Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:47

Nobel ödüllü yazıçı Britaniyanı “terrorçu inkubatoru” adlandırdı


Nobel ödüllü Nigeriya yazıçısı Vole Soyinka Britaniyanı radikal islamçılar yetişdirən “terrorçu inkubatoru” adlandırıb.

Yazıçını narazı salan odur ki, əslən Nigeriyadan olan tələbə Umar Faruk Abdulmutallabın milad bayramı zamanı Amerikada təyyarə partlatmağa cəhd etməsindən sonra ABŞ Nigeriyanı terrorçuların yetişməsinə şəraitin olduğu ölkələr siyahısına salıb.

Yəni Əfqanıstan, Somali, Yəmənlə eyni siyahıya.

Yazıçı əmindir ki, Abdulmutallab heç də Nigeriyada radikallaşmayıb, terrorçulara ali təhsil aldığı Londonda qoşulub.

Soyinka Qərb ölkələrində terror aktları törətmiş bir neçə başqa Afrika əsilli şəxsə də eyni cür yanaşılmasının tərəfdarıdır və hesab edir ki, onların radikallaşmasında Londondakı yaşamaqlarının birbaşa təsiri olub.

“Əgər Nigeriya ABŞ-ın həmin siyahısına uyğun gəlirsə, onda Britaniya uyğun gəlməkdən də "o yana keçir”.

Soyinkanın fikrincə, Afrika əsilli gənclər Britaniyadakı bəzi məscidlərlə bağlı olan müsəlman məktəblərində İslam təməlçilərinin təsiri altına düşür və orada onlara başqa dinlərə nifrət aşılanır.

Yazıçı Britaniyanın müsəlman mühacirlərə açıq cəmiyyət prinsiplərinə uyğun olaraq sığınacaq verdiyini anlayır, amma onun fikrincə, bu məsələdə məsuliyyət də yaddan çıxmamalıdır.

Vole Soyinka Nobel mükafatına 1986-cı ildə layiq görülüb.

Onun əsərlərində Nigeriya hökuməti açıq şəkildə tənqid edilir, 1960-cı illərdəki vətəndaş müharibəsi zamanı o, 2 illiyinə həbs edilib.

Daha sonra Soyinka mühacirətə gedib və hazırda Amerikada yaşayır.
XS
SM
MD
LG