin qaldırdığı haray-həşirdən (vəkili hər gün onunla görüşə gələndə yeni qəzetləri də gətirirdi) özünəməxsus tərzdə gileylənər, çox məntiqli sual verərdi:

- Mən baş açammıram, - deyərdi, - bu ölkədə, deyən, elə ancaq jurnalisti tutmaq qəbahət sayılır? Belə çıxır ki, o biriləri – voyenniləri (özünü nəzərdə tutur), şoferləri, ministrləri nə qədər tutursunuz-tutun, bircə jurnalistə toxunmayın, hay? Düz demirəmmi, bə bizdən niyə yazmırlar?

Özü ilə bərabər Qusikin şəxsi maşınını da həbs edib MTN-nin həyətində saxlayırdılar. Kameramızın pəncərəsindən baxanda Qusikin maşınını da görmək olurdu.

Həyətdən bir balaca səs-küy gələn kimi Qusik pəncərəyə qalxar, maşınını yoluxmağa tələsərdi. Bu zaman tez-tez: “Ə, yavaş, maşınımı əzdiniz!” və ya “Ə-ey! Maşından belə dur!!!” deyə qışqırardı.

MTN-nin daxili həyəti SİZOniyadakı dustaq üçün əməlli-başlı bir aləm idi. Kasad təcrid mənzərələrindən bəlkə də ən rəngarəngi adam boyu hündürlüyündə yerləşən hücrə pəncərəsindən dustağın gözünə görünən bu həyət idi.

Təsadüfi deyil ki, türmə qeydlərimin bir çox epizodları MTN-nin əzəmətli binasının bətnindəki həmin meydançayla bağlıdır.

O cümlədən Qusiklə olan xatirələrim də.

Tez-tez həyətdə MTN əməkdaşları üçün səyyar bazar təşkil olunurdu.

Həyətə girən yük maşınının yedəyindən gah meyvə, gah da tərəvəz satılırdı.

Çekistlər əllərində torba növbəyə düzlənirdilər.

Belə bazar vaxtlarında Qusik macal tapıb kamerada əlinə keçən soğandan, sarımsaqdan və ya pomidordan düz həyətə, növbəyə tərəf vızıldadar, dərhal da pəncərədən düşüb çarpayısına uzanardı.

Mütləq də əlinə kitab alıb professor ciddiliyi ilə gözlərini onun səhifələrinə zilləyərdi.

Kənardan baxan ömründə deməzdi ki, belə bir “obrazovonski” adam, kitabı elə bir əda ilə tutan Qusik bircə saniyə əvvəl Tarzan kimi barmaqlıqlardan sallanıb çekistlərin başına meyvə-tərəvəz atırdı.

MTN əməkdaşlarının “soyuq qafalarını” Qusikin “Voroşilov atıcılığının” sınaq meydanına çevirdiyi həyətin başqa bir xüsusiyyəti də var idi.

Burda daim təmir işləri aparılırdı.

SİZOniyada qaldığım 8 ayın 8-də də MTN-nin həyətindən çilingər dəzgahlarının uğultusu, dəmir-dümür səsi, fəhlələrin söyüşməsi əskik olmadı.

Həyət böyük idi.

Pəncərədən məhbusun nəzərlərinə çatan onun yalnız kiçik bir parçası idi.

Ona görə də təmir işlərinin ancaq səsini eşidir, kimin nəyi və necə yapmağını görmürdük.

Amma fəhlələr o qədər bir-birini haraylayırdılar ki, hamısının adını əzbər bilirdik.

Hərdən elə olurdu ki, fəhlə həyətin bu başından o biri başda olan yoldaşını çağırırdı, amma cavab almırdı. Belə hallarda Qusik mütləq məsələyə qarışmağı özünə borc bilərdi.

- Əlməmməd! Əlməmməd, oy Əlməmməd! – deyə yoldaşını çağıran fəhləyə Qusik pəncərədən hay verərdi:

- Hoy, nədi, ə?!

- Ə, canına azzardı, ştapseli nejelədin?!

Qusik boğazını arıtlayıb yenidən hayqırtı-cavabını qaytarardı:

- Məndədi!

- Ə, ay avara, tez elə gəti bura!

- Yaxşı!

Bir neçə dəqiqədən sonra fəhlə yenidən, amma bu dəfə burnunu gicitkan dalayan ayı kimi qəzəblə böyürərdi:

- Əlməmməd! Oy Əl-məm-məəəəd!!!

Belə dələduzluqları Qusik böyük məmnuniyyətlə, bir növ ilhamla həyata keçirərdi.

Təsadüfi deyil ki, hələ məktəb çağlarında aldığı ilk “istehsalat zədəsinin” səbəbi məhz xarakterinin nadincliyi olub.

Anatomiya dərsi deyən Mənaf müəllimi elə qəzəbləndirib ki, yazıq pedaqoq lap Makarenkonu yadından çıxarıb, əvəzində isə sinifdəki sobanın maşası gözünə sataşıb.

Nə az, nə də çox – 7 dəfə dəmir maşanı çırpıb Qusikin başına, tifilin kəlləsi 7 yerdən yarılıb.

Amma yuxarıda sadaladıqlarım səhnələrdən heç biri Hüseynalı İbrahimovun bioqrafiyasının ən parlaq səhifəsi adına layiq deyil.

Bu fəxri titulu tam hüquqla onun həbsi epizoduna vermək lazım gəlir.

Qusiki martın 20-də küçədə həbs etmişdilər. 30-a yaxın maskalı əsgər üstünə şığıyıb onu avtobusa mindirmiş, başçıları tapançanı gicgahına dirəyərək: “Tərpəndinmi, atıram!” söyləmişdi.

Lüləsinin altında qumbaraatan olan avtomatla silahlanan bu maskalı əsgərlər hər şeydən göründüyü kimi respublikanın elitar dəstələrindən birinin üzvləriydilər.

Çünki belə bahalı silahlar hər hətərən-pətərən “spesnaz”a verilmir.

Elitar, qeyri-elitar, amma Qusikin dediyinə görə, onlara heç qoyun güdməyi də etibar etməzmiş. Belə ki dəstəbaşıları silahının lüləsini onun gicgahına dirəyəndə gözünün ucuyla ayıra bilib ki, tapança heç qoruyucu rejimdən (predoxranitel) çıxarılmayıbmış.

Bizim hüquq-mühafizə orqanlarının işi aləmə bəyandır: əvvəl adamı tutur, sonra onun günahı haqqında dəlil-sübut toplayırlar (“düzüb-qoşurlar” desək imanımızı yandırmaq ehtimalı daha az olar).

Çox zaman isə tutduları adamı hansı maddə ilə suçlandıracaqlarını heç əvvəlcədən bilmirlər.

“Allah kərimdi, bir şey fikirləşərik” düşünürlər.

Güman etmək olar ki, Qusiki tutanda çekistlər onun üstündə silah olacağına çox ümid bəsləyiblər. Amma ümidləri doğrulmayıb.

Sonra ümidlərini onun personasından maşınına, oradan mənzilinə, daha sonra qohumlarına və onların evlərinə keçiriblər.

Yenə bir şey tapmayıblar. Bir müddət keçəndən sonra Qusikin evinə ikinci dəfə axtarışa gəliblər.

Bu da bir bəhrə verməyəndə naçar çekistlər başlayıblar onun 5 yaşlı qızı Səbinəni silistə çəkməyə:

- U papı yest pistolet?

- Da, yest! – deyə çağa şifonerdən bir qara tapança çıxarıb qoyub stolun üstünə.

Gözlərində sevinc işıltısı parıldayan müstəntiqlər silahı əllərinə alanda görüblər ki, suatan uşaq oyuncağıdır.

Nəhayət hər şeydən və hər yerdən əlləri üzülən MTN əməkdaşları elə həngamə ilə həbs etdikləri, aylarla SİZOniyada saxladıqları Qusikə...

...Hansı maddə ilə ittiham irəli sürsələr yaxşıdır?

Yazacağam, inanmayacaqsınız, bir aprel zarafatı sayacaqsınız, bilirəm. Amma məndən yazmaq: İKİARVADLIQ!

Qusikin əhvalatına doyunca güləndən sonra məni dərin bir təəssüf hissi götürdü ki, dünya yumor antalogiyasına layiq olan belə bir məzəli süjeti çap eləmək imkanından məhrumam.

Əsl “Artezian”lıq duzlu bir material idi, öz ayağı ilə gəlib hücrədə məni tapmışdı.

Ümumiyyətlə, SİZOniyadan qabaqlar da həmişə belə olurdu: mən materialın dalınca qaçmaq əvəzinə, onların özləri gəlib bəndənizi haqlayırdı.

Məcbur olub “Artezian”ın səhifələrini belə materiallarla bəzəyərdim. Amma indi? Burada qəzet hazırlayası deyiləm ki?! Niyə də yox?!

“Artezian”ın təcridxana nəşrinin avantürist ideyası ağlıma bax beləcə gəldi. Onun səbəbkarı və ilk oxucusu Qusik idi...

(Davamı gələn bazar ertəsi – “Çeşmə”çi zindanda qəzet buraxır...)
XS
SM
MD
LG